Beynəlxalq Enerji Agentliyi (IEA) 2024-cü ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu yenidən azaldıb.
Musavat.com təşkilatın hesabatına əsasən xəbər verir ki, cari ildə neftə olan tələbat əvvəlki təxminlə müqayisədə sutkada 140 min barel daha az - 1,1 milyon barel artacaq. 2025-ci ildə tələb artımı builki səviyyəsini bir qədər üstələyərək 1,2 milyon barel təşkil edəcək.
Beləliklə, 2024-cü ildə neftə tələbat 103 milyon bareldən bir qədər çox ola bilər. Aprel hesabatında təşkilat bu il tələbatın sutkada 1,2 milyon barel (martda olduğundan 130 min barel az), 2025-ci ildə isə 1,1 milyon barel artacağını gözləyirdi.
Agentlik qeyd edir ki, mülayim qış və sənayedəki zəif aktivlik fonunda əsasən Avropada yanacaqdan istifadənin azalması birinci rübdə OECD ölkələrində tələbatın azalmasına səbəb olub.
Mart ayında qlobal kommersiya neft ehtiyatları 34,6 milyon barel artıb. Bu zaman dəniz ehtiyatları pandemiyadan sonrakı yeni rekorda çatıb, quruda ehtiyatlar isə 5,1 milyon barel azalaraq 2016-cı ildən bəri ən aşağı səviyyəyə düşüb. OECD ehtiyatları mart ayında 8,8 milyon barel azalaraq iyirmi ilin ən aşağı səviyyəsinə enib, qeyri-OECD ehtiyatları isə noyabrdan bəri ilk dəfə artıb. İlkin məlumatlara görə, aprel ayında neft ehtiyatları artmaqda davam edib.
Musavat.com