Döyüşən şəhər Füzuli sakinlərinə qucaq açıb  

 

2020- ci il 17 oktyabr  tarixi Füzuli rayon sakinlərinin yaddaşında əbədi həkk olunan gündür. Çünki həmin gün yaddaşlara Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun gücü, güdrəti sayəsində  Füzulinin erməni işğalından azad olunması qürurunun təntənəsi kimi düşüb. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur. Rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən işğaldan azad edildi. Ümumilikdə, Vətən Müharibəsinin gedişində rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi.

Bu fikirləri Musavat.com-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Füzuli Şəhər Günü ilə əlaqədar açıqlamasında bildirib. 

Hüquq müdafiəçisi deyib ki, Vətən müharibəsi zamanı Füzuli uğrunda aparılmış döyüşlər ən ağır döyüşlərdən olmuşdur. Çünki 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idilər ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Lakin Azərbaycan Ordusu bunun öhdəsindən gəlməyi bacardı. İşğalçılar qəhrəman ordumuzun gücü qarşısında aciz qaldı və öz silahlarını yerə qoyub torpaqlarımızdan qaçdılar. Çətin döyüşlərin öhdəsindən məharətlə gələn hərbçilərimizin və hərbi mütəxəssislərin Füzulini döyüşən şəhər adlandırması təsadüfi deyildi. Çünki əsgər və zabitlərimiz  burada əsl qəhrəmanlıq göstərdilər. Azərbaycan Ordusu Vətən müharibəsində böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan ordu olduğunu bir daha təsdiqlədi.

Ç.Qənizadə düşmənin Füzulini işğal altında saxladığı illər ərzində rayona və onun kəndlərinə vurduğu ağır zərərdən söhbət açraq deyib ki, işğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. İşğalçı Ermənistan ordusu işğal altında saxladığı ərazilərdə faşistlərə xas olan vəhşilik törədərək tarixi- mədəni abidələri, qəbirstanlıqları yerlə yeksan edib. Ulu Öndər Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli əmri ilə baş tutmuş Silahlı Qüvvələrimizin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. 2020- ci il oktyabrın 17- də isə artıq Füzulinin düşməndən tamamilə azad edilməsinin əsası qoyuldu.

Hüquq müdafiəçisi o gündən artıq 4 il keçdiyini və şanlı Qələbədən bir həftə  sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ilk səfərini məhz Füzuli rayonuna etdiklərini, yenidənqurma, bərpa-quruculuq işlərinin bu rayondan başlandığını xatırladıb: “Son 4 ildə Füzuli rayonu yeni inkişaf mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə başlanan tikinti-bərpa işləri geniş vüsət alıb.  Bu işlərdə digər ölkələrin də yaxından iştirak etməsi ölkəmizin beynəlxalq aləmdə getdikcə artan reytinqinin göstəricisidir. Füzuli Beynəlxalq aeroportu artıq xarici qonaqlarını da qəbul edib. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzidir. Hazırda füzulilər böyük coşqu ilə doğma dədə-baba yurdlarına qayıdırlar. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin axırına qədər  22 min insan Füzuli rayonunda yaşayacaq”.

Hüquq müdafiəçisi Füzulinin işğaldan azad edilməsində böyük şücaət göstərmiş şəhidlərimizin xatirəsinin daim ehtiramla anıldığını bildirib. Deyib ki, 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25 min 325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

“Hazırda rayonun işğaldan azad edmiş kəndlərində bərpa-quruculuq işləri geniş vüsət alıb. Həmin ərazilərdə elektrik, su xətləri yenidən qurulur, geniş, rahat yollar çəkilir, mədəni irsimiz bərpa olunur və  hər cür infrastruktura malik evlər tikilir. Füzuli öz sakinlərinə qucaq açıb” – deyə Ç.Qənizadə bildirib.

 

17.10.2024 10:13
468