Qlobal istiləşmənin fəsadları niyə can alır?
Son bir neçə gündür dünyanın müxtəlif ölkələrində anormal istilər qeydə alınır. Hindistanın Uttar Pradeş ştatında parlament seçkisi üzrə səsvermənin son günündə istilər səbəbindən azı 33 nəfər seçki məntəqəsi işçisi ölüb. Bu barədə ştatın seçki komissiyasının rəhbəri Navdip Rinva jurnalistlərə bildirib. Ölənlər arasında seçki komissiyalarının əməkdaşları, sanitar xidmət işçiləri və mühafizəçilər var. Komissiya rəhbəri deyib ki, ölənlərin ailələrinə 1,5 milyon rupi (18 min ABŞ dolları) məbləğində pul kompensasiyası veriləcək. Ölkədə istilər nəticəsində azı 100 nəfər ölüb.
Türkiyənin Mərmərə, Egey, Aralıq dənizi, İç Anadolu və Qərbi Qara dəniz bölgələrində havanın temperaturu mövsümi normadan 8-12 dərəcə yuxarı, digər bölgələrdə 4-8 dərəcə isti olacaq. Həftənin sonuna qədər Antalyada temperaturun 37-45 dərəcə olacağı təxmin edilir. Türkiyədə bu yay istinin rekord qıracağı ehtimalı var. Bu barədə İstanbul Texniki Universitetinin Meteorologiya fakültəsinin professoru Orxan Şən deyib. “İyul və avqust ayları indikindən daha da isti olacaq. Çox güman ki, rekord qıracaq. Keçən il İstanbulda termometrlər 1938-ci ildəki 40,6 dərəcəni keçərək 41,3 dərəcə göstərmişdi. Bu, son 85 ilin ən isti günü olmuşdu. Bu il böyük ehtimalla 42-43 dərəcə olacaq. Hazır olun”, - professor bildirib.
Onun sözlərinə görə, qlobal istiləşmənin pik həddə çatdığı dövrdə qəfil meteoroloji dəyişikliklərin müşahidə edilməsi normaldır.
Qlobal istiləşmə əsasən atmosferə buraxılan qazların səbəb olduğu düşünülən istixana effekti nəticəsində Yer kürəsində il boyu quruda, dənizdə və havada ölçülən orta temperaturun artmasına verilən addır.
Bu gün alimlər qlobal istiləşmə ilə bağlı həmfikirdir. Qlobal İqlim Dəyişikliyi (GCC) sənaye, kənd təsərrüfatı və enerji istehlakı kimi insan fəaliyyəti nəticəsində atmosferdə miqdarı və sıxlığı artan istixana qazlarının yaratdığı qlobal istiləşmə nəticəsində yaranan iqlim dəyişiklikləridir. Bu iqlim dəyişiklikləri quraqlıq, səhralaşma, qeyri-sabitlik və yağıntılarda sapmalar, daşqınlar, tayfunlar, tufanlar, tornadolar və s. meteoroloji hadisələrin artması kimi əlamətlərlə özünü göstərir.
Bu, əhalinin artımı və enerji istehlakı, torpaqdan istifadə, beynəlxalq ticarət və nəqliyyat kimi digər insan fəaliyyətinin artması ilə sənayenin inkişafıdır. İqlim dəyişikliyinin əsas səbəbi qlobal istiləşmədir. Buna səbəb atmosferdə “istixana qazlarının” artmasıdır. Məlumdur ki, istixana qazları insan fəaliyyəti ilə artır. Karbon qazı (CO2) ən vacib istixana qazıdır; Atmosferə avtomobillərin işlənmiş qazlarından, isitmə məqsədilə yandırılan yanacaqlardan və zavod bacalarından atılır.
Qlobal istiləşmənin nəticələri nədir?
Biz artıq qlobal istiləşmənin bir çox təsirlərini yaşayırıq. Qlobal istiləşmənin nəticələri bunlardır:
Buzlaqların əriməsi;
Leysan yağışın miqdarının artması;
Dənizlərin su səviyyəsinin artması;
Tufan və daşqınların zərərinin artması;
Bataqlıqların quruması;
Buxarlanma və quraqlığın miqdarının artması.
İqlim dəyişikliyi həm insanlardan qaynaqlanan emissiyanın səbəb olduğu istixana qazlarının hərəkətə gətirdiyi qlobal istiləşməni, həm də bunun nəticəsində hava modellərində özünü göstərən böyükölçülü dəyişiklikləri əhatə edir. Əvvəlki dövrlərdə də iqlim dəyişiklikləri olmasına baxmayaraq, 20-ci əsrin ortalarından bəri insanlar Yer kürəsinin iqlim sisteminə misli görünməmiş dərəcədə təsir göstərib və qlobal miqyasda dəyişikliklərə səbəb olub.
İstiləşmənin ən əsas hərəkətverici qüvvəsi 90%-dən çoxu karbon qazı (CO2) və metandan ibarət olan istixana qazlarının emissiyasıdır. Antropogen amillər sırasında azot oksidi, azot-1 oksid və xlor-flor birləşmələri də yer alır. Bu emissiyaların əsas mənbəyi enerji istehlakı üçün təbii yanacaqların (kömür, neft və qaz) yandırılması olsa da, kənd təsərrüfatının, ağacların kəsilməsinin və sənaye proseslərinin də rolu var. Eyni zamanda məişət tullantıları, avtomobillərin havaya buraxdığı qazlar da atmosferi çirkləndirməklə istiləşməyə yol açır.
Son əsrdə, xüsusən də son 30-50 ildə müşahidə olunan qlobal istiləşmə onilliklər ərzində atmosferdə toplanan su buxarı, karbon dioksid, metan, azot oksidi xlorofloro karbonlar kimi günəş işığı ilə qızdırılan, Yer səthindən infraqırmızı istilik şüalarını udan qazlar tərəfindən əmələ gəlir.
Başqa sözlə, Günəşdən gələn şüaların bir hissəsi ozon təbəqəsi və atmosferdəki qazlar tərəfindən sovrulur. Bir qismi litosferden, bir qismi isə buludlardan geriyə əks olunur. Yer üzünə çatan şüalar geriyə dönərkən atmosferdəki su buxarı və digər qazlar tərəfindən tutulur. Bu hadisə günəş şüalarıyla istilənən, amma içindəki istiliyi çölə buraxmayan istixanaları xatırladır. Nəticədə atmosfer istiləşir ki, bu da istixana effekti adlanır.
İqlim dəyişikliyinə səbəb olan digər amil kosmosun istismarıdır. Kosmosa buraxılan raketlər atmosferin yuxarı həddində ozon qatını zədələyir və atmosferdə istixana effekti yaranır. Ozon təbəqəsinin incəlməsi də qlobal istiləşməyə yol açan digər səbəbdir.
İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. BMT-nin hesabatında göstərilir ki, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. Ekspertlərin ehtimallarına görə, əgər Yer kürəsində temperatur bu sürətlə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər.
Yazını hazırladı: Sevinc TELMANQIZI