Dudanın “binokl şousu”nda iştirak etməsinin SƏBƏBİ: Avropa düşüncə tərzinə görə…

Ermənistana səfərdə olan Polşa Prezidenti Andjey Duda ötən gün Azərbaycanla şərti sərhəddə olub. Polşanın dövlət başçısı Avropa İttifaqının (Aİ) Ermənistandakı “müşahidə missiyası”nın heyəti ilə görüş keçirib, durbinlə Azərbaycan ərazilərini müşahidə edib.

Rəsmi Bakı Polşa Prezidentinin bu addımını müxtəlif Aİ ölkələrinin və Avropa qurumlarının anti-Azərbaycan siyasətinin növbəti nümayişi kimi qiymətləndirib. Xarici İşlər Nazirliyinin bu barədə yaydığı bəyanatda bildirilib ki, Azərbaycanın “strateji tərəfdaşı” olan ölkənin prezidentinin Azərbaycan və Polşa arasında münasibətlərin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik “binokl şousu”nda iştirak etməsi dərin təəssüf hissi doğurur.

Bəyanatda qeyd olunub ki, Azərbaycan rəsmilərinin Polşanın Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə göndərdiyi çoxsaylı mesajlara baxmayaraq, Polşa tərəfi bu təxribatçı addımdan çəkinməyib.

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Azər Qasımov bildirib ki, A.Dudanın Azərbaycanın dostu olduğunu iddia etmək yanlışdır: “Polşa Prezidenti Dudanın Azərbaycanın onu özünə dost ölkə hesab etməsinə baxmayaraq, Ermənistana və oradan da Azərbaycan sərhədinə gəlməsini bizə qarşı addım kimi dəyərləndirmək hələ tezdir. Əslində, Dudanın Azərbaycanın dostu olduğunu iddia etmək yanlışdır. Avropa liderlərinin qərəzsiz olanlarının əksəriyyəti, qərəzli makronkimilərdən fərqli olaraq, Azərbaycan lehinə və ya əleyhinə hesab olunun addım atırlarsa, bunu hansısa səbəbə görə yox, Avropa düşüncə tərzinə görə atırlar. Yəni, bu münasibətin mahiyyətini Avropa düşüncəsinin insan hüquqları, demokratiya və bu istiqamətdə əldə edilən bütün irəliləyişlər nəzərə alınaraq atılan addımlar təşkil edir”.

Siyasi şərhçinin qənaətincə, geosiyasi konyunkturada Rusiyaya yaxın dövlətlərin artıq Avropa üçün potensial qeyri-dost ölkə olmaq ehtimalları getdikcə artır: “Rusiya Avropa üçün artıq düşməndir. Hələlik Ermənistan da Rusiyaya qarşı məsafəli dayandığı üçün Avropa liderləri Ermənistanı özlərinə yaxın hesab edirlər. Bu, tək Polşa və onun lideri ilə əlaqəli iş deyil. Təbii ki, Azərbaycan hələlik Avropa üçün konkret arzuedilməz ölkə deyil. Bu, hadisələrin gedişindən bəlli olacaq. Ancaq Azərbaycan artıq xeyli dərəcədə Avropadan özünü uzaqlaşdıra bilib”.

28.11.2024 18:50
643