“QatarEnergy” dövlət şirkəti mayeləşdirilmiş təbii qazın (LNG) Qırmızı dəniz vasitəsilə daşınmasını dayandırır.
Musavat.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Şirkət 2023-cü ilin noyabr ayının ortalarından Qırmızı dənizdə ticarət gəmilərinə hücum edən Yəmənin üsyançı Husi “Ənsar Allah” hərəkatının hərəkətləri səbəbindən “təhlükəsizlik məsləhəti” alana qədər bu marşrutdan istifadə etməmək qərarına gəlib. Agentlik mənbələrinə görə, “QatarEnergy” Qırmızı dənizdən keçidin təhlükəli qalacağı təqdirdə, yüklərini Afrikanın cənubundakı Ümid burnundan keçirəcək. Reuters qeyd edir ki, şirkət LNG istehsalını dayandırmayıb.
Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücumlar edəcəklərini və Fələstində əməliyyat dayanana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər.
ABŞ Mərkəzi Komandanlığının hesablamalarına görə, husilər keçən il noyabrın ortalarından bəri Qırmızı dənizdə 20-dən çox mülki gəmiyə hücum edib.
Musavat.com