Əhaliyə BƏD XƏBƏR - Bu məhsulların qiymətləri BAHALAŞACAQ

“Yeni İl yaxınlaşdıqca, görəcəyik ki, ərzaq məhsulları və digər məhsullar da bahalaşacaq”.

Musavat.com xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında Azərbaycan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

İqtisadi-ekspert Yeni il ərəfəsində paytaxtda qurulan bayram yarmarkalarında satışa çıxarılan yolkaların və bəzi Yeni il aksesuarların qiymətinin hədsiz dərəcədə baha olmasının səbəblərini izah edib.

Xatırladaq ki, paytaxt bazarlarında və yarmarkalarında satılan Yeni il yolkalarının qiyməti boylarına görə dəyişir. Qiymətlər isə əsasən, 12 manatdan başlayaraq, 700-2000 manat arasında dəyişir.

Məsələyə münasibət bildirən mütəxəssis isə söyləyib ki, rəqabətli bazardakı sahibkar öz rəqibini izləyir, onu müşahidə edir və rəqibə üstün gəlmək üçün hər an imkan axtarır:

“O, ya keyfiyyəti yüksəltmək, ya da qiyməti endirməyi hədəf olaraq qarşısına qoyur. Yəni ənənəvi rəqabət üsulları bunlardır və digər amillər də bu iki məsələnin üzərində qurulur: keyfiyyət və qiymət. Ona görə də rəqabətli bazarda dövriyyə artanda sahibkarın gəlirləri də artır. Biri var, sahibkar 10 məhsul sata, biri də var ki, 100 məhsul. Əlbəttə ki, 100 məhsul satanda daha çox qazanır və belə olan halda qazancının bir hissəsini güzəştə gedir ki, bununla rəqibin üzərində üstünlük qazansın. Ona görə də dövriyyə artanda onlar qiyməti aşağı salır”.

“İndi isə gəlin rəqabətsiz – inhisarçı bazara baxaq. İnhisarçı bazarda isə sahibkar rəqibi yox, yalnız dövriyyəni müşahidə edir. Dövriyyə artan kimi sözsüz ki, özünün də gəlirləri artır. Lakin inhisarçı bazarın sahibkarı düşünmür ki, artan gəlirlərinin bir hissəsini güzəşt etsin, qiymətləri aşağı salsın və s. Çünki onun bazarda rəqibi yoxdur. İnhisarçı sahibkar düşünür ki, dövriyyə artıbsa, qiymətləri də bir qədər artırıb daha çox qazansın. Bunlar ümumi məsələdir”, – deyə o, əlavə edib.

Ekspert iddia edib ki, Avropa ölkələrində bayramqabağı qiymətlər aşağı düşəndə Azərbaycandakı qiymətlər kəllə-çarxa qalxır:

“Fərqimiz buradadır. Həmçinin bu amil təkcə Yeni il yolkalarına və aksesuarlarına aid deyil. Biz Yeni il yaxınlaşdıqca, görəcəyik ki, ərzaq məhsulları və digər məhsullar da bahalaşacaq. Yuxarıda izah etdiyim mexanizm Azərbaycanda bütün məhsulların üzərində işləyir. Hansı məhsulun dövriyyəsi artacaqsa, eləcə də satışı genişlənəcəksə, o məhsulun qiyməti də artacaq.

İndi Yeni il qabağıdır və hamının tələbatı odur ki, evinə yolka alsın. Bakıda 3 milyon əhali yaşayırsa, bu da 1 milyon ailə, o cümlədən 1 milyon yolka və aksesuar deməkdir ki, sahibkarlar da bundan istifadə edib daha çox qazanırlar. Məhz buna görə də qiymətlər hədsiz dərəcədə artır”

17.12.2023 08:30
2724