Dünya Bankı ölkəmiz üçün inflyasiya proqnozunu artırdı - səbəb

Bahalaşma daha hansı sferada özünü göstərəcək?; ekspert: “Hökumət növbəti ildə kommunal haqların qiymətini artıra bilər, çünki...”

Dünya Bankı Azərbaycanda 2024-cü il üçün illik inflyasiya proqnozuna yenidən baxaraq aprel ayına olan 3%-dən 4,2%-ə yüksəldib. Bu barədə DB-nin hesabatında qeyd edilir. Yenilənmiş hesabata əsasən, 2025-ci il üçün proqnoz 3,5%-dən 3,4%-ə, 2026-cı il üçün isə 4%-dən 3%-ə endirilib.

Hesabatda qeyd olunub ki, iyun ayında yanacağın bahalaşması ilə əlaqədar ilin ikinci yarısında müəyyən sürətlənməyə baxmayaraq, bu il inflyasiya Azərbaycan Mərkəzi Bankının (AMB) hədəf göstəricisi həddində qalacaq. Ortamüddətli perspektivdə güclü xarici təzyiqlərin olmayacağı şəraitdə daxili tələbin yavaşlaması fonunda orta illik inflyasiya təxminən 3,2% (əvvəlki gözlənti 2,2% olub) səviyyəsində proqnozlaşdırılır.

Dünya Bankı həmçinin əlavə qeyri-müəyyənlik yaradan və xammal qiymətlərinin artmasına təsir edə bilən geosiyasi gərginliyin davam etdiyini bildirir.

2023-cü ildə illik inflyasiya AMB-nin hədəf diapazonunun aşağı həddinə (4% ± 2%) yaxınlaşaraq 2,1% təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 1,5% təşkil edib. Eyni zamanda qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri orta hesabla 0,4%, qeyri-qida mallarının qiymətləri 1,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,3% artıb.

AMB iyul ayında verdiyi açıqlamada baza ssenari üzrə inflyasiyanın 2024-cü ildə 5,4%, 2025-ci ildə isə 5,5% olacağını proqnozlaşdırdığını bildirib. Proqnozlara yenidən baxılması manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır. Mərkəzi Bank tənzimlənən qiymətlərdə artımın inflyasiyaya təsirini 1,5 faiz bəndi səviyyəsində qiymətləndirir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər.

Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin sentyabr ayına nisbətən 103,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 102,9 faiz, qeyri-qida məhsulları üzrə 101,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,7 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qeyd edilib ki, 2024-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,5 faiz təşkil edib.

Bu proqnozlar nə dərəcədə özünü doğruldacaq? Qeyd etmək yerinə düşər ki, bu il onsuz da həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının qiymətində artım müşahidə edildi. Əhali qiymət artımı ilə bağlı narazılığını bildirir. İnflyasiyanın yüksək olması ilə bağlı əsas var. Bəs beynəlxalq bankların proqnozları özünü doğruldarsa, bu özünü hansı sahədə, yaxud hansı məhsulların qiymətində göstərəcək?

İqtisadçı Xalid Kərimli mövzu ilə “Yeni Müsavat”a deyib ki, beynəlxalq banklar il üçün ümumi mülahizələr verirlər, amma hadisələrin gedişatında proqnozlarını dəqiqləşdirirlər: “Misal üçün, ilin ortasında hökumət dizel yanacağının qiymətini qaldırdı, 92 markalı dizelin qiymətini qaldırdı. Sərnişindaşımanın qiyməti qalxdı. Bunlar da inflyasiyanın komponentləridir. Birbaşa olaraq istehlak qiymətləri indeksində ictimai nəqliyyatın qiyməti var. Əvvəl 40 qəpiyə olan gediş haqqı indi 50 qəpikdir, 10-15 faiz təsir edir. Ona görə inflyasiya proqnozlarını yüksəltdi. Amma inflyasiya Mərkəzi Bankın çərçivəsində olacaq. Mərkəzi Bankda 4% ± 2% arasında inflyasiya hədəfləməsi var, yəni minimum 2%, maksimum 6% istəyir. Bunu özü üçün dözülə bilən çərçivə hesab edir”.

İqtisadçı əlavə edib ki, hazırda yağ, ağartı məhsulları, pendir, ət məhsullarının qiyməti dayanmadan artır: “Düyünün qiymətində də artım oldu. Buğda, duru yağın qiymətində bir stabilləşmə var. Ümumi şəkildə Azərbaycanın istehlak bazarı dünyada baş verən proseslərdən asılıdır. Dünyanın əmtəə bazarında baş verən dəyişikliklər bizim bazara da təsir edir. Bu yaxınlarda hökumət iki məhsulun idxal rüsumunu artırdı, balıq məhsullarında 0 faiz idi. Dondurulmuş və diri balıqların rüsumu 15 faiz oldu. Avtomatik olaraq bu məhsulların qiyməti bahalaşacaq. Yaxud da ayaqqabılara rüsum tətbiq edildi, avtomatik olaraq onlar da bahalaşacaq. Amma bir var dövlətin özünün təyin etdiyi qiymətlər, Tarif Şurası bunu təyin edir. Mən güman edirəm ki, hökumət bu il yox, növbəti ildə digər kommunal haqların qiymətini artıra bilər. Təbii qazın artmasını güman etmirəm, amma elektrik enerjisində, yaxud da istilik qiymətlərində artım ola bilər. Amma qazın və benzinin yaxın gələcəkdə bahalaşacağını gözləmirəm. Dünya Bankı, Mərkəzi Bank və İqtisadiyyat Nazirliyinin proqnozları gələn il üçün inflyasiyanın 3% olacağına dairdir. Buna görə mən güman etmirəm ki, hökumət kəskin bahalaşmaya getsin. Dünya əmtəə birjasında da, ərzaq bazarında da ciddi qiymət artımı gözlənilmir. Amma bu da iqtisadi, siyasi hərbi məsələlərdən asılıdır. Çünki son beş ildir pandemiya, siyasi hərbi məsələlər qiymətlərə çox təsir edir. Ümumilikdə bu il üçün 4%-lik, gələn il üçün 3%-lik inflyasiya ölkəmiz üçün təhlükəli deyil. Ötən il 9%-lik inflyasiya var idi”.  

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

22.10.2024 10:25
991