Dünya Bankı Xəzərin səviyyəsinin azalması ilə bağlı həyəcan təbili çalıb. Bankın Mərkəzi Asiyadan yüklərin Xəzər dənizi üzərindən Azərbaycan, Gürcüstandan keçməklə Avropaya daşınmasını nəzərdə tutan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı hesabatında qeyd olunur ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi tendensiyası 2023-cü ildən sonra da davam edərsə, o zaman limanların, xüsusilə Aktau və Ələt limanlarının ötürücülük gücü təhlükə altında olacaq.
Məlumatda qeyd olunur ki, hazırda dənizdə suyun səviyyəsinin xüsusilə aşağı olması limanlara yaxınlaşmada naviqasiya və yanalma məntəqələrində gəmilərin istismarı ilə bağlı problemləri artırır. Hesabatda vurğulanır ki, “Xəzər dənizində bir çox gəmilər artıq tam gücü ilə işləyə bilmir”.
Qeyd edək ki, oktyabr ayında Dünya Bankının ekspertləri Aktau limanında olaraq, vəziyyətlə tanış olublar. Bankın nəqliyyat sektorundan Qazaxıstana “Xəzər dənizinin səviyyəsində dəyişikliklərin 2050-ci ilə qədər proqnoz modelləşdirilməsi” tədqiqat işi üçün qrant ayrılması barədə qərar qəbul edilib. Bildirilir ki, tədqiqat Xəzər dənizinin səviyyəsində dəyişikliklərlə bağlı uzunmüddətli proqnozların olmamasını nəzərə alaraq, Aktau limanının kapital tutumlu infrastruktur layihələrinin, o cümlədən konteyner qovşağının yaradılması layihəsinin həyata keçirilməsi xərclərini düzgün müəyyən etməyə imkan verəcək. Bu sahədə əsas diqqət Aktau limanının akvatoriyasında dərinləşdirmə işləri xərclərinin düzgün hesablanmasına yönəldilir.
Bundan əlavə, tədqiqatın nəticəsi kimi qonşu dövlətlərin dəniz limanlarında və Xəzər dənizində fəaliyyət göstərən dəniz gəmilərində hidrotexniki qurğuların saxlanılması üçün tövsiyələr hazırlanması nəzərdə tutulur.
Rasim Səttarzadə
Ekologiya və təbii sərvətlər nazirinin müavini Rasim Səttarzadənin “Yeni Müsavat”a dediyinə görə, Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr labüddür: “Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır. Dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axımında da azalma müşahidə edilir”.
R.Səttarzadənin sözlərinə görə, Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb: “Sonradan qısa dövrdə, yəni 1977-1995-ci illər ərzində 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. 2000-ci illərin əvvəllərində qısamüddətli artım, 2006-cı ildən etibarənsə Xəzərin səviyyəsində enmə müşahidə olunur, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki, bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir. Yəni hələlik qeydə alınan minimum səviyyədən yüksəkdir dənizin suyu”.
ETSN rəsmisi bildirir ki, hazırda Xəzər dənizinin səviyyəsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün ciddi təhlükəli hesab olunmur: “Lakin azalma bu qayda ilə uzun müddət davam edərsə, bəzi təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edə bilər. Dəniz səviyyəsi üzərində Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə məntəqələrində müntəzəm müşahidələr aparılır və fəaliyyətləri dənizlə bağlı olan qurumlara dənizin səviyyəsi barədə məlumatlar verilir ki, işlərində və planlaşdırılan layihələrdə nəzərə alsınlar”.
Müstəqil ekspertlər bildirirlər ki, dəniz səviyyəsinin dinamikası barədə müddətli proqnoz vermək mümkün deyil. Çünki bugünədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb.
Bu ilin oktyabrında Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə ekspert qrupunun iclası keçirilib. İclasda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, Xəzər dənizində suyun səviyyəsi son 5 il ərzində 69 santimetr, son 10 ildə 114 santimetr aşağı enib. Nazirin sözlərinə görə, bu vəziyyət sahilboyu zonalara, eyni zamanda balıqçılığa, dəniz nəqliyyatına, limanların fəaliyyətinə, tikintiyə və sahil zonasında yaşayan əhaliyə təsir göstərir.
O, Azərbaycanın Xəzər dənizində birgə ekoloji monitorinqlərin planlaşdırılması və həyata keçirilməsini təklif etdiyini deyib: “Yaxın illərdə dəniz səviyyəsinin aşağı düşməsi ilə bəzi endemik növlərin itirilməsi və Xəzər dənizinin biomüxtəlifliyinin azalması mümkündür. Buna görə də məsələyə xüsusi diqqət yetirilməlidir”.
M.Babayevin sözlərinə görə, Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində ekoloji vəziyyətin qiymətləndirilməsi, dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin öyrənilməsi və dəniz ətraf mühitinə mümkün neqativ təsirlərin müəyyənləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəmadi ekspedisiyalar keçirir.
Məlumat üçün qeyd edək ki, Xəzər dənizi Yer kürəsində ən böyük qapalı su hövzəsidir. Su hövzəsi okean səviyyəsindən 27,67 metr aşağıdadır (2017-ci il). Dənizin uzunluğu 1200 kilometr, maksimal eni 466 kilometr, minimal eni 204 kilometr, sahəsi 392 min kvadrat kilometr, suyunun həcmi 79 min kubkilometrdir. Orta dərinliyi 207 metr, ən dərin yeri 1025 metrdir (Lənkəran çökəkliyi).
Dənizin qidalanmasında Volqa çayının xüsusi əhəmiyyəti var. Bu çay vasitəsilə dənizə ümumi illik axar 80 faiz, digər çaylar - Kür 6 faiz, Ural 5 faiz, Terek, Sulaq və Samur birlikdə 4,5 faiz, İran ərazisindən Səfidrud, Şirrud, Gürgan və s. 4,0-4,5 faiz təşkil edir.
Rafiq Verdiyev
ETSN-in Ekoloji Siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyevin verdiyi məlumata görə, 2070-ci ilə qədər Xəzər dənizində suyun temperaturunun 1,7, əsrin sonuna qədər 2,1 dərəcə artması qeydə alına bilər: “Ssenariyə görə, əgər ölkələr heç bir tədbir görülməsə, əsrin sonuna kimi temperatur 4,5 dərəcə arta bilər ki, nəticədə səviyyə 3,7 metr enə bilər”.
Dənizdə suyun çəkilməsinin sahildə yerləşən sənaye, istehsal və nəqliyyat obyektlərinə mənfi təsiri qaçılmazdır. Artıq Xəzərdə suyun azalması artıq bir sıra iqtisadi problemlər yaradır. Belə ki, son 20 ildə Xəzər dənizində suyun səviyyəsinin iki metrə yaxın aşağı düşməsi ölkənin ikinci böyük elektrik stansiyası olan və Bakının 40 faizdən artıq ərazisini elektrik enerjisi ilə təchiz edən, ümumi gücü 800 MVt olan “Şimal” Elektrik Stansiyasının işində ciddi çətinliklər yaradıb: suyun səviyyəsinin gündən-günə aşağı düşməsi stansiyanın soyutma suyu ilə təchiz olunmasında ciddi problemə səbəb olub. Hətta rəsmilərin dediyinə görə, tədbir görülməsə, "Şimal-1" və "Şimal-2" elektrik stansiyalarının yaxın perspektivdə fəaliyyətini tamamilə dayandırması qaçılmaz idi. Bu təhlükəni aradan qaldırmaq üçün “AzərEnerji” ASC tərəfindən Xəzər dənizinin içərisinə doğru soyuq suyun 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr uzunluğunda estakada və 2 yerdə su nasos stansiyası tikilib.
Onu da bildirək ki, Xəzər dənizinin şimal hissəsi - Rusiya, Qazaxıstan zonalarında suyun səviyyəsi dayaz, cənub hissəsi - Azərbaycan, İran və Türkmənistan zonalarında isə daha dərindir. Buna görə də yükdaşımalar üçün ən əlverişli şərtlər məhz üç ölkənin limanlarındadır.
Ələt limanı Azərbaycanın yeganə beynəlxalq tələblərə cavab verən ticarət limanıdır. Bakıdan 70 kilometr cənubda - dənizin iritutumlu yük gəmilərini qəbul etməyə imkan verən dərinliyə malik olduğu ərazidə yaradılan liman 7-10 min ton tutumu olan gəmilərə qulluq etmək qabiliyyətindədir.
Hökumət nümayəndələrinin dediyinə görə, inşa olunarkən liman akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb, uzunluğu 7,5 kilometr, dönmə dairəsinin diametri 450 metr olan giriş kanalı inşa olunub. Bu kanal və dönmə akvatoriyası Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasını təmin etmək imkanı verir. Hazırda limana çəkisi 7000-10 000 tona qədər olan gəmilər daxil olur ki, mövcud dərinlik bunun üçün kifayət edir. Layihələndirmə zamanı liman akvatoriyasında dərinliyin 7 metrdən 9 metrə qədər artırılma imkanı da nəzərə alınıb ki, bu da gələcəkdə çəkisi 12 min tona qədər olan gəmilərin də limana sərbəst yanalmasını təmin edəcək.
Rəsmilərin verdiyi məlumata görə, limandakı Ro-ro terminalındakı sistem suyun səviyyəsinin enib-qalxmasından asılı olmayaraq gəmilərin təhlükəsiz şəkildə körpüyə yanalmasını təmin edir.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətinin rəhbəri Elmar Həbiblinin “Yeni Müsavat”a dediyinə görə, Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlı yaranan hazırkı vəziyyət Bakı Limanının fəaliyyətinə ciddi təsir etmir: “Bakı Limanının hövzəsində hazırkı dərinlik dənizdə üzən və ən çox quru yük götürən gəmilərinin suda hərəkətinə tam uyğundur. Hazırda ən böyük gəmilərin belə limana daxil olub və tərk etməsində heç bir maneə yoxdur. Limanda mütəmadi olaraq dib dərinliyinin ölçülməsi işləri aparılır. Nə zamansa zərurət yaranarsa, limanda müvafiq dibdərinləşdirmə işləri aparılacaq. Ümumiyyətlə, suyun səviyyəsi çəkilməsə belə, dünya praktikasında limanlarda hər 7-8 ildən bir dibdərinləşdirmə işləri həyata keçirilir”.
Onu da bildirək ki, ötən ilin birinci yarısının sosial-iqtisadi yekunların dair müşavirədə Ələt limanının genişləndirilməsi planlarından danışarkən Prezident İlham Əliyev suyun səviyyəsi azaldığına görə limanın genişləndirilməsi planında dibdərinləşdirmə işlərinin də nəzərə alınmasının lazım olduğunu deyib: “Dibdərinləşdirmə işləri də aparılmalıdır. Çünki Xəzərin suyunun səviyyəsi düşür. Ona görə gəmilərin daha sürətlə gedib-gəlməsi üçün yeni kanallar qazılmalıdır. Odur ki, dibdərinləşdirmə işləri də, bunlar da nəzərdə tutulur”.
Dünya SAKİT,
“Yeni Müsavat”