Səmərqənddəki Konqres Mərkəzində Özbəkistanın Mədəni İrsin Öyrənilməsi, Qorunması və Populyarlaşdırılması üzrə Dünya Cəmiyyətinin (WOSCU) VIII Beynəlxalq Konqresinin bağlanış mərasimi keçirilib. Dünyanın 35 ölkəsindən 300-dən çox iştirakçı Səmərqənd bəyannaməsini qəbul edərək Özbəkistan Respublikasının Prezidentinə ənənəvi müraciətlə çıxış ediblər.
Tədqiqatçılar bu il avqustun 24-də keçirilmiş “Böyük əcdadların irsi - Üçüncü İntibahın təməli” VIII Beynəlxalq Konqresinin açılışı münasibətilə tədbir iştirakçılarını salamladığına görə Şavkat Mirziyoyevə minnətdarlıqlarını bildiriblər və qeyd ediblər ki, Özbəkistan Respublikası Prezidentinin münasibəti onları “yeni kəşflərə və nailiyyətlərə ruhlandırır”.
“Biz sizin həmfikirləriniz olaraq Yeni Özbəkistanda bütün sahələrdə, o cümlədən təhsil, elm, mədəniyyət, maarifləndirmə sahəsində həyata keçirilən və “Üçüncü İntibah” adlanan genişmiqyaslı islahatları tam dəstəkləyirik. Yeni Özbəkistan elm və təhsil mərkəzlərindən biri kimi getdikcə dünya şöhrəti qazanır. Yüksək mənəviyyat, təhsil, eləcə də ölkənin mədəni irsinin öyrənilməsi və qorunub saxlanmasının ölkənin sabit inkişafının və firavan gələcəyinin bərqərar olmasının təminatı olması fikrinizlə tam razıyıq”, - deyə müraciətdə bildirilir.
Müraciətdə Özbəkistan rəhbərinin unikal meqa layihəsi - Özbəkistanda İslam Sivilizasiyası Mərkəzi yüksək qiymətləndirilib. İştirakçılar mədəniyyət ocaqlarını ziyarət edib, İslam Sivilizasiyası Mərkəzində və İmam əl-Buxari Ruhani Mərkəzində tikilən əzəmətli binalarla tanış olublar. Konqres zamanı Özbəkistandakı İslam Sivilizasiyası Mərkəzinin keyfiyyətli məzmunla doldurulması üçün birgə layihələrin hazırlanmasına yönəlmiş 300-dən çox məruzə, təklif, müsahibə, bəyanat və təqdimat təqdim olunub.
Qəbul edilmiş Səmərqənd bəyannaməsi qurultayın dörd günlük işini yekunlaşdıraraq, tədbir iştirakçılarının inkişaf və maarifçilik ideyalarına sadiqliyini təsdiqləyib.
Konqresin yekun iclasında WOSCU beynəlxalq mükafatı - “Qızıl kitab” təqdim olunub, bu il o, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Türkiyə, Böyük Britaniya və digər ölkələrdən 10 şərqşünasa layiq görülüb.
Qurultaya həmçinin CNN, Euronews, “Rossiya-Kultura”, “Mir”, “Rossiya-24”, “Yeni Müsavat” Media Qrupu və Mərkəzi Asiya ölkələrinin telekanalları da daxil olmaqla 20 xarici KİV-dən jurnalistlər dəvət olunub.
Musavat.com