Dünyada İLK: Robotlar 16 yaşlı xəstəyə ürək köçürdü

Səudiyyə Ərəbistanında Kral Faysal Araşdırma Mərkəzinin (KFSHRC) və ixtisaslaşmış xəstəxananın mütəxəssisləri dünyada ilk dəfə tam robotlaşdırılmış ürək transplantasiyasını həyata keçiriblər.

Musavat.com xəbər verir ki, bu barədə Səudiyyənin Mətbuat Agentliyi (SPA) məlumat yayıb.

Son mərhələ ürək çatışmazlığı olan 16 yaşlı xəstədə əməliyyat 2,5 saat davam edib. Mərkəzin ürək cərrahiyyəsi şöbəsinin müdiri, Robototexnika və Minimal İnvaziv Cərrahiyyə Proqramının direktoru doktor Feras Halielin rəhbərlik etdiyi həkimlər qrupu transplantasiya üçün bir neçə həftə hazırlaşıb.

Komanda əvvəlcə riskləri minimuma endirmək üçün plan, sonra isə döş qəfəsini açmadan xəstənin ürəyinə daxil olmaq üçün cərrahi strategiya hazırlayıb. Əməliyyatdan əvvəl mütəxəssislər tibbi simulyatorlarda üç gün ərzində yeddi dəfə proseduru həyata keçiriblər.

SPA vurğulayır ki, səudiyyəli həkimlərin bu nailiyyəti ölkənin səhiyyə sahəsində liderliyini gücləndirir və tədqiqat mərkəzinin tibbdə innovativ üsulları tətbiq etmək bacarığını nümayiş etdirir. Bu ürək transplantasiyası fəsadlar riskini azaltmağa və sonra uzun müddət bərpa tələb olunan ənənəvi əməliyyatlardan qaçmağa imkan verir.

Kral Faysal Araşdırma Mərkəzinin baş direktoru doktor Məcid əl-Fəyyad da bu proseduru 1960-cı illərdə ilk transplantasiyadan sonra ürək transplantasiyası sahəsində real irəliləyiş adlandırıb: “Dünyada ilk robot ürək transplantasiyasının uğuru təkcə bizim müəssisəmiz üçün deyil, həm də bütün krallıq üçün Səudiyyənin 2030-cu ilə baxış proqramına uyğun olaraq ixtisaslaşmış tibbdə qlobal liderliyə doğru irəliləyişdir”.

 

Musavat.com

14.09.2024 01:51
467