“Taliban” rejimi Əfqanıstanda kişilərə cins şalvar geyinməyi və dəbli saç düzümü saxlamağı qadağan edib.
Musavat.com “The Washington Post”a istinadla xəbər verir ki, avqustun sonunda qəbul edilən yeni qanunlar xarici görünüş və davranış baxımından “qeyri-müsəlmanları” təqlid etməyi qadağan etmək məqsədi daşıyır. İndi ölkə sakinləri saçlarını dəbə uyğun kəsdirə, saqqallarını yumruqlarından qısa vurdura, cins şalvar geyə bilməzlər. Bundan əlavə, kişilərə öz arvadlarından və ya yaxın qohumlarından başqa yad qadınlara baxmaq qadağandır.
Yerli sakinlərin sözlərinə görə, belə məhdudiyyətlər Əfqanıstanın kişi əhalisi üçün gözlənilməz sürpriz olub. “Əgər kişilər vaxtında özlərini göstərsəydilər, bu vəziyyətə düşməzdik. İndi hamı saqqal saxlayır, çünki sorğu-sual olunmaq və ya alçaldılmaq istəmirik”, - deyə Kabil sakini bildirib.
Yeni qanunlar əxlaq polisinə səlahiyyət verir ki, şübhəliləri üç günə qədər həbs etsinlər. Qaydaları pozan kişiləri cərimə və ya həbs cəzası gözləyir.
Daha əvvəl bildirilirdi ki, Əfqanıstanda qadınların ictimai yerlərdə üzləri açıq görünməsinə qadağa qoyulub. Qadının səsi intim sayılır, ona görə də o, ictimai yerlərdə oxumamalı, gülməməli və ucadan danışmamalıdır.
Musavat.com