Deputat Razi Nurullayev Milli Məclisdəki büdcə müzakirələri zamanı çıxış edib.
Musavat.com xəbər verir ki, o, dövlət büdcəsinin artımını Qarabağın yenidən qurulması yönündə olması baxımından dəstəkləyir:
“Büdcəmiz ildən-ilə artır, hesabatlar günü-gündən gözəlləşir, rəng çalarları daha cəzbedici olur, amma real həyatımızda gördüyüm sosial dəyişiklik zəifdir. Əgər işsizliklə bağlı ayda yüz nəfər müraciət edirdisə, indi o rəqəm daha da çoxdur. Sosial yardımla bağlı müraciətlər də çoxalıb, nəinki azalıb. Sosial xidmətlərlə bağlı işi isə qeyri-qənaətbəxş hesab edirəm. Xüsusən də həm Sosial Xidmətlər Agentliyinin, həm də Dövlət Sosial Müdafiə Fondunun büdcə xərcləmələrində xeyli səmərəsizlik və yanlışlıq görürəm. Yanaşmaları yanlışdır, canyandırmaları isə diplomatların soyuqqanlığından da böyükdür”.
R.Nurullayev bildirib ki, sosial sahədə çalışan gərək mərhəmətli olsun, kövrək olsun, qəlbi vətəndaşın qəlbi ilə döyünüb onun qəlbi kimi yansın:
“Vallah, bunu görmürəm. Əgər hər şey gözəldirsə, hər şey yaxşıdırsa, niyə şikayətlər azalmır, daha da çoxalır? Belə çıxır ki, büdcə vəsaitlərini xərcləyən bir sıra icra qurumları vəzifəsinin öhdəsindən gəlmir, vəsaiti yəqin ki, başqa məqsədlərə yönəldir, narazılıqların azaldılması üçün konkret addımlar atmır, vəzifə borcunu minnətlə yerinə yetirir, vətəndaşların haqlı müraciətlərinə laqeyd yanaşır və konkret olaraq nələrsə umur. Bunlar yolverilməzdir və bir sıra icra strukturları konkret olaraq narazılıqlar istehsal edib cəmiyyətimizə idxal edir. Bunun isə əzabını biz hamımız çəkirik”.
Deputat bildirib ki, bir neçə konkret narahatlıqları var:
“İş yerlərinin açılması ilə bağlı duzlu-istiotlu hesabatlar açıqlanır, bəs bağlanan iş yerləri? Bağlanan şirkətlər, küsüb kənara çəkilən adamlar xeylidir və aldığım məlumatlara söykənib demək istəyirəm ki, bağlanan iş yerləri az qala açılan iş yerlərini üstələməyə başlayıb. Bunun cavabı varmı? Büdcə vəsaitlərinin xərclənmə effektivliyinin yoxlanılması ilə bağlı digər mexanizmlər üzərində işlənilmlidir. Çünki, hazırkı monitorinq mexanizmləri aysberqin görünən hissəsinə işıq salır. Digər tərəfləri qaranlıq qalır və heç zaman Günəş görmür. Bunları ayrıca aidiyyatı məmurlarla faktlar üzrə müzakirə etmək istəyirik. Büdcə xərclərinin səmərəlilik faizi zəifdir. Nəzarət və monitorinq mexanizmləri əsaslı şəkildə təkmilləşdirilməlidir”.
E.Paşasoy,
Musavat.com