Sovet liderlərini narahat edən məsələlərdən biri SSRİ vətəndaşlarının, xüsusilə də tanınmışların xarici ölkələrdə kommunist rejiminə qarşı çıxışları olub. 1960-cı illərin əvvəllərində bu cür hadisələr daha geniş vüsət alıb. Nikita Xruşovun elm, mədəniyyət, incəsənət, idman sahələrinə qeyri-ciddi, kobud, laqeyd münasibəti nəticəsində bu sahədə çalışanların çoxu ölkəni tərk etmək istəyib. Hamı buna nail olmasa da, xarici ölkələrdə özlərinə yer edənlər sovet rejiminin əleyhinə tənqidi fikirlər söyləməkdən çəkinməyiblər.
Leonid Brejnev hakimiyyətə gəldikdən sonra bu “ənənə”nin qarşısını almaq üçün bütün mümkün variantlara əl atıb və əsasən iki istiqamətdə iş aparılıb. Birincisi, mədəniyyət, incəsənət, elm və idman nümayəndələrinin sosial rifahının yaxşılaşması üçün konkret tədbirlər həyata keçirilib, ikincisi, tez-tez xarici ölkələrə səfər edən bu sahənin adamlarının üzərində DTK nəzarəti gücləndirilib. Bəziləri isə DTK-nın “qara siyahısı”na düşərək tam nəzarətə götürülüb və onlara ciddi məhdudiyyətlər qoyulub.
Adı “qara siyahı”ya düşənlərdən biri də sürətli konkisürmə üzrə 4 dəfə dünya, 6 dəfə SSRİ çempionu, bu idman növü üzrə dünya rekordunu 10 dəfə yeniləyən, əməkdar idman ustası İnqa Voronina (Artamanova) olub.
1936-cı ildə Moskvada anadan olan Voroninanın uşaqlıq dövrü ağır müharibə illərinə düşsə də, o, orta məktəbdə əla qiymətlərlə oxuyub, uşaqlıq illərindən buz meydançalarına hədsiz meyl göstərib və gələcək həyatını idmana bağlayıb.
Artıq 1957-ci ildə, 21 yaşında dünya çempionu titulunu qazanan İnqa Voronina SSRİ-nin ən populyar idmançılarından biri sayılıb. Bir il sonra, 1958-ci ildə növbəti dəfə dünya çempionu adını qazananda sovet idmançısının adı və fotosu dünyanın ən tanınmış kütləvi informasiya vasitələrində tirajlanıb.
Bu populyarlığa baxmayaraq, sovet rejiminin qadağaları dünya şöhrətli idmançının həyatından yan keçməyib. Belə ki, İsveçdə keçirilən turnirlərin birində İnqa Voronina həmin turnirin təşkilat komitəsinin üzvlərindən biri, Benqt soyadlı biznesmenlə tanış olub. Bu adi tanışılıq sonradan ciddi sevgi münasibətlərinə çevrilib. Hətta məsələ o dərəcədə ciddi olub ki, İnqa Voronina SSRİ-ni tərk edib İsveçə getməyə hazır olub.
Bu münasibətlərə görə İnqa Voronina DTK-ya çağırılıb. Onunla ciddi söhbət aparılıb. İdmançı növbəti dünya çempionatına buraxılmayıb, “cəza” tədbiri kimi onun ayda aldığı 3000 rubl məvacib 800 rubla endirilib. Bir ilə yaxın nəzarətdə saxlanıldıqdan sonra İnqa Voroninanın DTK sədri Vladimir Semiçastnı ilə görüşü keçirilib. O, DTK sədrinə İsveç sevdasından əl çəkdiyini bildirib və xahiş edib ki, ona tətbiq edilən məhdudiyyətləri aradan qaldırsınlar. Semiçastnı onun xahişini yerinə yetirib, amma təbii ki, nəzarəti Voroninanın üzərindən çəkməyib.
İnqa Voronina yenidən xarici ölkələrdə keçirilən turnirlərə qatılıb, yeni çempion titulları qazanıb. Amma istər xarici ölkələrdə olanda, istərsə də Moskvada o, dilinə sahiblik etməyərək İsveçə getmək arzusunu bildirib. Bunlar azmış kimi, İnqa Voronina sovet rejiminin ünvanına sərt ifadələr də işlədib.
Növbəti dünya çempionu adını qazananda İnqa Voroninaya Moskvada, Frunze küçəsi 3-də yerləşən binada iki otaqlı mənzil verilib. Adətən bu binadakı mənzillər DTK əməkdaşları üçün nəzərdə tutulub. Eyni zamanda onunla qonşu mənzil sürətli konkisürmədə digər məşhur bir idmançıya, Gennadi Voroninə ayrılıb. Qısa müddət ərzində Gennadi Voronin İnqaya öz sevgisini etiraf edib. Beləliklə də həmkarlar ailə həyatı qurub. Ancaq bu nikah çox da uzun çəkməyib. İlk aylar hər şey qaydasında olsa da, sonralar bu ailədə yaşanan hadisələr çoxlarını təəccübləndirib.
Gennadi Voronin yaşına görə artıq yarışlarda iştirak etməyib. O, fəaliyyətini məşqçi kimi davam etdirib. Günün ikinci yarısından sonra əyyaşlıqla məşğul olan məşqçi axşamlar evdə dava-dalaş salıb. İnqa Voronina çox tez-tez üzündə, gözünün altında yumruq yerləri ilə üzə çıxıb. Münasibətlər dözülməz vəziyyətə çatanda İnqa Voronina anasının yaşadığı evə köçüb.
1965-ci ilin son günündə, yeni il axşamı Gennadi Voronin münasibətlərə aydınlıq gətirmək üçün həyat yoldaşının anasıgilə yollanıb. O, dəhlizdə İnqadan xahiş edib ki, onu evə buraxsın. Mənzilə keçdikdən sonra onlar söhbət etmək üçün ayrıca bir otağa çəkiliblər. Gennadi Voronin cibində gətirdiyi bıçaqla İnqanın ürək nayihəsinə güclü zərbə endirib.
Anası və qardaşı İnqa Voroninanı həkimə çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı cinayət işi açılıb və elə ən maraqlı məqamlar da istintaqın gedişatında üzə çıxıb. İstintaq qatilin xeyrinə aparılıb. Cinayət işinin materiallarında Gennadi Voroninin hadisəni affekt vəziyyətdə törətdiyi xüsusilə qeyd olunub. İş məhkəməyə veriləndə məhkəmə bu faktı əsas götürərək Gennadi Voroninin cəzasını yüngülləşdirərək onu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Cəmi iki ildən sonra isə bu cəza şərti cəza ilə əvəzlənib.
Sözsüz ki, çoxları üçün ölüm hökmünə məhkum olunacaq bir şəxsin iki ildən sonra azadlıqda olması təəccüblü görünüb. Bəzi araşdırmaçıların qənaətinə görə isə Gennadi Voroninə belə güzəştin edilməsinin öz sirri olub. Belə ki, onların versiyasına görə, İnqa Voroninanın qətlə yetirilməsi DTK-nın ssenarisi əsasında baş tutub. DTK İnqa Voroninanın xarici ölkəyə qaçacağını, orada SSRİ-nin əleyhinə danışacağını istisna etməyib. 29 yaşlı idmançını birdəfəlik susdurmaq üçün isə DTK çıxış yolunu məhz onun qətlə yetirilməsində görüb.
İlham Cəmiloğlu,
Musavat.com