Xəbər verildiyi kimi, dünən Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib.
110 ölkənin nümayəndəsi iştirak etdiyi, mühüm və nüfuzlu beynəlxalq platforma sayılan forumda Azərbaycanın təşəbbüsü ilə ziyalılar, siyasətçilər, qərar qəbul edənləri, media nümayəndələr, vətəndaş cəmiyyətinin təmsilçiləri bir araya gəlib.
Forumun işində iştirak və çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, dünyada əfsuslar olsun ki, yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və yeni təhdidləri görürük və belə məsələlərin həllində Azərbaycanın öz təcrübəsi var.
Prezident çıxışnda deyib: “Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub”.
Gerçəkdən də indiyə qədər ölkəmizdə yaşayan dini konfessiyalar və milli azlıqlarla etnik çoxluğun arasında hər hansı bir münaqişə baş verməyib, ölkəmizin vətəndaşları, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayıblar.
Burada yalnız bir etnik qrupun son 124 ildə 3 dəfə ortalığı qarışdırmasını istisna hal kimi qeyd etmək olar, bu münaqişələrin tarixinə, başlanma səbəbinə nəzər salanda isə zərərli təşəbbüslərin hansı şər-şəbədə yuvasından qaynaqlandığını aydın şəkildə görmək olur.
Prezident forumda dövlət müstəqilliyimizin ilk illərində yaşadığımız çətinliklərlərdən danışıb, ölkənin bu vəziyyətdən çıxa bildiyini qeyd edərək deyib: “Azərbaycanı parçalamaq cəhdləri var idi və aqressiv separatçılıq var idi. Bütün bunlar Azərbaycan xalqının məhz həmrəyliyini, birliyini sınağa çəkdi. Buna görə milli maraqların qorunması bizim uğurumuz üçün çox vacib amil idi”.
SSRİ-nin dağılması ilə bütün postsovet məkanını sarmış “müstəqillik ehtirası” bir qədər spontan xarakter daşısa da, onların bir mərkəzdən idarə olunması faktı vardı. Sanki keçmiş müttəfiq, yeni müstəqil respublikalara sübut etmək istəyirdilər ki, siz Moskvasız yaşaya bilməzsiniz, hamınızda bu cür mərkəzdənqaçma təmayülləri əmələ gələ bilər, çünki sizin müstəqil olmaq hüququnuz varsa, etnik azlıqların da eyni hüququ var.
Halbuki sonrakı illərin təcrübəsi göstərdi ki, müstəqil dövlət olaraq yaşamaq, inkişaf etmək, əhalinin gün-güzəranını təmin etmək üçün hər ölkənin ciddi resursları olmalıdır. Bu, Azərbaycanda vardı, ancaq bir sıra başqa ölkələr öz ayaqları üzərində durmaq üçün çox əziyyət çəkdilər və hələ də çəkirlər. Belə olandan sonra bir neçə rayondan ibarət olan “dövlət”lər necə müstəqil ola və yaşaya bilərdilər? Bu qədər resursla biz hələ də layiq olduğumuz və ürəyimiz istəyən tərəqqiyə nail ola bilməmişik.
Dövlət başçısı obyektiv siyasi reallıqlardan bəhs edərək bildirib ki, bəzi ölkələrin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olub.
Azərbaycan ümumi sayı 150-dən çox olan həmin ölkələrdən biridir. Yüz il öncə dünya ölkələri 10-15 imperiyanın arasında bölüşdürülmüş vəziyyətdə olub. Bu ölkələrin maddi sərvətləri, eləcə də istedadlı, intellektual insan resursları həmin imperiyaların paytaxtına axıb və onların inkişafına, çiçəklənməsinə xidmət edib.
Böyük dövlətlər hələ də bu və ya başqa ad altında öz neo-imperiya ambisiyalarını təmin etməyə çalışırlar. Ona görə də Prezident İlham Əliyev forumda belə bir qəti fikir səsləndirib: “Yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmalıdır. Biz belə bir məsələyə imkan verə bilmərik ki, indi - XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın”.
Doğrudan da hazırda belə ölkələrin başında gələn Fransa sağdan-soldan cəhdlər edir ki, 100, 200 əvvəl olduğu kimi okean ötəsində özünə satellitlər bərqərar etsin. Bu ölkə hələ də Afrikanın bir sıra müstəqil dövlətlərində qoşun saxlayır, onların daxili işlərinə qarışır, fransız dilinin bu ölkələrin dövlət dili kimi istifadə edilməsinə çalışır, onları zorla özünün dominant olduğu “Frankofoniya” təşkilarında birləşdirir və s.
Prezident Əliyev bu barədə deyib: “Dünya məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır”.
Qəribədir ki, Avropa təsisatları bəzən Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə edirlər və bu da onların yeni müstəmləkə tendensiyalarına “xeyir-dua” vermələrinin göstəricisidir.
Musavat.com