2023-cü ilin iyununda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrdə inflyasiya maydakı illik 6,5 faizdən 5,7 faizə qədər azalıb. Musavat.com təşkilatın açıqladığı məlumata istinadən xəbər verir ki, bu, 2021-ci ilin noyabrından bəri ən aşağı göstəricidir.
Qiymətlərin azalması Almaniya və Yaponiya istisna olmaqla, OECD-ə daxil ölkələrin hamısında qeydə alınıb. İyunda təşkilata daxil olan ölkələr arasında ikirəqəmli inflyasiya olanların sayı 9-dan 5-ə düşüb.
OECD ölkələrində iyun ayı ərzində enerjidaşıyıcılarının qiyməti 9,6 faiz azalıb, ərzaq məhsullarının qiyməti isə 10,1 faiz artıb. Bu məhsulların dəyəri nəzərə alınmadan hesablanan baza inflyasiyası illik ifadədə 6,6 faiz təşkil edib.
G7 ölkələrində inflyasiya hesabat ayında əvvəlki aydakı 4,6 faizdən 3,9 faizə, G20 ölkələrində isə 5,9 faizdən 5,5 faizə düşüb.
Avrozonada qiymət artımı əvvəlki aydakı 6,1 faizdən iyunda 5,5 faizə qədər zəifləyib. Avrozona statistika qurumunun ilkin hesablamalarına əsasən iyulda bu göstərici daha da azalaraq 5,3 faiz təşkil edib.
Göründüyü kimi, əksər ölkələrdə inflyasiya hədəf göstəricilərə sürətlə yaxınlaşır. Azərbaycanda isə proses çox ləng gedir. Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda qiymətlər 2022-ci ilin yanvar-iyun aylarına nisbətən 12,7 faiz bahalaşıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları 15,1 faiz (bilavasitə ərzaq məhsulları 15,9 faiz), qeyri-ərzaq məhsulları 11,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 10,5 faiz bahalaşıb. İyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz azalıb, əvvəlki ilin iyun ayına nisbətən 10,6 faiz təşkil edib.
Azərbaycan hökuməti inflyasiyanın azalma sürətini qənaətbəxş hesab etmir. Bu barədə Prezident İlham Əliyev 6 ayın sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında danışıb. Prezident deyib ki, inflyasiyanın ikirəqəmli olması hökuməti düşündürməlidir: “Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər. Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblər də vardır. Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil”.
Əli Əsədov
Ardınca iyulun 15-də Baş nazir Əli Əsədov Azərbaycanda inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə İşçi qrupun yaradılması barədə sərəncam imzalayıb.
İyulun 21-də Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun sədrliyi ilə İşçi qrupun ilk iclası keçirilib. Açıqlanan məlumatdan aydın olur ki, iclasda istehlak səbətinə daxil olan məhsul və xidmət növü üzrə qiymətlərin, o cümlədən kənd təsərrüfatı və sənaye məhsullarının istehsalçı qiymət indekslərində dəyişmələrin daha dərindən araşdırılması, ticarət tərəfdaşlarında inflyasiya, eləcə də idxal inflyasiyası ilə bağlı olaraq idxal olunan məhsulların qiymət indeksləri və daxili bazarda qiymətlərə təsiri, inflyasiyanın artırıcı və azaldıcı faktorları və həyata keçirilən antiinflyasiya tədbirləri, habelə sağlam rəqabətin qorunması, daxili bazarda qiymətlərlə manipulyasiyaya yol verilməməsi və antiinhisar tədbirlərinin gücləndirilməsi məsələləri geniş müzakirə olunub. İclasın yekununda müzakirə olunan məsələlər barədə aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.
Azərbaycan Maliyyə Nazirliyi bildirir ki, dünya iqtisadiyyatında inflyasiya təzyiqinin və qlobal siyasi-hərbi gərginliyin davam etməsi gələcək iqtisadi perspektivlər üzrə qeyri-müəyyənliyi artırıb.
Azərbaycan hökuməti ilkin proqnozlarında 2023-cü ildə orta illik inflyasiyanı 6,9 faiz səviyyəsində nəzərdə tutsa da, may ayında yenidən baxılma zamanı bunu faktiki göstəricilər, gözlənilən meyillər nəzərə alınmaqla 10,4 faizədək artırıb.
Mərkəzi Bank isə bildirir ki, Azərbaycanda illik inflyasiya həm xarici, həm də daxili amillərdən təsirlənərək azalıb. Belə ki, tərəfdaş ölkələrdə inflyasiyanın azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyələrə qayıtması inflyasiyaya azaldıcı təsir göstərib: “Qiymətləndirmələrə görə, ticarət tərəfdaşı olan ölkələr üzrə orta çəkili inflyasiya cari ilin iyununda ötən ilin oktyabrında müşahidə edilən pik səviyyə ilə müqayisədə 2 dəfədən çox azalıb. Bu, əsasən qlobal iqtisadi aktivliyin zəifləməsi, qlobal enerji qiymətlərinin azalması və əksər ölkələrdə həyata keçirilmiş sərt pul siyasəti ilə izah edilir. Dünya Bankının əmtəə bazarları haqqında son hesabatına əsasən, iyunda illik əsasda əmtəə qiymətləri 37.1 faiz, o cümlədən enerji qiymətləri 45.1 faiz, qeyri-enerji qiymətləri 15.1 faiz enib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, ərzaq qiymətləri iyunda illik əsasda 20.9 faiz azalıb. Eyni zamanda valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi (Birinci yarımillikdə 10.3 faiz), qəbul edilmiş pul siyasəti qərarları monetar şərait vasitəsilə inflyasiya təzyiqlərini azaldıb. Xarici mühitin əlverişli olması, ölkənin qeyri-neft ixrac potensialının yüksəlməsi valyuta bazarında tarazlığın dəstəklənməsində xüsusi rol oynayıb. 2023-cü ilin birinci rübündə cari hesablar balansının profisiti 3.4 milyard ABŞ dolları və ya ÜDM-in 18.9 faizi səviyyəsində olub. Xarici sektorda müsbət proseslər növbəti rübdə də davam edir”.
AMB-nin qənaətincə, qeydə alınan müsbət göstəricilərlə yanaşı, inflyasiyanı artıracaq amillərin tam aradan qalxdığını söyləmək mümkün deyil: “İnflyasiya tempində müşahidə olunan azalmaya baxmayaraq xarici mühitin yüksək dəyişkənliyi, məcmu tələbin izafi genişlənməsi riski inflyasiyaya artırıcı təsir edən amillər kimi qiymətləndirilə bilər. Davam edən geosiyasi münaqişə zəminində beynəlxalq logistika zəncirinin pozulması, bir sıra ölkələrdə inflyasiyanın uzun müddət hədəf səviyyələrindən yuxarıda qalması gözləntiləri müxtəlif kanallarla inflyasiya proseslərinə təsir potensialını saxlayır.
Ümumilikdə inflyasiyanı azaldan amillərin güclənməsi ilin sonuna və 2024-cü ilə illik inflyasiyanın hədəfə yaxınlaşması ehtimalını artırır".
AMB İdarə Heyətinin sədri Taleh Kazımovun fikrincə, Azərbaycan kimi idxaldan qismən asılı olan ölkələrdə uçot dərəcəsi inflyasiyaya təsir etmir. Onun sözlərinə görə, 2023-cü ilin sonuna kimi Azərbaycanda inflyasiyanın 6-7 faizə enəcəyi gözlənilir: “2024-2025-ci illərdə istehlak qiymətlərinin artımında 4-6 faiz baza səviyyəsinə nail olunması gözlənilir”.
Elman Sadıqov
İqtisadçı-ekspert Elman Sadıqovun dediyinə görə, inflyasiyaya qarşı mübarizə tədbirləri hər bir ölkədə fərqli alətlərlə aparılmalıdır: “Müxtəlif ölkələrdə inflyasiyanı doğuran səbəblər müxtəlif ola bilər. Buna görə də hansısa ölkənin tətbiq etdiyi alətləri götürüb bütün ölkələrdə tətbiq etmək mümkün deyil. Yəni burada kopi-past yaramır. Məsələn, ABŞ və digər bir sıra ölkələrdə inflyasiyanın səbəbkarı kimi istehlak bazarında baş verən hadisələr, daşıma zəncirindəki qırılmalar və sair çıxış etdiyinə görə ona qarşı mübarizədə daha çox monetar alətlərdən istifadə olunur. İstehlak bazarı idxaldan asılı olan ölkələrdə isə inflyasiyanın səbəbi kimi idxal inflyasiyası çıxış edir. Bu halda monetar alətlərlə yanaşı, fiskal mexanizmlərdən də istifadə olunur. Əgər bir ölkədə idxal inflyasiyası varsa, orada mütləq gömrük rüsumlarına baxılmalıdır. Digər tərəfdən, inflyasiyanı tətikləyən məhsullar müəyyənləşdirilməlidir. İnflyasiyanı artıran amillər nəzarət altında olmalıdır”.
Qeyd edək ki, Azərbaycanda inflyasiyaya ən çox artırıcı təsir idxal olunan ərzaq məhsullarındandır. İyul ayında isə 2023-cü ildə ilk dəfə qlobal ərzaq qiymətlərində artım qeydə alınıb. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının hesablamalarına əsasən qlobal ərzaq qiymətləri indeksi iyulda 123,9 bənd təşkil edib. Bu isə iyunla müqayisədə 1,3 faiz artım deməkdir. İllik ifadədə isə qiymətlər 11,8 faiz aşağıdır.
Ümumi ərzaq qiymətlərinin bahalaşmasında aparıcı rol bitki yağlarının qiymətindəki 12,1 faizlik artıma aiddir. Bu zaman günəbaxan yağı 15 faiz bahalaşıb ki, bunda da Ukraynadan məhsulların dünya bazarına çıxarıldığı Qara dəniz Taxıl dəhlizinin fəaliyyətinin dayandırılması əsas səbəbkardır. Palma, soya və raps yağı isə istehsalçı ölkələrdə məhsuldarlığın aşağı düşməsi üzündən bahalaşıb.
İyulda buğda qiymətləri son 9 ayda ilk dəfə artım nümayiş etdirib: 1,6 faiz. Bunun səbəbi kimi FAO Şimali Amerikada davam edən quraqlığı, həmçinin Ukrayna məhsulu ilə bağlı qeyri-müəyyənliyi göstərir.
Düyünün qiymətindəki 2,8 faizlik artım isə Hindistanın bu məhsulun ixracına qoyduğu qadağa ilə bağlıdır. Nəticədə düyü qiyməti 2011-ci ildən bəri ilk dəfə 19,7 faizlik illik artım göstərib.
İyul ayında şəkər qiymətləri 3,9 faiz, süd məhsulları 0,4 faiz, ət isə 0,3 faiz ucuzlaşıb.
Beləliklə, qlobal bazarlardakı yeni bahalaşma dalğası Azərbaycan hökumətinin inflyasiyanı birrəqəmli həddə endirmək istəyinin reallaşması baxımından ciddi təhdid formalaşdırır. Bu təhdid fonunda hökumətin addımlarının nə qədər effektiv olacağını isə ilin sonunda qiymətləndirmək mümkün olacaq.
Dünya SAKİT,
“Yeni Müsavat”