Dövlət resurslarına kiberhücumlar: COP29 günlərində... - Osman Gündüz AÇIQLADI

COP29-un texniki-texnoloji təminatı necə olacaq, konfrans zamanı İT infrastrukturuna və dövlət resurslarına kiberhücumlar artacaqmı?

osman.jpg (66 KB)

Musavat.com bildirir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz öz sosial media hesabında mövzuya bu cür şərh verib:

"Bir neçə ay öncədən BMT-nin xüsusi qurumları COP29-un texnoloji təminatını və kibertəhlükəsizlik məsələlərini araşdırırdılar. Hansı risklərin ola biləcəyi öncədən öyrənilirdi. COP29 çərçivəsində qurulan infrastrukturun, şəbəkə və xidmətlərin təhlükəsizliyi müxtəlif sınaqlar vasitəsilə yoxlanışdan keçirilib, simulyasiya sınaqları aparılıb, texnoloji hazırlıqlar dəyərləndirilib. Simulyasiya və sınaqlar 15 gün çəkib. Prosesin uğurla başa çatdığı bildirilib.

Ötən günlər COP29 tədbirlərinə hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısında COP29-un informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik məsələlərinə cavabdeh qurum olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbəri, general İlqar Musayev bu istiqamətdə hazırlıq işlərinin başa çatdığını bildirib.

Xatırladım ki, COP29-la bağlı İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının nəzdində işçi qrup yaradılıb.

COP29-un əsas və ehtiyat data mərkəzləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Məlumat Mərkəzində yerləşdirilib. Tədbirlər keçirilən Olimpiya Stadionu ərazisində olan internet təminatı da XRİTDX-nin nəzarətində olan “AzStateNet” dövlət provayderinin kiberhücumlardan qorunan şəbəkəsi vasitəsilə reallaşacaq.

Avadanlıqların və xidmətlərin kiberhücumlardan qorunması məqsədilə birgə tədbirlər görülüb.

COP29-un əsas informasiya resursu - COP-29.az saytı və elektron poçt servisi xüsusi olaraq dövlət hostinq və mail sisteminə miqrasiya edilib və daimi nəzarətdədir.

Qurum eyni zamanda monitorinqlər aparır, COP29 tədbiri ilə bağlı müxtəlif hədəfli saxta resursların aşkara çıxarılması və bloklanması üçün zəruri tədbirlər görür.

COP29-un kibertəhlükəsizliyinin daha peşəkar təminatı məqsədilə XRİTDX-nin əməkdaşları Almaniyada bir həftəlik xüsusi təlim və təcrübə mübadiləsinə cəlb edilib.

COP-29 konfransının İT infrastrukturunun qurulması və kibertəhlükəsizlik tədbirlərinin icrası "Cyberpoint" şirkətinə həvalə olunub. Şirkət Azərbaycanın kibertəhlükəsizlik sektorunda ən öndə gedənlərdən hesab olunur.

Tədbirlər keçirilən ərazidə telekommunikasiya infrastrukturunun və server infrastrukturunun təminatı, avadanlıqların qurulması və məlumat mübadiləsi təşkilini, kibertəhlükəsizlik təminatını bu şirkət reallaşdıracaq. Bildiyim qədər, daha çox "Cisco" avadanlıqlarına üstünlük verilib.

COP29-a hazırlıq çərçivəsində Olimpiya Stadionu ətrafında "Azercell" , "Bakcell" və "Nar" mobil operatorlarının, eyni zamanda ölkəyə internet gətirən 3 magistral provayderin - "Delta Telecom", "AzerTelecom" və "Aztelecom"un dayanıqlığının gücləndirilməsi üçün də əlavə tədbirlərin görüldüyü bildirilib.

Əvvəlki COP tədbirlərinin təcrübəsi göstərir ki, müxtəlif qruplar beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün COP tədbirləri zamanı müxtəlif tədbirlər reallaşdırmağa çalışırlar. Həm ənənəvi qlobal ekoloji problemlərlə bağlı, həm də bu tədbirin Azərbaycanda təşkilindən qıcıqlanan tərəflərin olduğunu nəzərə alsaq, COP29 ərəfəsində və tədbirlər keçirilən zaman kiberhücumların da xeyli artacağını gözləmək olar".

Ekspert qeyd edib ki, həmin ərəfədə dövlət qurumlarının informasiya resurslarına, müxtəlif kommunikasiya şəbəkələrinə kibertəhdidlərin artacağı gözlənilir:

"Müşahidələr onu deməyə əsas verir ki, COP29-un texniki-texnoloji təminatı və kibertəhlükəsizlik təminatı ilə bağlı peşəkar komanda tərəfindən xeyli işlər görülüb. Dayanıqlığın yoxlanılması üçün testlər, simulyasiyalar və auditlər aparılıb.

Bütün bunlar isə düşünmək üçün əsas verir ki, COP29 zamanı texniki-texnoloji təminatda və kibertəhlükəsizlik məsələlərində ciddi problemlər olmayacaq, COP29 İT komandası qarşıya qoyulan vəzifəni uğurla yerinə yetirə biləcək".

Xalidə Gəray
Musavat.com

02.11.2024 14:37
290