Dünya Bankından Çinlə bağlı bədbin proqnoz: Azalacaq...

Bu il Çinin iqtisadi artım tempi keçən ilki 5,2 faizdən 4,5 faizə qədər geriləyəcək.

Musavat.com xəbər verir ki, bu, Dünya Bankının hesabatında əksini tapıb. Hesabatda qeyd olunur ki, iqtisadiyyat yüksək borc yükü, daşınmaz əmlak sektorunda zəiflik və dünyada ticarət gərginliyi səbəbindən təzyiq altındadır.

Bank analitiklərinə görə, Şərqi Asiya və Sakit Okean regionunda inkişaf etməkdə olan ölkələrdə ÜDM artımı 2023-cü ildəki 5,1 faizdən bu il 4,5 faiz səviyyəsinə düşəcək. Bu zamnan Çindən kənarda artım tempinin keçən ilki 4,4 faizdən 4,6 faizə qədər sürətlənəcəyi gözlənilir.

Sorğuda Şərqi Asiya və Sakit Okean hövzəsindəki inkişaf etməkdə olan ölkələr dünyanın qalan hissəsinə nisbətən daha sürətli, lakin pandemiyadan əvvəlkindən daha yavaş inkişaf edir. Qlobal ticarətdə canlanma və maliyyə şərtlərinin yumşaldılması bu iqtisadiyyatları dəstəkləsə də, artan proteksionizm və siyasətdəki qeyri-müəyyənlik artımı geridə qoyacaq.

Dünya Bankının region üzrə vitse-prezidenti Manuela Ferro bildirir ki, Şərqi Asiya və Sakit Okean regionu daha mürəkkəb və qeyri-müəyyən qlobal mühit, qocalmış əhali və iqlim dəyişikliyinin təsirləri ilə üzləşdiyi halda belə, qlobal iqtisadi artıma güclü töhfə verir.

Bankın hesabatında qeyd olunur ki, region iqtisadiyyatı üçün mənfi amillərə qlobal iqtisadiyyatda gözləniləndən daha böyük tənəzzül, dünyanın əsas iqtisadiyyatlarında yüksək faiz dərəcələrinin daha uzun müddət davam etməsi, dünyada iqtisadi siyasət ətrafında qeyri-müəyyənliyin artması və geosiyasi gərginliyin artması daxil ola bilər.

Musavat.com

02.04.2024 17:32
933