Eduard Şarmazanov: Paşinyan Ermənistanı ofsayd vəziyyətinə saldı  

 

“Cənablar, beynəlxalq münasibətlərdə siz ofsayddasınız. Hansı topdan, meydandan danışırsınız?”

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi Ermənistanın müxalifətdə olan Respublikaçı Partiyasının (sədr Serj Sərkisyandır) İdarə heyətini üzvü, Ermənistan parlamentinin keçmiş sədr müavini Eduard Şarmazanovdur.

“Paşinyanın son “fikirləri” ən azı qəribədir. Bir tərəfdən o, Azərbaycan və Rusiya ilə 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda imzasını geri götürməkdən imtina etdiyini bildirir, digər tərəfdən isə Rusiyanın vasitəçiliyi olmadan Azərbaycanla birbaşa təmasların davam etdirilməsində israrlıdır”,-deyə o bildirib.

Şarmazanova görə, Ermənistanın vasitəçilərsiz, birbaşa Azərbaycanla birbaşa danışıq aparması Ermənistan üçün böyük fəlakətdir.

 “Problemlərimizin bir qismi elə burada baş verib”,-deyə o qeyd edib.

“Bütün bunlar Nikolun antimilli və dövlət əleyhinə addımlarının nəticəsində olub. Birbaşa danışıqlarda Tavuş əraziləri (Azərbaycanın qanuni torpaqları-red.) təslim edildi və Azərbaycanın Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsi tələbinin 2027-ci ildə həyata keçiriləcəyi bəyan olunub. İndi tərəflər vasitəçi olmadan təkliflər mübadiləsi aparırlar.

Nikol Azərbaycanın tələblərinə nə qədər razılaşırsa, Bakı bir o qədər sərtləşir. Deyirlər, indi top Azərbaycanın meydanındadır.

Beynəlxalq münasibətlərdə uzun müddət oyundan kənar vəziyyətdə qalmısız, hansı topdan danışırsız?”,-deyə o yazıb.

Musavat.com

05.09.2024 17:02
384