Dubaydan çıxışına 86 gün qadağa qoyulan azərbaycanlı: “Valideyn ancaq şəklin silinməyini istəyibmiş” - FOTO

“Yaxın dostlarla dekabrın 11-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə getdik. Hava limanından şəxsi avtomobillə “Dubay Mall”a yollandıq. Elə ticarət mərkəzinin içərisində afrikalı uşağı gördüm, onunla şəkil çəkdirmək üçün izn aldım, şəkil çəkdirdim. Daha sonra da ingilis dilində təşəkkür etdim, başından öpüb sağollaşdım. Mən ilk dəfə idi, ölkə xaricinə səfər edirdim və yaranan anlaşılmazlığa səbəb o ölkənin qaydalarını bilməməyim olub. Yoxsa biz o uşağa qarşı heç bir narahatedici davranış göstərməmişdik”.

Musavat.com xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Dubayda afrikalı uşaqla icazəsiz şəkil çəkdirdikləri üçün saxlanılan iki azərbaycanlıdan biri Emin Cəlilov deyib.

O bildirib ki, yaranan anlaşılmazlıq səbəbindən onların Dubaydan çıxışına təxminən 86 gün qadağa qoyulub, nəhayət mart ayının 6-da soydaşlarımız Vətənə qayıdıblar.

 

E.Cəlilov deyib ki, uşaqla şəkil çəkdirdikdən sonra pul dəyişmək üçün dostlarının yanından aralanıb:

“Geri dönəndə dostlarımın ticarət mərkəzinin mühafizə xidmətinin əməkdaşına yaxınlaşdığını gördüm. Ticarət mərkəzinin çıxışını və getmək istədiyimiz yer barədə soruşduq. Mühafizə xidmətinin əməkdaşı bizimlə bərabər gülə-gülə kömək edə biləcəyini dedi. Bir qədər getdikdən sonra polis məntəqəsinə gəldiyimizi gördük. Onlardan buraya nə üçün gətirildiyimizi soruşdum. Mənə bildirdilər ki, azyaşlı ilə şəkil çəkdirdiyimiz üçün izahatımız alınacaq. Bizə dedilər ki, valideyn şikayət edib, lakin sonradan məlum oldu ki, valideyn, sadəcə, uşağının şəklini telefondan silməyimizi istəyib. Biz onlara bunun qanunla qadağan olduğunu bilmədiyimizi, öz ölkəmizdə - Azərbaycanda - bu kimi davranışın yanlış anlaşılmadığını dedik. Lakin polislər valideyn ilə məhkəmədə görüşəcəyimizi bildirdilər.

Daha sonra bizi başqa polis idarəsindəki nəzarətxanada iki gün saxladılar. Ölkədən çıxışımıza qadağa qoyub, nəzarətxanadan buraxdılar. Məsələ ilə bağlı yaxınlarımız da çox narahat idilər. Aidiyyəti qurumlarla əlaqə saxlayıb, kömək göstərmələrini rica etmişdik. Diasporla İş üzrə Dövlət Komitəsi bizimlə maraqlandı. Onlar yaranan anlaşılmazlığın aydınlaşması üçün dəfələrlə bizimlə, polis əməkdaşları ilə görüşdülər. Diaspor fəalı Səbinə Səfərova, həmçinin Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının əməkdaşları Vəfa Hüseynova, Nuranə Hüseynova bizə çox kömək etdilər. Bizim şəklimizi çəkən Mehman Pənahov telefonun təhlükəsizlik kodunu unutduğu üçün telefonlara baxış keçirilməsi bir qədər uzanmışdı. Bir ay sonra telefonlarımız açılıb, baxıldı”.

E.Cəlilov onu da əlavə edib ki, Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) üzrə koordinatoru Nuranə Hüseynova uşağın anası ilə telefonla danışıb və vəziyyəti ona izah etdikdən sonra ölkədən çıxışa qoyulan qadağa götürülüb:

“Uşağın anası hətta bizim neçə müddətdir o məsələyə görə Dubayda saxlandığımızdan da xəbərsiz olub. Biz də bunu telefonda öyrəndik. Valideyn dedi ki, o, polisə şəklin silinməsini istədiyini deyib. Nuranə xanım da bizim ölkənin adətlərini izah edib və qaydalardan xəbərsiz olduğumuzdan yaranan anlaşılmazlığı qadına deyib. Ana da baş verənlərdən xəbərsiz olduğunu söyləyib, şikayətçi olmadığını təkrar edib. Ümumilikdə “Dubay Mall”un içərisindəki təhlükəsizlik kameralarına baxdıqdan, azyaşlının ifadəsi ilə bizim ifadələri qarşılaşdırdıqdan və valideyn şikayətçi olmadığını bildirdikdən sonra biz vətənə qayıda bildik.

Bu müddət ərzində bizimlə maraqlanan, köməklik edən Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə koordinatoru Nuranə xanıma, Vəfa xanıma, Səbinə xanıma və Diasporla İş üzrə Dövlət Komitəsinə özümün və ailəm adından təşəkkür edirəm”.

11.03.2024 20:00
2750