“Əgər bir ay oruc tutub sonra araq içirsə...”

Məlum olduğu kimi, artıq Ramazan ayının sonuncu günündəyik. Bu müddət ərzində bir sıra insanlar dindar olmasalar belə oruc tutaraq, bu yolla Allaha ibadət ediblər. Ancaq onların içində zaman-zaman məclislərdə, xoş günlərdə alkoqollu içki içənlər də var.

Maraqlıdır, bir ay ərzində içkidən, siqaretdən uzaq qalan adamlar niyə bu pis vərdişləri birdəfəlik tərgitmirlər? Yaxud bir ay ərzində sadalananlardan uzaq qalmağı necə bacarırlar?

Musavat.com bildirir ki, yenisabah.az-a danışan psixoloq Aytən Ələkbərova bu davranışın psixoloji səbəblərini açıqlayıb:

"Bu cür insanlar ilk olaraq beyni planlaşdırırlar. Çünki 1 ay müddətində rastlaşdığımız insanlar oldu ki, orucluq ayında içmədiyini, içkidən kənar qaldıqlarını səsləndirdilər. Təbiidir ki, insanların inancları var. Həqiqətən də o insanlar Allaha bağlı şəxslərdir və davranış və hərəkətlərini dərk edirlər. Ramazan ayı bitəndən sonra hər hansısa məclisdə içki içənlər, deməli, qırmızı xətti qorumağı bacarırlar. O tip adamlar çox ağıllı olduqları üçün içəndə artıq-əskik hərəkətlər sərgiləmirlər. Birbaşa öz-özünü idarə etməyi bilirlər. Bu səbəbdən həmin şəxslər heç zaman alkoloq psixozuna qədər gəlib çıxa bilməzlər".

Psixoloq bildirib ki, adam özünü idarə etməyi bacarırsa, beynini proqramlaşdırmağı da yaxşı bilir:

"Psixologiyada belə adamları iradəli və güclü adlandırırlar. Çünki onlar heç zaman özlərini itirmir, qırmızı xəttin harada olduğunu çox yaxşı anlayırlar.

Bir insan aşiq olanda ağıl və dərrakə ilə aşiqliyini hiss edir. İnsanlar bu mövzuda iki yerə ayrılır. Birincilər aşiq olsa da, ağıllı olduqları üçün hislərini idarə edə bilirlər. İkinci tip adamları isə hisləri idarə edir. Psixoloji olaraq alkoqola aludə olan şəxsləri də bu cür detalları müəyyənləşdirərək pis vərdişlərdən uzaqlaşdıra bilirik. Ağlı ilə vəziyyəti idarə edən insanlar aludə olmaqdan yaxalarını qurtara bilirlər. Digərləri isə bu mövzuda bir sıra çətinliklər yaşayırlar".

09.04.2024 20:44
1486