Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitinin investisiyaya yönəldilməsi sahəsində ötən ilki fəaliyyəti uğurlu olub.
Nazirlikdən Musavat.com-a verilən xəbərə görə, 2024-cü ildə də həmin sərbəst vəsaitlə bağlı maksimum gəlirliliyə imkan verən investisiya fəaliyyətinin həyata keçirilməsi əsas vəzifələrdən biridir.
Bu barədə DSMF-nin sərbəst vəsaitinin investisiyaya yönəldilməsi üzrə İnvestisiya Şurasının keçirdiyi növbəti iclasda bildirilib. İclasda şuranın üzvləri olan qurumların nümayəndələri iştirak ediblər.
Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında aparılan sosial islahatların ölkədə sosial müdafiə sisteminin gücləndirilməsinə xidmət etdiyini vurğulayıb. Ötən ildən DSMF-nin sərbəst vəsaitlərin investisiyaya yönəldilməsi istiqamətində fəaliyyətə başlamasının da bu baxımdan mühüm önəmini qeyd edib.
Bildirilib ki, Fondun sərbəst vəsaiti (DSMF büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq) aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklarda depozitə qoyulmaqla investisiya fəaliyyətinə cəlb edilir.
Bu da qeyd olunan sərbəst vəsaitin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunmasına xidmət edir. İnvestisiya fəaliyyətindən əldə olunan gəlirlərin isə sosial müdafiə ilə bağlı islahatlar, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun yaradılması və s. istiqamətlərdə sərf olunması nəzərdə tutulur.
Ötən il ilk mühüm addım olaraq, Fondun 1 mlrd. 50 mln. manatadək sərbəst vəsaitinin maliyyə alətlərinə uğurla investisiya edildiyi qeyd edilib.
DSMF-nin sədri Himalay Məmişov 2023-cü il üzrə Fondun investisiya fəaliyyətinin yekunları barədə məlumat verib.
İclasda “Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsinə dair 2024-cü il üzrə İnvestisiya Siyasəti” sənədi təsdiq edilib, 2024-cü ildə bu sahədə görüləcək işlər müzakirə olunub.