Öz torpaqlarına sahib çıxmağın ən ideal modelini ortaya qoyan Azərbaycan dünyaya örnəkdir
Hər il noyabrın 16-sı Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Məqsəd qurumun nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamının bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamasına çağırışdır.
Amma son illərdə dünyada ekstremizm və zorakılığın güclənməsi müşahidə olunur ki, bu da təəssüf hissi doğurur. Hazırda dünyanın müxtəlif yerlərində münaqişə ocaqları alovlanması onu göstərir ki, qəbul olunmuş sənədlərə bir çox ölkələr məhəl qoymur, başqasının torpağını zəbt etmə hərisliyinin qarşısını heç bir qətnamələr, sənədlər ala bilmir...
Elə misal üçün 2022-ci ilin fevralından başlayan Rusiya-Ukrayna müharibəsini göstərmək olar ki, qızğın, amansız döyüşlər hələ də davam edir. Müharibə nəticəsində minlərlə günahsız insan vəfat edib, itkin və əsir düşüb.
İkinci böyük müharibə isə hazırda İsraillə Fələstin arasında baş verir ki, bunu da dünya ürəkağrısı ilə izləyir. Qeyd etmək yerinə düşər ki, oktyabrın 7-dən bu günə qədər Qəzza zolağında həlak olanların sayı 11240 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölənlərin 4609-nun uşaq, 3100-nün qadın olduğu bildirilir. Onu da qeyd edək ki, İsrail-Fələstin münaqişəsinin tarixi ötən əsrin ortalarına gedir. 1947-ci ildə BMT-də Fələstinin ayrı-ayrı yəhudi və ərəb dövlətlərinə bölünməsinə, Yerusəlimin (Qüds) BMT nəzarəti altında xüsusi statusa malik ayrıca bir şəhərə çevrilməsinə səs verildi. Bunu İsrail qəbul etsə də, bəzi ərəb ölkələri ona qarşı çıxdı. Nəticədə tərəflər arasında münaqişə yarandı. Sonradan bəzi ərəb ölkələri də, BMT kimi, İsraili müstəqil dövlət kimi tanıyıblar. Fələstin isə hazırda BMT-də müşahidəçi statusuna malikdir. Maraqlıdır ki, hazırda dünya iki istiqamətə bölünüb - bir qisim İsrailə, digər qisim isə Fələstinə dəstək verir. Halbuki ölkələr münaqişənin yatırılması üçün addımlar atmalı olduğu halda biz əks mövqeyi müşahidə edirik. Yeri gəlmişkən, Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət yanaşması əsasında sülh yolu ilə həllini dəstəkləyir. Ümumiyyətlə, Azərbaycan öz torpaqlarına 30 ildən sonra sahib çıxmağın ən ideal modelini ortaya qoydu. Bunu həm 44 günlük Vətən savaşında, həm də 2023-cü ilin 23 saatlıq antiterror tədbiri zamanı bütün dünyaya nümayiş etdirdi. Bir mülki vətəndaşa zərər dəymədən öz ərazi bütövlüyünü, suverenliyini əldə etməklə Azərbaycan dünyaya necə ədalətli, humanist, tolerant, qərəzsiz olduğunu açıq şəkildə göstərdi. Heç şübhəsiz, Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakı və bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılması ölkədə tolerant düşüncənin artıq tam bərqərar olduğunu göstərir. Prezident İlham Əliyev dindarlarla görüşlərində İslam dininə elmi yanaşmanı, İslam elminin və fəlsəfəsinin öyrənilməsini mühüm şərt kimi səciyyələndirib. Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.
Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete həzrətləri xristianların durumu və dövlət tərəfindən din sahəsində aparılan siyasət haqda danışarkən bunu bir daha vurğulayıb: “Azərbaycan, şübhəsiz ki, müxtəlif xalqların, müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasının nümunəsidir. Bu, iki əsas amillə bağlıdır: azərbaycanlı təfəkkürü üçün ənənəvi olan digər dinlərə tolerant münasibət və xalqın bu gözəl ənənəsinə söykənən dövlətin multikulturalizm siyasəti. Məhz bu ənənə Azərbaycanda inkişaf etdirilir və möhkəmləndirilir. Azərbaycanda xristianların durumuna gəlincə, ilk növbədə qeyd etmək lazımdır ki, buradakı xristianlar ölkənin tamhüquqlu vətəndaşlarıdır. Onlar Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş bütün hüquq və azadlıqlardan istifadə edir və ölkə vətəndaşları kimi öz vəzifələrini daşıyırlar. Ölkədə xalqın birliyi təmin olunur, ona görə də buradakı xristianlar, müsəlmanlar, yəhudilər, digər dini icmaların nümayəndələri kimi sevinc və kədəri birgə bölüşür, bir-birinə kömək edir, ölkənin inkişafında, təhlükəsizliyinin təmin olunmasında iştirak edirlər...”
Bir sözlə, Beynəlxalq Tolerantlıq Günündə dini inanclarda təcəssüm olunan müxtəliflikdə təhlükə axtarmaq lazım deyil, bu hər bir cəmiyyət üçün bir bəxşişdir.
Yazını hazırladı: Afaq MİRAYİQ