Anar İsgəndərli: “Azərbaycan gəncliyi sübut etdi ki...”
Fevralın 2-də Azərbaycanda Gənclər günü qeyd olunur. Ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Hər il gənclər günü ərəfəsində ölkədə gənclər siyasəti yenidən təftiş edilir, gənclərin müxtəlif sahələrdəki fəallığına, onların gördüyü işlərə bir daha nəzər salınır.
“Yeni Müsavat” qəzetinin əməkdaşı millət vəkili Anar İsgəndərli ilə bu mövzuda söhbətləşib. A.İsgəndərli Azərbaycanda gənclər siyasətinin bugünkü vəziyyyətini bu cür dəyərləndirib:
Anar İsgəndərli
“1997-ci ilin fevralında Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda hər il fevralın 2-si Gənclər günü kimi qeyd olunur. Əslində SSRİ-nin bizə təbliğ etdiyi ən böyük səhvlərdən biri dünyada baş verən hər hadisənin fəhlə hərəkatı ilə bağlı olması fikridir. Zaman keçdi, məlum oldu ki, dünyada baş verən proseslərin iştirakçısı, onun hərəkətverici qüvvəsi gənclikdir. Gənclik hər şeyə qadirdir. Həcmindən, formasından asılı olmayaraq baş verən müharibələrdə əsas söz sahibi gənc insanlardır. Buna görə də müstəqilliyini elan edən Azərbaycanın gəncliyin Vətənə olan məhəbbətinə ehtiyacı var idi. Uzaqgörən siyasətçi olan Heydər Əliyev başa düşürdü ki, Birinci Qarabağ müharibəsində məğlubiyyətin səbəblərindən biri də Azərbaycan gəncliyini səfərbər edib cəbhəyə göndərə bilməmək idi. O zamankı rəhbərlik bunu edə bilmədi. Buna görə də Heydər Əliyev Azərbaycanın ağrılı problemi olan keçmiş Dağlıq Qarabağ problemini həll etmək üçün hər şeydən öncə dünya azərbaycanlılarını bu prosesə qoşdu, yəni problemi hər kəsin problemi edə bildi. Eyni zamanda Azərbaycan gəncliyini Vətəni sevmək, müdafiə etmək, düşmən işğalından azad etmək üçün bu gücü birləşdirməyə ehtiyac duyurdu. Ümummilli lider öz tarixi çıxışı ilə, gənclər gününü təsis etməklə bir daha gəncliyi Vətənə məhəbbət ruhunda tərbiyə etmək üçün yol xəritəsini təqdim etdi. Fevralın 2-si Azərbaycan tarixində böyük hadisədir. Eyni zamanda vurğulamaq yerinə düşər ki, nə MDB, nə də Avropanın əksər ölkələrində 1997-ci il sərəncamına qədər gəncliklə bağlı belə qərarlar olmamışdı”.
A.İsgəndərli qeyd etdi ki, bu günə qədər Azərbaycan gəncliyinin ən böyük uğuru 44 günlük Vətən müharibəsində əldə olunan qələbədir: “Azərbaycan gəncliyi Vətənə olan məhəbbətini bütün dünyaya bəyan etdi. Bu gənclik o qədər böyük gənclikdir ki, Şuşanı işğaldan əlləri, dırnaqları ilə azad etdi. Azərbaycan gəncliyi sübut etdi ki, bu tarixi torpağı toplarla azad etməyə ehtiyac yoxdur. Bununla da bütün dünyaya sübut etdi ki, Şuşa Azərbaycanın tarixi torpağıdır. Eyni zamanda Azərbaycan gəncliyi nəyin bahasına olursa-olsun, torpağını düşmən işğalı altında qoymadığını bəyan etdi. Ali Baş Komandan demişdi: "17 il ərzində bir gün də əsgərimdən ayrı qalmadım. O əsgər Azərbaycan gəncidir. Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Azərbaycan gəncliyi 44 günlük müharibənin qəhrəmanıdır. O öz seçimini edib. İlk dəfə səs verəcək yeni nəsil də seçimini edib. Seçki kampaniyası ilə bağlı seçicilərlə görüşəndə ən çox fəallığı gənclərdə müşahidə edirik. Dövlət gəncliyi himayə edir. Gənclər üçün geniş imkanlar açılır. Azərbaycan gəncliyi məsul işlərdə sınanır. Bütün bunlar onu göstərir ki, 2024-cü il həm də Azərbaycan gəncliyinin ilidir. 2023-cü ilin sentyabrından sonra Azərbaycan ilk dəfə suverenliyini bərpa etdi, bütövləşdir, üçrəngli bayrağımız Azərbaycanın hər yerində dalğalanır. Bu əslində gəncliyin, xalqın, dövlətin qələbəsidir. Düşmən nə qədər təbliğat aparsa da, son sözü Ali Baş Komandan və onun yetişdirdiyi Azərbaycan gəncliyi dedi".
Millət vəkili işğaldan azad edilən ərazilərin yenidən qurulmasında Azərbaycan gəncliyinin rolundan da danışıb: “İşğaldan azad edilən ərazilərdə Azərbaycan gəncləri gecə-gündüz çalışır. Kəlbəcərin yenidən qurulmasında, Laçının dünyanın gözünə çevrilməsində, dövlət başçısının sözü ilə desək, Laçının cənnətə çevrilməsində, Azərbaycan gəncliyi öz sözünü deyir. Füzulinin Məhəmməd Füzulinin adına layiq qurulmasında gənclik fəaldır. Bir sözlə, bütün proseslərdə gənclər öndədir. Azərbaycanın dövlət başçısının ən etibarlı komandası, dostları gənclərdir. Gənclik hər şeyə qadirdir-güc mənbəyidir, böyük arzudur, rəşadətdir. Çünki insan məhz bu yaşlarında arzularını ortaya qoyur və onları reallaşdırmaq üçün mübarizəyə başlayır. Əminəm ki, 2024-cü ilin fevralın 7-də keçiriləcək seçkidə Azərbaycan gəncliyi qalib çıxacaq və öz sözünü deyəcək, Azərbaycanın dövlət başçısının rəhbərliyi altında yeni zirvələr fəth edəcək. Azərbaycan gəncliyi həm də dünyaya mesaj verdi-harada yaşamasından asılı olmayaraq dövlət başçısının səsinə səs verilir. Vaxtilə Ümummilli lider Heydər Əliyevin dediyi kimi, hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq Azərbaycan üçün çalışmalı, bizim haqq işimizi dünyaya çatdırmalıdır. Bu təbliğat uğurla aparıldı. Gənclik Ali Baş Komandan, dövlət başçısı İlham Əliyevin tarixi fikirlərini özü üçün təcrübə məktəbinə çevirib və ondan uğurla istifadə edir. Azərbaycan ona görə xoşbəxtdir ki, böyük və ümid verən gəncliyi var. Bu gənclik hər an Azərbaycanın haqq işi üçün, xoşbəxtliyi üçün çalışır, qəhrəman adını qoruyub saxlayır”.
Yazını hazırladı: Nigar HƏSƏNLİ