Xəbər verildiyi kimi, İran məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu edən və bir nəfəri öldürüb iki nəfəri yaralayan Yasin Hüseynzadə haqda bugünlərdə edam hökmü çıxarıb. Lakin hökmün nə vaxt icra ediləcəyi məlum deyil.
Politoloq Cümşüd Nuriyev bu mövzuda qəzetimizə danışarkən deyib ki, əslində terrorçu edam edilməyə bilər.
Sitat: “Yasin Hüseynzadə məhkəmədə susdu, təhrikçilərin adını çəkmədi. İran belə dövlətdir ki, onu proqnozlaşdırmaq mümkün deyil. Yasin Hüseynzadənin ad-soyadını dəyişib aparıb bir ucqar kəndə atacaqlar, orada özü üçün yaşayacaq. Bu addımları İrandan gözləmək olar”.
Yəni belə çıxır ki, edam görüntüsü yaradılacaq və o, başqa ad-soyadla (pasportla) gedib başqa bir yerdə rahatca yaşayacaq? Belə bir şey mümkünmü? Azərbaycan tərəfinin rəsmi nümayəndəsinin, yaxud qətlə yetirilmiş səfirlik əməkdaşı Orxan Əsgərovun səlahiyyətli nümayəndəsinin edam hökmünün yerinə yetirilməsi prosesində iştirak hüququ varmı? Ki, əminlik hasil edilsin ki, terrorçu öz layiqli cəzasına çatdırıldı. İran qanunları bu barədə nə deyir?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, İran səfirliyimizə qarşı baş verən terror olayından sonra səfirliyimizin bağlanmasından müəyyən qədər təşvişə düşmüşdü: “Azərbaycan dövlətinin təpkilərindən, əlaqələrin kəsilməsindən sonra, onsuz da beynəlxalq aləmdən təcrid olunmuş İran tərəfi geri çəkildi. Onlar belə reaksiya gözləmirdilər. Bu baxımdan Yasin Hüseynzadəyə ölüm hökmünün verilməsi proqnozlaşdırılan idi. İranda bir çox hallarda ölüm hökmünü əhalinin gözü qarşısında həyata keçirirlər. O baxımdan İran dövləti Yasin Hüseynzadənin həqiqi mənada cəzalanmasını sübut etmək üçün addımlar atmalıdır”.
Çingiz Qənizadə bildirib ki, İrandakı Azərbaycan səfirliyinə qarşı terror olayı İranı beynəlxalq aləmdə nüfuzdan salan hadisə olub: “Onsuz da İranın beynəlxalq aləmdə nüfuzu yerlə sürünür. Vyana Konvensiyasına görə, İran ərazisində yerləşən dövlətlərin səfirliklərinin təhlükəsizliyinə təminat verməlidir. Bunu etmədilər. konvensiyanın maddələrinə əsasən, konsulluq münasibətlərinin qurulması qarşılıqlı razılıq əsasında həyata keçirilir və diplomatların oturduğu səfirlik binaları toxunulmazdır. Həmçinin konvensiyaya görə, diplomatik nümayəndəliklərin başçılarının razılığı olmadan konsulluq binalarına heç kim daxil ola bilməz. Konvensiyaya əsasən, hər bir dövlətin üzərinə ərazisində olan konsulluq binalarını edilə biləcək hücumlardan qorumaq, konsulluq qurumunun sakitliyinin istənilən şəkildə pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək öhdəliyi düşür. İran bu konvensiyanın tələblərinə riayət etmədi. Daha doğrusu, etmək istəmədilər. Bu terror İranın beynəlxalq aləmdəki onsuz da olmayan nüfuzuna böyük zərbə oldu. İran Azərbaycan səfirliyinə terror hücumunda təqsirli bilib ölüm hökmünə məhkum etdiyi Yasin Hüseynzadəni mütləq və mütləq xalqın gözü qarşısında edam etməlidir. Edam prosesinə zərərçəkən tərəfin nümayəndələrini də dəvət etməlidir. Buna inanmıram, hesab edirəm ki, Yasin Hüseynzadənin pasportunu dəyişib ucqar hərbi bazalarından birinə yollayacaqlar ki, orada yaşasın. Çünki Yasin Hüseynzadə İranın maraqları çərçivəsində səfirliyimizə hücum etmişdi. İrandakı Azərbaycan səfirliyinə silahlı hücum qərarı İranın hərbi-siyasi rəhbərliyinin xeyir-duası, xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə baş tutub. Bunu hücumun videosu da təsdiq edir. İran edamı açıq şəkildə həyata keçirməlidir”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”