Ədliyyə Nazirliyi qarşısında aksiya keçirildi - Elçin Muradovun qanunsuzluğu...

Şərti olaraq “MTN işi”adlanan cinayət işi üzrə zərərçəkənlər Ədliyyə Nazirliyi önünə toplaşaraq Nərimanov rayon İcra Şöbəsinin qanunsuzluğundan etiraz ediblər.

Musavat.com xəbər verir ki, zərərçəkənlər İcra Şöbəsi rəhbərliyinin qanunsuz olaraq məhkəmə hökmünə müdaxilə etməyə hazırlaşdığını iddia edirlər. Bildirirlər ki, Ədliyyə Nazirliyi də baş verən qanunuzluğun qarşısını almasa, möhtərəm cənab Prezidentin ölkədə apardığı məhkəmə-hüquq islahatlarına ciddi zərbə dəyəcək.

Zərərçəkənlər bildirirlər ki, qanuni qüvvəyə minmiş, zərərçəkənlərin 16 nəfərinin adlı siyahısı olan məhkəmə qərarına Nərimanov Rayon İcra Şöbəsi özbaşına, göstərişlə, sifarişlə, şəxsi mülahizəyə görə digər şəxsin – Cavidan Hacıyevin adını əlavə etmək niyyətini ortaya qoyub.

Bu özbaşınalıq iş üzrə zərərçəkənlərin kəskin etirazına səbəb olub. Onlar Nərimanov İcra Şöbəsinin qanunsuzluğundan ölkə rəhbərliyinə, ədliyyə naziri Fərid Əhmədova şikayət məktubları imzalayıblar.

Zərərçəkənlərdən Hüseyn Səfərov Ədliyyə Nazirliyi önündə keçirilən aksiyada deyib ki, Cavidan Hacıyevin adının İcra Şöbəsi tərəfindən Elçin Muradovun sifarişi ilə məhkəmə qərarına əlavə edilməsi çox ciddi bir cinayətdir, Azərbaycan məhkəməsinə meydan oxumaqdır: "Belə çıxır ki, biz zərərçəkənlər 5 il müdətində məhkəmələrə əbəs yerə gedib bizə qarşı cinayət törətmiş şəxslərlə bağlı mövqeyimizi ortaya qoymuşuq? Əgər Nərimanov Rayon İcra Şöbəsi “zakaz-kantora” rolunu oynayacaqdısa, elə bizlər də gəlib Elçin Muradova istədiyimizi sifariş verərdik, məhkəmələrdə Mövlam Şıxəliyev və başının dəstəsi ilə çəkişməzdik, əsəblərimizi xərcləməzdik. Bundan başqa, bizlər mülki iddialarımızın təmin edilməsi üçün dövlət büdcəsinə rüsüm da ödəmişik. Cavidan Hacıyev o zaman banklardan 70 milyon kredit alıb qaytarmadığına görə həbsdə idi. Onu Mövlam Şıxəliyevin məhkəməsinə əli qandallı gətirdilər. Orada sərbəst şəkildə ifadə verdi, dedi ki, hər hansi bir tələbi, vəsatəti, mülki iddiası yoxdur. Üstündən 3 il keçəndən sonra, bizlər məhkəmələrdə hüquqlarımızın bərpasını, dəymiş ziyanın ödənməsini tələb edəndə Cavidan Hacıyev peyda oldu. Yanında da Elçin Muradovun hüquq şirkətində işləmiş Pərviz adında şəxs vardı. Bu adama dəymiş ziyan üzrə cəmi 20-25 min manat ödəniş olmalıdır. Apellyasiya Məhkəməsində onun tələbi ilə proses keçiriləndə Elçin Muradovla münasibətlərini gizlətmədilər. Açıq-aşkar dedilər ki, iş üzrə banklardan birinin digər zərərçəkənə qarşı pul tələbi var. Onlar Elçin Muradovun köməyi ilə həmin zərərçəkənin də adını siyahıya saldırıb pul ödətdirmək istəyirlər. Görünür bankla razılaşmaları var ki, həmin zərərçəkənə pul ödənsin, bunlar da həmin pula şərik olsunlar. Bəlkə də Elçin Muradovun bu xüsusatdan heç xəbəri də yoxdur, Cavidan Hacıyev ona bu barədə məlumat da verməyib. Özünün 500 min pul alacağını deyib, həmin zərərçəkəni də işə özü ilə bərabər sifarişlə əlavə etdirməklə sövdələşmənin baş tutmasına nail olmaq istəyir”.

Zərərçəkən bildirib ki, Bakı Hərbi Məhkəməsi, ardından Bakı Apellyasiya Məhkəməsi Cavidan Hacıyev və onun yedəyindəki zərərçəkənin də adını siyahıya saldırmaq istəyinin qanunsuzluğunu təsdiq edən qərar verib. Həmin qərarla Nərimanov Rayon İcra Şöbəsinə digər 16 zərərçəkənə zərərin dərhal ödənilməsi göstərişi verilib.

Həngamə də bundan sonra başlanıb.

Nərimanov Rayon İcra Şöbəsinə qanunsuz göstəriş verilməklə Cavidan Hacıyevlə və digər zərərçəkənə də məhkəmə hökmündən kənar, tam qanunsuz olmaqla pul ödənilməsi tələbi qoyulub. Bu isə 16 zərərçəkəni ayağa qaldırıb və onlar Ədliyyə Nazirliyi önündə etiraz aksiyası keçiriblər. Bundan Nazirliyin binasına gedib nazir Fərid Əhmədovla görüş tələb ediblər. Zərərçəkənləri qəbul şöbəsinin əməkdaşları dinləyib, yazılı surətdə şikayətlərini alıb nazirə çatdıracaqlarını bildiriblər. Zərərçəkənlər sentyabrın 16-da daha geniş tərkibdə, ailə üzvləri ilə birgə yenidən Ədliyyə Nazirliyinə gedərək nazirlə görüş istəyəcəklərini açıqlayıblar. Bildiriblər ki, nazir Fərid Əhmədovdan qanunsuzluğu durdurmasını, Azərbaycan qanunlarının bu şəkildə tapdanmasının, məhləkəmə-hüquq islahatlarına zidd sobatajın qarşısının alınmasını istəyəcəklər.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

14.09.2024 16:43
1564