Sabah, iyulun 16-da Ali Məhkəmədə İrina Vatolinanın barəsindəki qərardan kassasiya şikayəti üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək.
İrina Vatolina Azərbaycanın korifey sənətkarı, dünyaca məşhur müğənni, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovdan ailəsinə yadigar qalan brilyantları, qızıl-zinət əşyalarını oğurlamaqda suçlu bilinir. 42 yaşlı xanım məhkəmə zalında həbs edilib.
Musavat.com xəbər verir ki, ötən ilin yayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İrina Vatolina 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. O, barəsindəki hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Məhkəmə onun şikayətini təmin etməyib. Pravda.az yazıb ki, onun şikayətinə Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə baxılacaq.
İttihama görə, İrina Vatolina xadimə işlədiyi Səbail rayonu, Neftçilər prospekti, ev 67, mənzil 30 ünvanında yerləşən mənzilindən oğurluq edib. Həmin mənzil Rəşid Behbudovun kürəkəni Kamil Şahverdiyə məxsusdur. Belə ki, 2022-ci ilin avqustda Kamil Şahverdi evindən 53 814 manat məbləğində qızıl-zinət əşyaların oğurlandığını aşkar edib. Oğurluqla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra İrina Vatolina şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə ittiham elan edilib. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərib ki, zərərçəkmiş şəxsin evində 3 ilə yaxın işləyib, evdə təmizlik edərkən bijuteriyalardan birini istifadə edib, geri qaytarmaq məqsədi ilə götürüb, götürdüyü əşyalar qolbaq, sırğa və boyunbağı olub.
Kamil Şahverdi isə deyib ki, oğlu və həyat yoldaşı Rəşidə Behbudova 2022-ci ilin aprel ayında ailəsi ilə birlikdə Amerikaya köçüb. O, özü “Space TV”də direktor vəzifəsində çalışıb, həyat yoldaşının səhhətində ciddi problemlər olub. Öz işlərinin çox ağır olması və həyat yoldaşına daha çox vaxt ayırmaq üçün işindən ayrılmalı olub. 2022-ci ilin aprel ayının 3-də oğlu Amerikaya köçərkən həyat yoldaşı bütün nəslin illərlə qoruyub-saxladığı zinət əşyaları olan çantanı açıb gəlininə üzük hədiyyə edib, həmin vaxt zinət əşyaları hamısı yerində olub. Kamil Şahverdi bildirib ki, mənzilin sahəsi böyükdür və həyat yoldaşı çox vaxt yataqda olub. Təqsirləndirilən şəxs bir neçə dəfə sellofanlara nəsə yığıb aparanda nə olduğunu soruşub, İrina da zibil olduğunu deyib. İrina arada iti götürüb gəzdirmək adı ilə çıxıb və 1-2 saat sonra geri qayıdıb. O, hiss edib ki, təqsirləndirilən şəxs evdən nəsə aparır. Avqust ayında evdə ustalar işləyib, buna görə də həyat yoldaşı Rəşidə Behbudova oğlunun yataq otağında yatıb. Oğlunun otağına keçəndə onu çağırıb, otağa gələn zaman balışın içinə qutu qoyulduğunu görüb. Qutuda qızıl kolye və təsbeh olub. Bundan sonra onlar başa düşüb ki, təqsirləndirilən şəxs həmin qızılları qeyd olunan otağa qoyub, oradan da aparıb.
Zərərçəkmiş şəxs Kamil Şahverdi məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirib ki, şikayət ərizəsində oğurlanmış əşyaların tam siyahısını göstərməyib, yalnız qızıl-zinət əşyalarını qeyd edib. Eyni zamanda onun evindən bahalı çantalar, saatlar, eynəklər, paltarlar da oğurlanıb. Həmin əşyalara o qədər də əhəmiyyət vermədiyinə görə şikayət ərizəsində qeyd etməyib. Yalnız oğurlanmış əşyaların içərisində Rəşid Behbudovdan onun ailəsinə yadigar qalan, əntiq qızıl və brilyant əşyalar qeyd edilib. Kamil Şahverdi təqsirləndirilən şəxsin 50 il əvvəl Rəşid Behbudovun öz həyat yoldaşına və ailəsinə aldığı qızıl-zinət əşyalarını qaytaracağı təqdirdə şikayətçi olmayacağını bildirib.
Kamil Şahverdi uzun illər “Space TV”nin icraçı direktoru, daha sonra baş direktoru olub, o, həmçinin Rəşid Behbudov Fondunun direktorudur.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com