Baş redaktoru həbsdə olan qəzeti qoruyan əsas simalardan biri oldu...
Bu günlərə çatmamızda misilsiz rolu, iştirakı var.
"Yeni Müsavat" əfsanəsinin bir parşası, özü də əfsanə kimi Adamdı!
Biz Ağdamı onda gördük, onun xatirələri, onun arzuları ilə ağdamlı olduq.
Erməni işğalından çıxan Ağdam indi xəyalət şəhərə dönüb.
Amma o torpaq, o daş-divar bizimdi.
Biz Ağdamı - Qarabağı bütün halı ilə sevirik...
Həm Ələsgərin illərlə anlatdığı kimi, həm də özümüzün gördüyümüz kimi...
...Ötən ilin sonunda, bərabər Şuşaya gedərkən, dediyi bir söz yadımdadır.
Dedi ki, biz axı, bu 30 ili Qarabağsız, Şuşasız necə qala bilmişik...
Necə dözmüşük...
Cavabı özündə olan suallardı, bunlar...
Bilsəydik bu qədər çəkəcək, çəkə bilər, bəlkə də çatlayıb, ölərdik. Heç dözməzdik...
Amma yaxşı ki, millət olaraq, bu ağır yükü qaldıra bildik.
İkinci Qarabağ savaşına qədər dözdük və qələbəni aldıq, ala bildik!
İndi keçmişə, yaşadıqlarımıza yönəlik nə istəsək, deyə bilərik.
Ağılar, bayatılar söylər, ya da heyranlıq mətnləri yazarıq...
Bir- birimizə yubiley təbriklərində, ad günü qutlamalarında xatirə janrında yad edərik, keçmişləri...
Lap indiki kimi...
Ələsgər bəy deyir ki, biz qarabağlıların iki doğum günü var.
Biri bioloji, dünyaya gəldiyimiz gündür.
Digəri isə 2020-ci ilin 27 sentyabrıdır...
Bu gün, 50 yaşının tamamında, bioloji doğum günündə mən dəyərli qardaşım, əziz dostum Ələsgər Süleymanovun həm yubileyini, həm Ağdama qovuşmasını, həm də ikinci doğum günü qazanmasını təbrik edirəm.
"Yeni Müsavat" sənə minnətdardır, əziz Dostum.
Sağ ol ki, 50 illik ömrünün yarıdan çoxunu- düz 29 ilini bu ada, bu media quruluşuna həsr etmisən.