Edam cəzası bərpa olunsunmu? - körpə qatili də ömürlük almayacaqsa...

Hüquq müdafiəçisi: “Cəmiyyətdə yeni münasibətlər sistemi formalaşmalıdır”

Bakıda Əhməd Əhmədovun ikisi uşaq olmaqla 5 insanı vəhşicəsinə qətlə yetirməsi şok reaksiya doğurmaqla yanaşı, yəqin ki, hələ uzun müddət cəmiyyətdə müzakirə mövzusu olacaq. Çünki bu, son dərəcə qəddar cinayət əməli ilə bağlı ictimai əhəmiyyət kəsb edən bir sıra aktual suallar var. 

Onlardan biri də qatilin “dəlilik kağızı”na görə ömürlük cəza alıb-almaması ilə bağlıdır.    

“Çox təəssüf ki, Azərbaycan uzun illərdir baş vermiş və baş verəcək cinayətlərin səbəb və şəraitini öyrənməklə bağlı elmi-tədqiqat laboratoriyaları, institut və ya şöbələri yoxdur. Nə Milli Elmlər Akademiyasında, nə Baş Prokurorluğun nəzdində, nə Ədliyyə və Daxili İşlər nazirliklərində belə tədqiqatlar aparılır”.

Bunu hüquqşünas-kriminalist Şəmsəddin Əliyev deyib.

Polisi aşağılamaq itaətsizliyə çağırışdır - sabiq polis rəisi yazır

 Şəmsəddin Əliyev

Onun sözlərinə görə, biz sadəcə baş vermiş cinayətlərin statistikasına diqqət yetiririk: “Amma "nə olub" və “nə etmək lazımdır ki, olmasın” suallarına cavab tapmaq lazımdır. Bunun üçün də AMEA və yaxud da adını çəkdiyim digər hüquq-mühafizə qurumlarının nəzdində elmi-tədqiqat şöbələri, qrup və laboratoriyalar yaradılmalıdır. Burada çalışan sosioloqlar, psixiatrlar, kriminoloqlar, həkimlər, peşəkar hüquqşünaslar cəlb olunmalı və cəmiyyətdə baş vermiş cinayətləri doğuran səbəb və şəraitlə bağlı müfəssəl konsepsiya ortaya qoyulmalıdır".

Ş.Əliyevin fikrincə, Nazirlər Kabinetinin tərkibinə daxil olan hər dövlət qurumunun, bütün mərkəzi icra hakimiyyəti orqanlarının üzərinə vəzifələr qoyulmalıdır ki, belə ağır cinayətlər olmasın: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən problemli ailələr öyrənilməli, münaqişə doğuran səbəblər araşdırılmalıdır. Sovet vaxtında bu istiqamətində konsepsiya var idi. Məəttəl qalmışam, bu qədər alimimiz var, heç bir töhfələri də yoxdur. Niyə ölkəmizdə bu cinayətləri doğuran şəraitin aradan qaldırılması istiqamətində vahid konsepsiya ortaya qoyulmur? İnsan sosial varlıqdır. Hadisələri doğuran səbəblər də sosial səbəblərdir. Bu səbəblər sosial varlığı öz məhvərindən çıxmağa vadar edir. Sonradan cəza da sosial ədaləti bərpa etmək məqsədilə tətbiq olunur”.

Kriminalist ölüm hökmünün bərpasını zəruri saydığını söyləyib. Ancaq ölüm hökmünün bərpası belə qandonduran cinayətlərin sayını azaldacaqmı? 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, cəmiyyətdən gələn edam cəzası tələbi başadüşüləndir, amma qəbuledilməzdir: “İnsanlar baş verən dəhşətli cinayətin şokundadır və bu baxımdan tələbləri haqlı görünə bilər. Gəlin baxaq, görək qonşu İranda edam cəzası belə cinayətlərin qarşısını alırmı? Hər kəs bilir ki, İranda oğurluğa görə əlin kəsilməsi cəzası var. Bu cəza İranda oğurluqların qarşısını alırmı? Əlbəttə ki, yox! Yəni edam cəzasının bərpasını tələb edənlər bilməlidirlər ki, bu, dəhşətli cinayətlərin qarşısını almayacaq. Qətlin qarşısını qətllə, edamla almaq mümkün deyil”. 

Hüquq müdafiəçisi deyir ki, Əhməd Əhmədov psixi xəstədir: “Əhməd Əhmədov məcburi müalicəyə göndərilməlidir. Onu 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirib saxlamalıdırlar. Onun törətdiyi cinayəti psixi xəstə, psixotrop, narkotik tərkibli maddələrin təsiri altında olan şəxs edə bilər. Ümumiyyətlə, psixi xəstələrə ciddi nəzarət etmək lazımdır. Bu gün Azərbaycan cəmiyyəti 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında nə baş verdiyindən xəbərsizdir. Orada həkimlər nə işlə məşğuldur, cəmiyyət bu barədə məlumatsızdır. Əhməd Əhmədov psixi xəstədir, onu edam etsələr də, etməsələr də ciddi fərq etmir. Anlaqlı biri ailə üzvlərinə qarşı belə bir cinayət törətməz”.

Novella Cəfəroğlu: Mənə ən çox əzab verən bu millətlərarası münaqişədir

Novella Cəfəroğlu 

Novella Cəfəroğlu baş verənlərdə sosial şəbəkələrin ciddi təsirinin olduğunu xüsusi olaraq vurğulayıb: “Sosial şəbəkələrdə qəddarlığı təbliğ edən oyunlar var. Bu gün hər kəs, uşaqdan böyüyə telefonun ekranına bağlıdır. Telefon ekranında dəhşətli, qəddar qətllərlə zəngin səhnələr yayılır. Uşaq oyunlarında aqressivliyi, bir-birinə qarşı kobudluq adi norma kimi göstərilir. Adicə uşaqların əlindən telefonu alan valideyn övladından çox kəskin reaksiya görür. Təsəvvür edin ki, belə uşağın küçədə ayağını kimsə tapdalasa, onu öldürməyə belə hazır olacaq. Bundan başqa, cavan oğlanların qız kimi tərbiyə olunması da, özlərini satmağı da sosial şəbəkə üzərindən gerçək olur. Tik-Tokda cavan oğlanların videosu var, qaşlar alınıb, dodaqlar boyanıb, üz pudralanıb. Və bu oğlanların profilinə böyük maraq olması, onların özlərini satması da adi bir məsələyə çevrilir. Bu cür münasibət təhrikedicidir və oğlanların özlərini bu cür qız şəklinə salmasına gətirib çıxarır. Halbuki həmin oğlanlar özlərini satmaq üçün üzlərini bu şəklə salırlar. Qızların da çox biabırçı videoları var. Bütün anormallıqlar norma kimi cəmiyyətə sırınır. Dünyagörüşü tam olaraq formalaşmayan oğlan və qızlar asanlıqla belə təbliğatın təsiri altına düşürlər. Nəticədə isə ölkədə qəddar qətllər meydana gəlir. Qardaş bacını, kişi arvadını öldürür. Azərbaycan cəmiyyətini bu məsələlər narahat etmir? Cəmiyyət edamı düşünmək əvəzinə, belə məsələləri saf-çürük etməli, nəticə çıxarmalıdır. Hər kəs düşünməlidir ki, cəmiyyət olaraq hara gedirik!”

Hüquq müdafiəçisi deyir ki, cəmiyyətdə yeni münasibətlər sistemi formalaşmalıdır.

Əhməd Qəşəmoğlu: “Sosial şəbəkələrdəki dil pəhləvanlarından cəmiyyətə ancaq  zərər gəlir”

Əhməd Qəşəmoğlu

Sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a deyib ki, belə bir vəhşiliyin baş verməsinin səbəbləri hamını düşündürməkdədir: “Fikrimcə, sosioloji baxımdan bu hadisənin baş verməsinin əsas səbəblərini aşağıdakı kimi şərh etmək olar: 

- Hər bir cəmiyyət özü də bir orqanizm kimidir. Belə bir hadisənin baş verməsinə bu  orqanizmdə baş verən başqa proseslərin yekunu kimi baxmaq lazımdır.  

İndi elm aləmində uğurla yayılmaqda olan ahəngyol elmində ətraflı olaraq əsaslandırılmışdır ki, hər bir davranışın formalaşmasında 4 mühüm amil həlledici rol oynayır:

- İnsanın öz fərdi, şəxsi psixoloji xüsusiyyətləri - fitrəti;  

- Onun yaşadığı mühit; 

- Aldığı informasiyaların məzmunu və intensivliyi;  

- Üstünlük verdiyi dəyərlər.  

Məlum olub ki, qatilin psixoloji problemləri var. Belə psixoloji problemləri olan insanlar bütün tarix boyu hər cəmiyyətdə olur. Amma mühitin xüsusiyyətləri elə ola bilər ki, həmin insanın bir çox arzu olunmayan, təhlükəli  istəklərini, tələbatlarını bloklaya da bilər, yaxud əksinə,  daha da inkişaf etdirər. Həmin insanın aldığı informasiyalar da, üstünlük verdiyi dəyərlər də bu şəkildə təsir edə bilər. 

Ona görə də günü-gündən mürəkkəbləşən, həssaslaşan cəmiyyətdə baş verən prosesləri başlı-başına qoymaq olmaz!"

Sosioloq bildirib ki, hər bir işdə təkcə valideynləri günahlandırmaq olmaz: “Bizim əksər valideynlərimizin özlərinin maariflənməyə ehtiyacı var. Əgər qatilin valideylərinə tövsiyə edilsəydi ki, siz öz xəstə övladınıza ayrıca ev, avtomobil alınca onun mühitini, aldığı informasiyaların məzmununun dəyişməsinə, üstünlük verdiyi dəyərlərin dəyişməsinə çalışın, həm də bu calışmanın yolları göstərilsəydi, təhlükəsi haqda danışılsaydı, onlar bunu etməzdi. Öz uşaqlarının xilası üçün çalışardılar. Məsələn, uşaqlarının mənəvi dəyərlər aşılayan kitablar oxuması, filmlərə baxması, öz qabiliyyəti olan, ona zövq verən işlərlə məşğul olması üçün stimullaşdırardılar, şərait yaradardılar”.

“Bəs bunu onlara kim deməliydi” sualına sosioloq belə cavab verib: “10 ildən artıqdır ki, müxtəlif təşkilatlara müraciət edirəm, KİV-lərə müsahibələr verirəm ki, hər bir məhəllədə indi təkcə sahə müvəkkilinin olması ilə kifayətlənmək olmaz. Hər bir məhəllədə həm də 3-4 nəfərdən ibarət sosial iş xidməti olmalıdır. Universitetlərdə indiki keyfiyyətdə yox, daha ciddi, məqsədyönlü şəkildə sosial işçilər hazırlayıb təcili şəkildə belə sosial iş xidmətləri yaradılmalıdır. O zaman həmin sosial iş xidmətinin nümayəndələri problemli ailələrdə mövcud olan problemlərin ortadan götürülməsi üçün həm valideynlərə, həm digər ailə üzvlərinə yaxından kömək edə bilər. Ehtiyac olduqda, onların müxtəlif təşkilatlarla əlaqəsini də yarada bilər, lazımi köməkliklər də edərlər. Bütün bu işləri görməmiz üçün də ölkədə humanitar siyasət dəyişməlidir. Həmin siyasət əsasında qanunvericilik bazası formalaşmalı, müxtəlif təşkilatların, KİV-lərin görəcəyi lazımi işlər konkret olaraq müəyyənləşməlidir. Bugünkü cəmiyyətdə bu, olduqca vacib məsələdir. Ehtiyac olarsa, aidiyyəti təşkilatlara bu sahədə görüləcək işlərlə bağlı mən də kömək edə bilərəm”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

17.02.2024 09:17
834