Düşmənə qan udduran giziri Bakının mərkəzində qətlə yetiriblər – MƏHKƏMƏ İŞİ

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə  Nəsimi rayonunda bir nəfərin öldürməkdə, bir nəfəri yaralamaqda ittiham olunan Orxan Zeynalov və İlqar Abdurəhmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hər iki şəxsi müttəhimlər kürsüsünə çıxaran qanlı olay ötən ilin martın 16-da, gecə saat 3 radələrində baş verib. Həmin gün Nəsimi rayon Prokurorluğuna 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə ölməsi barədə məlumat daxil olub. İlkin araşdırma zamanı Cəsarət Vəliyevin tanışı ilə birgə metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən restoranlardan birində yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu masada əyləşən şəxslərlə aralarında yaranmış mübahisə zamanı bıçaq xəsarəti alması və həmin xəsarət nəticəsində xəstəxanada ölməsinə, eləcə də 1994-cü il təvəllüdlü Camal Həsənovun xəsarət almasına əsaslı şübhələr müəyyən edilib. Keçirilən əməliyyat zamanı hadisəni törətməkdə təqsirli bilinən Orxan Zeynalov və İlqar Abdurəhmanov həbs ediliblər.

Xatırladaq ki, Cəsarət Vəliyev və Camal Həsənov Dövlət Sərhəd Xidmətinin əməkdaşları olublar. Baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və 2022-ci ilin 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. İstintaq orqanı tərəfindən Orxan Zeynalov və İlqar Abdurəhmanovun barəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29,120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ittiham elan edilib. Bir neçə ay davam edən məhkəmə araşdırmaları artıq sona çatıb. Prosesdə prokuror çıxış edib, Orxan Zeynalovun 20 il, İlqar Abdurrahmanovun isə 19 il 6 ay müddətə azadlıqdan məhrum edilməsi istəyib.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

11.09.2024 11:20
1073