Aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Musavat.com-a bildirilib ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan Silahlı Qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.
Hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub.
Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.
Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.