DSMF sədri qohumlarına vəzifə verib? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu (DSMF) Zəka Mirzəyevin yaxın qohumlarına vəzifə verməsinə dair yayılan xəbərlərə münasibət bildirib.

Qurumdan Musavat.com-a verilən məlumata görə, yayılan məlumatlar yalandır:

"Heç bir fakta əsaslanmadan bir saytın dərc etdiyi, sonradan bəzi saytların da ona istinadən, dəqiqləşdirmə aparmadan yaydığı bu məlumatda DSMF-nin icraçı direktorunun Fond sədrinin xalası oğlu, sədr müavinin isə sədrin yeznəsi olması barədə yer alan iddia tam əsassızdır.

Belə ki, Fondun icraçı direktoru təyin olunan Mail Məmmədovun anası Dadaşova Yaqut Dadaşxan qızı, Fondun sədri Zəka Mirzəyevin anası isə Sadıqova Pərvuzə Ağasəlim qızıdır.

Fondun sədr müavini təyin olunan Şahin Əliyevin qaynatası Yaşılxan Əliyev, Zəka Mirzəyevin atası isə Aqil Mirzəyevdir.

Göründüyü kimi, hər hansı sözügedən qohumluq əlaqələrindən söhbət gedə bilməz.

Təyin olunan hər iki şəxs uzun illərdir ki, DSMF-nin struktur bölmələrində çalışırlar və sosial müdafiə sahəsində peşəkar təcrübələri ilə seçilirlər".

27.05.2025 15:51
1092