Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq

May ayının gəlişi ilə artıq bazarlarda bir sıra mövsümi meyvə və tərəvəzlərin artmasını müşahidə edirik. Lakin təqdim olunan məhsulların, xüsusən pomidor və xiyarın qiymətində ciddi ucuzlaşma müşahidə olunmur. Bir çoxları bunun hava şəraitinin dəyişməsi ilə əlaqəli olduğunu deyir.

Bəs görəsən, bazarda mövsümi meyvə və tərəvəzlərin qiyməti nə vaxt ucuzlaşacaq? Ümumiyyətlə, bu il məhsul sarıdan bolluq müşahidə olunurmu?

Musavat.com xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, hazırda bazarda satılan mövsümi bitkilərin əksər hissəsi istixanalarda əkilən məhsullardır:

“Açıq havada pomidorun yetişməsi üçün havanın temperaturu 28, xiyarın yetişməsi üçün isə 23-24 dərəcəni keçməlidir. Havanın temperaturu bu həddə çatdıqdan sonra da tərəvəzlər dərhal yetişmir. Bunun üçün ən az 1 ay vaxt lazımdır. Hazırda bazarlarda təqdim olunan meyvə və tərəvəzlərin demək olar ki, hamısı istixana məhsullarıdır. Bəzən havanın temperaturu qalxdıqda istixanaların üzəri açılır və bu zaman məhsulun satış qiyməti müəyyən qədər aşağı düşür. Açıq havada mövsümi məhsullar yetişən kimi təbiidir ki, bazarda bolluq və ucuzluq yaranacaq. Amma məsələn alça kimi meyvələr istixana şəraitində yetişdirilmədiyi üçün bu məhsulun qiyməti günbəgün ucuzlaşmağa başlayır. Mövsümi meyvələr adətən bollaşaraq ucuzlaşır. Ona görə də hesab edirəm ki, təxminən may ayının sonuna doğru həm meyvələrin çeşidi çoxalacaq, həm də qiymətləri ucuzlaşacaq”.

Ekspert bu il bolluğun müşahidə olunduğunu və qiymətlərin yaxın vaxtlarda daha da ucuzlaşcağını qeyd edib:

“Son günlər havanın nisbətən sərinləşməsini müşahidə edirik, bu tendensiya təxminən ayın ortasına kimi davam edə bilər. İqlimin bu cür dəyişməsi kənd təsərrüfatı üçün əlverişsiz hava şəraiti sayılır. Buna görə də, məhsulların bazara çıxarılması bir qədər gecikir. Məsələn, bəzi rayonlara dolu yağıb və artıq həmin rayonlarda açıq havada əkilən bitkilər yenidən əkilməlidir. Bu baxımdan hava şəraiti qiymətlərə və məhsuldarlığa ciddi təsir edir. Mən hesab edirəm ki, bu il bolluq olacaq və meyvə-tərəvəzlərin qiymətləri bəlkə də, ötən ilkindən bir qədər aşağı qiymətə təklif olunacaq. Bu ilin qışı bizə bolluq vəd edir. Ona görə hesab edirəm ki, bir-neçə həftəyə qiymətlər daha da ucuzlaşacaq”.

06.05.2024 17:25
1681