Dünya əhalisinin 10 faizi qlobal sərvətlərin 85,7 faizinə sahibdir – Acınacaqlı hesabat

Allianz SE sığorta şirkətinin illik Qlobal Sərvət Hesabatına əsasən, qlobal ev təsərrüfatlarının maliyyə aktivləri 2023-cü ildə güclü iqtisadiyyatlar və inkişaf edən bazarlar fonunda 7,6 faiz artıb. Musavat.com hesabata istinadən xəbər verir ki, bu, əvvəlki ildəki 3,5 faizlik azalmanı tam kompensasiya edib.

Beləliklə, 2023-cü ilin sonunda qlobal ev təsərrüfatlarının maliyyə aktivləri 239 trilyon avro təşkil edib. Xalis aktivlər (borclar çıxılandan sonra qalan) 182 trilyon avro təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən təxminən 15 trilyon avro çoxdur.

Hesabatdan aydın olur ki, üç əsas aktiv sinfində artım tempi qeyri-bərabər olub. Qiymətli kağızlara investisiyalar 11 faiz, sığorta və pensiya yığımları 6,2 faiz artıb. Onlar birja bumu və daha yüksək dərəcələr sayəsində artıb.

COVID-19 pandemiyası səbəbindən illərlə davam edən sürətli artımdan sonra vəziyyət normallaşdığından bank depozitlərinin artımı 4,6 faizə qədər yavaşlayıb. Hesabatda qeyd olunur ki, bu, son 20 ildə ən aşağı artım templərindən biridir.

Ümumilikdə, dünya üzrə banklar cəmi 19 milyard avro əldə ediblər ki, bu da 2022-ci ildə daxil olan vəsaitlərin demək olar ki, yarısıdır: “Əsas günahkar 650 milyard avroluq əmanəti geri çəkən ABŞ ev təsərrüfatlarıdır”.
Ev təsərrüfatlarının maliyyə aktivləri 2023-cü ildə yalnız iki ölkədə - Yeni Zelandiya və Tayvanda azalıb. Asiya və Şimali Amerikada artım templəri oxşar olub – 8 faiz, Amerika ev təsərrüfatlarının sərvəti 8,6 faiz, Çində isə 8,2 faiz artıb. Qərbi Avropa ölkələrinin rezidentlərinin aktivləri 5 faiz, o cümlədən Böyük Britaniyada cəmi 1,5 faiz artıb.
Yüksək inflyasiya səbəbindən 2023-cü ilin sonunda əhalinin real maliyyə aktivləri 2020-ci ilin səviyyəsi ilə müqayisədə faktiki olaraq dəyişməz qalıb. Eyni zamanda pandemiyadan əvvəlki 2019-cu ilə nisbətən onlar 9,1 faiz artıb.

Adambaşına düşən aktivlərin ən yüksək həcmi İsveçrə (382,91 min avro) və ABŞ-da (314,93 min avro) olmaqla digər ölkələrdən əhəmiyyətli fərqlənir. Eyni zamanda, borcları nəzərə alsaq, amerikalılar 255,44 min avroya qarşı 260,32 min avro göstərici ilə isveçrəliləri qabaqlayır.

“Allianz” analitikləri səhm bazarlarında müsbət tendensiya və iqtisadiyyatın gücünü nəzərə alaraq 2024-cü ildə ev təsərrüfatlarının maliyyə aktivlərinin 6,5 faiz artacağını proqnozlaşdırırlar. Lakin növbəti bir neçə il ərzində daha mülayim artım templəri gözlənilir - 4-5 faiz ətrafında.

Maliyyə aktivlərindəki güclü artımdan fərqli olaraq, ev təsərrüfatlarına məxsus daşınmaz əmlakın dəyəri 2023-cü ildə cəmi 1,8 faiz artaraq (140 trilyon avroya qədər) son on ildə ən aşağı artım olub.
Hesabatda həmçinin qeyd olunur ki, maliyyə aktivlərinin konsentrasiyası son dərəcə yüksək olaraq qalır. Əhalinin 10 faizi (orta xalis sərvəti təxminən 273,85 min avro olan təxminən 570 milyon insan) 2023-cü ildə qlobal sərvətin 85,7 faizinə sahib olub.

Musavat.com

07.10.2024 21:40
278