Cari ilin 7 ayı ərzində DYP tərəfindən 251 avtoxuliqanlıq faktı aşkarlanıb.
Musavat.com xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, məhkəmələr tərəfindən bu əməli törədən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş ən sərt sanksiyalar tətbiq edilib.
Diqqətə çatdırılıb ki, konstruksiya dəyişikliyi edilmiş, dövlət qeydiyyat nişanları çıxarılmış, üzərində təhrikedici sloqanlar həkk olunmuş avtomobillərlə ictimai qaydanı kobud şəkildə pozan avtoxuliqanlar, bu azmış kimi törətdikləri əməlləri sosial şəbəkələrdə yayaraq dırnaqarası qəhrəmanlıqlarını təbliğ etməkdən çəkinmir, uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasına zərbə vurduqlarının fərqinə varmırlar.
"Baş Dövlət Yol Polisi İdarəsi bu sahədə bundan sonra da ən kəsərli tədbirlərin görüləcəyini bildirməklə yanaşı, bir daha avtoxuliqanlığa meylli olan şəxslərə müraciət edərək onları cəmiyyət üçün təhlükəli olan davranışlardan çəkinməyə, gənc nəslə faydalı əməllərlə örnək olmağa çağırır", - məlumatda vurğulanıb.