Dünyanın qızıl davası: Onlarla ölkə ABŞ və Britaniyadan qızıllarını çıxarır

2017-ci ildə Almaniya qızıl ehtiyatlarının repatriasiyasını həyata keçirərək, Nyu-York və Parisdə saxlanılan təxminən 31 milyard dollar dəyərində külçələri geri qaytardı. Lakin bu proses uzandı, çünki Almaniya hakimiyyətinə qızılı geri almaq o qədər də asan olmadı. İki il sonra Slovakiya və Polşa da oxşar addımlar ataraq, İngiltərə Bankından qızıllarını geri qaytarmağı tələb etdilər.

Son zamanlar ABŞ və Böyük Britaniyada saxlanılan qızılın geri qaytarılması kütləvi xarakter alıb. ABŞ-ın “Golden Eagle” nəşrinin bildirdiyinə görə, bu proses daha çox Rusiyanın sayəsində baş verir.

Mənbə bildirir ki, İngiltərə Bankı və Nyu-Yorkdakı Federal Ehtiyat Bankında saxlanılan qızıllarını geri qaytarmaq istəyən digər Avropa ölkələri arasında Avstriya, Türkiyə, Niderland və Çexiyanın mərkəzi bankları da var. “Golden Eagle” yazır ki, bir çox ölkənin qızıllarını geri qaytarmaq istəməsinin səbəblərindən biri ABŞ-a olan inamsızlıqdır. ABŞ Xəzinədarlığı bildirir ki, Fort-Noks və digər yerlərdə 261 milyon unsiya qızıl saxlanılır. Lakin bu anbarlarda heç vaxt müstəqil audit aparılmayıb, buna görə də orada həqiqətən bu qədər qızılın olub-olmaması ilə bağlı şübhələr var. Bu fonda qızılın sahibləri getdikcə daha çox onu öz ölkələrinə qaytarmağa üstünlük verirlər ki, aktivlərini daha təhlükəsiz şəkildə saxlasınlar.

2022-ci ildən etibarən sanksiyalar mövzusu çox aktual oldu.

ABŞ və onun müttəfiqləri Rusiyaya qarşı çoxsaylı məhdudiyyətlər tətbiq etdilər və hətta Rusiya Mərkəzi Bankının ehtiyatlarını dondurdular. Bu fonda qızıl ehtiyatlarına maraq kəskin şəkildə artdı, çünki Qərb ölkələri münasibətlərin pisləşəcəyi təqdirdə qızıla müdaxilə edə bilməz. Bunu Rusiyanın timsalında görmək mümkündür – onun böyük qızıl ehtiyatı toxunulmaz qaldı.

“İnkişaf etməkdə olan iqtisadiyyata malik bir çox ölkə qızıl alır ki, Rusiya kimi eyni vəziyyətlə üzləşməsinlər. Rusiyanın xarici valyuta ehtiyatlarının təxminən yarısı ABŞ və müttəfiqləri tərəfindən dondurulmuşdu”, - deyə məqalədə bildirilir.

Bu ölkələr sadəcə qızıl almırlar, həm də onu ABŞ dollarına dəyişirlər. Beləliklə, dedollarizasiya prosesi baş verir. Nəticədə ABŞ və Böyük Britaniyada qızıl anbarları boşalmağa başlayıb. Yaxın zamanda Hindistan İngiltərə Bankından 100 ton qızıl külçəsi çıxarıb. Öz növbəsində, Səudiyyə Ərəbistanı, Misir və bir neçə Afrika ölkəsi Nyu-Yorkdakı Federal Ehtiyat Bankından öz qızıl ehtiyatlarını geri qaytarıblar. Məqalədə bildirilir ki, artıq bir ölkənin mərkəzi bankının digər bir ölkənin mərkəzi bankında öz qızıl ehtiyatlarını saxlama dövrü keçib.

Nəsimi,
Xüsusi olaraq Musavat.com üçün

24.10.2024 12:41
1172