Son vaxtlar bəzi mağaza, aptek, eləcə də ictimai-iaşə müəssisələrində verilən qəbzlərin ƏDV-lərində problemlər yaşanır. Bəzi hallarda QR kodu “scan” etmək, bəzən isə “fiscal” kodu oxumaq mümkün olmur.
Daha çox şikayətlər isə apteklərlə bağlıdır. Belə ki, bir çox hallarda vətəndaşlar aptekdə ƏDV-nin verildiyindən xəbərsiz olur. Dərman alarkən bununla bağlı vətəndaşa məlumat verilmir. Yalnız alıcı özü müraciət etdikdə, aptek işçiləri “gözləyin çekinizi verək” deyirlər.
Həmçinin geyim mağazalarında da oxşar hallar yaşanır. Belə ki, müştərilərə 2 çek verilir. Biri ödəniş, digəri isə ƏDV. Əgər alıcı tələb etməsə, ƏDV çeki verilmir.
Bəs ƏDV-lərlə bağlı problem nə zaman həll olunacaq? Niyə adı çəkilən obyektlərdə müştərilərə çek verməkdən yayınma halları baş verir?
Məsələ ilə əlaqədar iqtisadçı ekspert Natiq Cəfərli
Bakupost.az –a açıqlama verib.
Onun sözlərinə görə, ƏDV ilə bağlı yaşanan problem vergidən yayınma növüdür:
“Bunun qarşısını almağın yeganə yolu ƏDV-nin azaldılmasıdır. Vətəndaşa da, iş adamlarına da sərf edən sistem yaradılmalıdır. Ərzaq məhsullarında və dərman preparatlarında 18 faiz ƏDV həddindən artıq yüksək rəqəmdir. Bunu 2 faizə endirmək lazımdır. Hesabatlılıq üçün 2 faiz kifayət edir. Çünki ƏDV-nin funksiyası təkcə büdcəyə pul yığmaq deyil. Bu funksiyalardan biri də hesabatlılıq, dövriyyənin leqal olmasına nəzarət mexanizminin yaradılmasıdır. Əgər ƏDV 2 faiz olsa, "ƏDV-ni geri al" proqramına da ehtiyac qalmır. Çünki pul insanların cibində qalır. Nəticə etibarilə heç kim 2 faizdən yayınmaz. Yəni, 2 faizə görə heç kim riskə getməz, cərimələnmə, hansısa cəzaya məruz qalmaqdansa, onu ödəməyə razı olar. Ona görə də problemin köklü həlli ərzaq və dərman preparatlarına görə ƏDV-ni 2 faizə endirməkdir. Qeyri-ərzaqlar məhsulları, məsələn, məişət əşyalarında, geyimlərdə ola bilər ki, 18 faiz qalsın. Amma ərzaq və dərman preparatlarında faiz endirilməlidir ki, problem həllini tapsın”.