Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dubayın İcma İnkişafı Qurumunun Baş direktoru xanım Hessa Bint Essa Buhumaid ilə görüş olub.
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial sahədə də əlaqələrin genişləndirilməsinin önəmini qeyd edib.
Ölkəmizdə son illər aparılan sosial islahatlar və əldə olunan nailiyyətlər, DOST konsepsiyası, sosial təminat sistemində tətbiq olunan innovativ həllər barədə məlumat verilib. Sosial ödənişlərin, o cümlədən müavinətlərin proaktiv qaydada təyinatı mexanizmlərinin qurulduğu diqqətə çatdırılıb.
Aparılan islahatlar prosesində ikitərəfli əlaqələrin, bilik və təcrübə mübadilələrinin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
H.B.E.Buhumaid ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. O, rəhbəri olduğu qurumla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında müvafiq fəaliyyət sahələrində əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib.
Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.