Durov “sülh adamı” olmaq üçün ölümcül səhv etdi – Medvedevdən ŞOK AÇIQLAMA 

“Telegram”ın Fransada saxlanılan qurucusu Pavel Durov Rusiyanı tərk edərək “sülh adamı” olmaq üçün ölümcül səhv etdi”.

Bunu öz Teleqram kanalında Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib və qeyd edib ki, Qərb üçün Durov  hələ də “təhlükəli rus” olaraq qalır.

Medvedev ağır cinayətlər üzrə hüquq-mühafizə orqanları ilə əməkdaşlıqdan imtina edən və sonda Rusiyanı tərk edən Durovla danışdığını deyib.

-Kifayət qədər uzun müddət əvvəl Durovdan soruşdum ki, niyə o, ağır cinayətlərdə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək istəmir. "Bu mənim prinsipial mövqeyimdir. Mən vətəni olmadan yaxşı yaşayan dünya adamı olmaq istəyərdim. Ubi bene ibi patria ( Hara yaxşıdır ora vətəndir)”, - Medvedev  “Telegramın” ın qurucususunun  fikirlərini xatırladıb.  

"O, indi bütün ümumi düşmənlərimiz üçün rusdur və buna görə də gözlənilməz və təhlükəlidir. Fərqli qandandır.  Durov nəhayət başa düşməlidir ki, zaman kimi Vətən də seçilə bilməz”, - Medvedev bildirib. 

Qeyd edək ki, avqustun 24-də Fransada “Telegram” sosial şəbəkəsinin yaradıcısı Pavel Durov həbs edilib. İş adamı saat 20:00 radələrində Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Durov Azərbaycandan Fransaya gedib.

Fransa hökumətinin  Telegram və Durova qarşı əsas şikayəti messencerdə şifrələnmiş mesajlardır.

Durov terror, narkotik ticarəti, dələduzluq və çirkli pulların yuyulması kimi ittihamlarla üzləşə bilər.

Fransa mediası Durovu 20 ilə qədər həbs cəzası gözlədiyini yazıb.

Şahanə Rəhimli
Musavat.com

25.08.2024 13:18
1248