Dünya birliyi COP29 üçün niyə Bakını seçdi?

Musa Qasımlı: “Bu qərarın yekdilliklə qəbul edilməsi sadəcə bir toplantının keçirilməsi anlamı daşımır”

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 25 dekabrda sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Sərəncamda deyilir ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. 

Sərəmcamda həmçinin qeyd olunur ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Sərəncamda iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Professor Musa Qasımlı: Azərbaycan dövlət suverenliyini bütün ərazilərində  qurdu - AZƏRTAC

Musa Qasımlı

Milli Məclisin deputatı, professor Musa Qasımlı “Yeni Müsavat”a bildirdi ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29 kimi mötəbər bir tədbirin keçirilməsi üçün Azərbaycanın seçilməsi, eləcə də iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Azərbaycanın dünyada nüfuzunun daha da yüksəlməsində ciddi rol oynayacaq: “Prezident İlham Əliyevin dediyi kimi, bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı və yekdil mövqeyi ilə mümkün olub. Bu, Azərbaycana olan yüksək münasibətdir. 

COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Azərbaycan dövləti dünya ölkələrini bir masa ətrafına yığaraq planet üçün vacib olan iqlim dəyişikliyi məsələsinin müzakirəsinin keçirildiyi toplantıya sədrlik edəcək. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsi barədə qərarın yekdilliklə qəbul edilməsi sadəcə bir toplantının keçirilməsi anlamı daşımır. Bu qərar birincisi, böyük uğur olub, Azərbaycan dövlətinə, Prezident  İlham Əliyevə növbəti etimad, inam və hörməti göstərir, dövlət başçısının, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun ölçülərindən biridir. İkincisi, bu etimad və hörməti Azərbaycan dövləti ötən illərdə yürütdüyü siyasəti ilə qazanıb. Nəticədə ölkənin mövqeləri güclənib, beynəlxalq aləmdə hörməti artıb. Azərbaycan bu hörməti əməli, işi, müstəqil siyasəti, prinsipial mövqeyi, beynəlxalq hüquqa olan sədaqəti ilə əldə edib. 

Üçüncüsü, bu qərarın qəbul edilməsində ölkəmizin bütün ərazisində suverenliyin bərpa edilməsi xüsusi rol oynayıb. Belə bir qərarın lokal xarakterli antiterror tədbirlərindən qısa bir müddət sonra hamı tərəfindən qəbul edilməsi həm dünya ictimaiyyətinin Azərbaycana dəstəyini, həm də Ermənistanın və onun havadarlarının mövcud vəziyyətlə barışdığını göstərir".

Deputat vurğuladı ki, dövlət başçısının söylədiyi belə bir fikir prinsipial əhəmiyyət daşıyır ki, bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir, beynəlxalq birlik 30-40 ölkə deyildir. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr də yekdilliklə Azərbaycana dəstəyini göstərib: “Dünya birliyinin Azərbaycana göstərdiyi inam və etimad Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin bariz nümunəsidir. Ölkəmiz artıq dünyada söz sahibinə çevrilib. Faktlar da təsdiqləyir ki, son 20 ildə dövlətimizin başçısının həyata keçirdiyi müstəqil siyasət nəticəsində Azərbaycanın reytinqi artıb və dünya miqyasında çox güclü mövqelərə sahib olub.

Mötəbər beynəlxalq təşkilatların rəhbərləri öz tədbirlərinin Azərbaycanda keçirilməsini təsadüfən müəyyənləşdirməyiblər. Son illər Azərbaycan dünyada sabit məkan kimi tanınır.

Bundan başqa, Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatlara rəhbərlik etməkdə də zəngin təcrübə qazanıb. Bir neçə il əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müxtəlif vaxtlarda bu quruma iki dəfə sədrlik edib. Qoşulmama Hərəkatının sədri olduğu müddətdə həyata keçirilən tədbirlər qurumun üzv dövlətləri tərəfindən yüksək dəyərləndirilib. Mötəbər tədbirlərə uğurlu ev sahibliyi etmək Azərbaycanın beynəlxalq aləmdə olan reytinqini getdikcə artırıb.

Şübhəsiz ki,  COP29 beynəlxalq konfransını da Azərbaycan yüksək səviyyədə keçirəcək. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq".

Yazını hazırladı: Etibar SEYİDAĞA

 

26.12.2023 11:32
1276