Əcnəbilərlə nikah niyə problemə çevrilib? - təhlil

Qadınlarımız məlumatsız, kişilər isə ehtiyatsızdır; nəticədə isə...

Məlum olduğu kimi, bu ilin iyun aynda Azərbaycanda qanunsuz yaşayan əcnəbilərin ölkə vətəndaşı ilə nikaha daxil olması qadağan edildi. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında III oxunuşda müzakirəyə çıxarıldı və müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olundu.

Sənəddə qeyd edilib ki, Azərbaycan ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün son anda mümkün asan vasitə olaraq Azərbaycan vətəndaşı ilə nikah bağlamağı seçirlər. Bu hal Azərbaycan vətəndaşı ilə nikahda olan əcnəbilərə münasibətdə qanunvericiliyin müəyyən etdiyi imtiyazlardan sui-istifadə edilməsi riski yaratmaqla yanaşı, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinə mənfi təsir göstərirdi.

Təqdim olunan qanun layihəsi də məhz ölkəmizdə qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb.

Belə ki, layihədə Ailə Məcəlləsinin nikahın bağlanmasına mane olan halları əks etdirən 12-ci maddəsinə dəyişiklik edilməsi təklif olunur. Bu dəyişikliyə əsasən aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin sırasına ikisindən biri və ya hər ikisi ölkə ərazisində qanunsuz olan və yaxud yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin də əlavə edilməsi nəzərdə tutulur.

Elə Ədliyyə Nazirliyinin açıqladığı sonuncu statistikada da qeyd edilir ki, 2022-ci ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış 187 nikahın pozulması halı qeydə alınıb. 2021-ci ildə belə boşanmaların sayı 149, 2017-ci ildə 195 olub. Evlənənlərlə boşananların sayını müqayisə etdikdə isə bəlli olur ki, ailə quranların təxminən dörddə biri - 25 faizə qədəri boşanır. 2024-cü ildə Azərbaycan vətəndaşı ilə nikah əsasında müvəqqəti və daimi yaşama icazəsi alan əcnəbilərin sayı 6.680 nəfər, 2023-cü il ərzində isə 17.561 olub. Bu rəqəmlər isə onu deməyə əsas verir ki, xarici ölkələrə gedib, yaşayış icazəsi almaq üçün xarici vətəndaşlarla saxta nikaha girən azərbaycanlılar olduğu kimi, eyni üsulu istifadə edən əcnəbilər də var.

Xarici ilə evlənib, sonra niyə boşanırlar - təkcə mental fərqlilik, yoxsa..?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, boşanmaların əksəriyyəti bu evliliklər qeyri-səmimi münasibətlər əsasında qurulduğuna görə baş verir. Digər problem xarici vətəndaşla ailə quran bəzi Azərbaycan vətəndaşlarının nikah sənədinə qeyd-şərtsiz qol çəkmələridir. Bəzən həmin ölkənin qanunvericiliyində elə nüanslar olur ki, onlar bizim ölkənin qanunvericiliyi ilə uzlaşmır. Əcnəbi ilə evlənən azərbaycanlı xanım xarici ölkədə boşanır və bizim qanunlardan irəli gələn tələbləri orada tətbiq etmək istəyir. Bu isə problem yaradır.

Müraciətlərin çoxu isə daha çox uşaq tələbi ilə bağlı olur.

Boşanmalarla bağlı ölkəmizdə dəqiq statistika aparmaq da mümkün olmur. Çünki xarici ölkədə boşanma olduqda və vətəndaş bununla bağlı məlumat vermədikdə dövlət qurumu xaricdəki boşanmalarla bağlı statistika apara bilmir.

Əcnəbilərlə ailə quran azərbaycanlı kişilər əsasən Rusiya, Gürcüstan və Ukrayna vətəndaşı olan qadınlarla nikah bağlayıblar. Azərbaycanlı qızlar daha çox Türkiyə, Gürcüstan vətəndaşı olan azərbaycanlılara üstünlük verirlər, bu isə əcnəbilərlə nikahların böyük faizini təşkil edir. Amma bununla yanaşı, Avropa vətəndaşları, zənci və ərəblərlə ailə quran xanımlarımız da az deyil.

Amma qarışıq etnik nikahlarda özünü büruzə verən problemlər digər nikah növlərində müşahidə edilən problemlərdən çox da fərqli deyil. Cütlüklərin mənsub olduğu mədəniyyətlər arasındakı fərqlər müəyyən bir müddət sonra problemlərin meydana gəlməsinə səbəb olur. Xüsusilə uşaqların tərbiyəsi, valideynlərindən hansının milli mənsubiyyəti və mədəniyyətini qəbul edəcəyi ilə bağlı məsələlər problemlərin ön cərgəsində durur. Qarışıq etnik nikahların ən böyük təhlükələrindən və risklərindən biri də ər-arvad arasında meydana gələn mübahisə, münaqişə və boşanma zamanı uşaqların hansı valideynlə və hansı ölkədə qalması ilə bağlıdır. Lakin bütün bu növ nikahların uğursuzluğa düçar olacağını düşünmək və bunu ümumiləşdirmək səhv yanaşmadır.

Bəzi gənclər işləmək və ya təhsil almaq üçün müxtəlif ölkələrdə yaşamaq məcburiyyətində qalırlar. Onlar uzun müddət həmin ölkələrdə yaşayırlarsa, müxtəlif insanlarla tanış olurlar və bu da sonda nikaha gətirib çıxarır. Son illər yalnız azərbaycanlı qızlar deyil, eyni zamanda azərbaycanlı oğlanlar da əcnəbi qızlarla ailə qurmağa üstünlük verirlər.

Statistik məlumatlara görə, Azərbaycana gündə 4-5 min əcnəbi gəlir.

Miqrantların yalnız 25 faizi Azərbaycana işləməyə, qalanları isə təhsil, istirahət və ölkə vətəndaşları ilə ailə qurmağa gəlirlər.

Bu “ağ atlı oğlandan” boşanmaq da var...

Bəli, əcnəbilərlə evlilik bəzən röya kimi başlasa da, kabusla bitir. Ekspertlər hesab edir ki, bu bəlanın kökündə əcnəbiyə ərə gedən qızların evləndiyi adam barəsində məlumatsız olmaları durur. Belə ki, onlar həmin adamın kim olduğunu bilmədən, maddi imkanına, azərbaycanlı oğlanlardan bir qədər fərqləndiyinə görə ailə həyatı qururlar.

Əcnəbilərlə qurulan nikahların çox az bir qismi həqiqətən tamamilə əcnəbi vətəndaşlarla, məsələn, ərəb, amerikalı və ya digər millətlərdən olanlarla nikahlardır: Əcnəbilərlə qurulan nikahlar zamanı həmin şəxslərin milliyyəti araşdırılanda üzə çıxır ki, bunların əksəriyyəti Rusiyada, Gürcüstanda çoxdan yaşayan, həmin ölkələrin vətəndaşlığını qəbul edən azərbaycanlılardır. İkinci yerdə isə dil, din baxımından bizə yaxın olan ölkələrdən, o cümlədən İrandan, Türkiyədən və digər dövlətlərdən olanlardır. Çox az bir qism nikahlar var ki, həqiqətən tamamilə əcnəbi vətəndaşlarla qurulur.

Bəzən nikahları ölkənin sərhədlərindən kənarda da bağlayırlar. Xarici vətəndaşlarla nikahın bağlanması Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Belə nikahlar ölkənin özündə, diplomatik nümayəndəliklərdə və konsulluqlarda bağlana bilər. MDB ölkələrinin vətəndaşları ilə nikahı isə rayonlarda olan qeydiyyat şöbələri də bağlaya bilirlər.

Nikah bağlanmadıqda qadın əmlak hüququndan məhrum olur. Boşananda uşağa görə aliment ala bilmir. Bu zaman onların hüquqlarını müdafiə etmək də çətinləşir. Amma bu cütlüklərin boşanmasında ortaya çıxan problemlər də var. Tutaq ki, şəxs öz ölkəsində işləyirdi, əcnəbi ilə ailə qurandan sonra yaşadığı ölkədə iş tapa bilmir və yaxud bunun üçün uzun müddət tələb olunur. Ölkəsindəki aktiv həyatını başqa yerdə reallaşdıra bilmir. Bu baryeri keçə bilməyənlər əksər vaxtlarda boşanır. İstənilən halda fərqli mədəniyyətləri və əmək qabiliyyətlərini reallaşdırmaq ya mümkün olmur, ya da çətinliklə həyata keçir. Əcnəbi ilə nikaha baxış məsələsində də çox diqqətli olmalıyıq. Qadın var ki, əcnəbi ilə ailə həyatı qurandan sonra geri gələ bimir, illərlə doğmalarını, ailəsini və yaxınlarını görmür. Övlad məsələsi də burada rol oynayır.  Çox vaxt ana ölkənin qayda-qanunlarına və uşağını həmin ölkə vətəndaşı olduğuna görə vətəninə gətirə bilmir. Bu tip hüquqi çətinliklər var ki, nikaha girən tərəflər əvvəlcədən bu məlumatlardan xəbərdar olurlar. Bundan əlavə, qeyri-rəsmi nikaha girənlər qanunsuz miqrantlara çevrilirlər. Bu kimi hallar isə depressiya yaradır.

Hazırladı: Sevinc TELMANQIZI 

22.08.2024 10:10
870