Dünyanın ən yaşlı adamı Con Alfred Tinnisvud 112 yaşını qeyd edib.
O, uzun ömür sürməsinin sirrini bölüşüb. Bildirib ki, çox yaşamaq istəyirsənsə, sadə olmalısan.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Con Alfred rekord yaşını Mersisayddakı qocalar evində qeyd edib.
"Titanik"in batdığı ildə - 1912-ci ildə anadan olan Tinnisvud 114 yaşlı venesuelalı Xuan Visente Peresin ölümündən sonra dünyanın ən yaşlı adamı olub.
İkinci Dünya Müharibəsində orduda xidmət edən Tinnisvud uzun ömür sürməsinin səbəbini belə izah edib: “Sadə bir həyat sürdüm, pəhriz saxlamadım, nə verdilərsə, yedim”.
112 yaşlı qoca bu gün kimsənin yardımı olmadan sərbəst hərəkət edə bilir.
Onun sözlərinə görə, uzun yaşamağın bir sirri də hər şeyi ölçülü şəkildə etməkdir: “Nə çox yemək, nə çox içmək, nə də çox gəzmək lazımdır”.
Tinnisvudun gənc nəsillərə verdiyi ən mühüm tövsiyə isə bu olub: “Əl atdığınız hər işin ən yaxşısını etməyə çalışın, çünki əks halda bunu etməyə dəyməz”.