Laçın rayonunun Zabux kəndində doğulan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Laçının Azərbaycan ordusunun tam nəzarətinə keçməsi ilə bağlı sevincini Musavat.com-la bölüşüb:
“Laçından çıxanda 10 yaşım var idi. Çox şükür. Bu günü gözləyirdik. İnanırdıq, gerçək olacaq. Elə bir sevinc, şadlıq var ki?! Dəfələrlə Alban-udi icması ilə birlikdə Laçındakı Ağoğlan məbədinə getmişəm. Laçından, Zabuxdan sülhməramlılarla keçəndə biz Zabuxa pəncərədən baxırdıq. Düşünürdük ki, 3 il tamam olmamış Zabuxa ayaq basmaq qismət olmayacaq. Çox şükür ki, nəinki 3 il, heç 2 il tamam olmamış bu məsələ həllini tapdı. Təbii ki, bu sevinci ilk növbədə şəhidlərimizə, müzəffər Azərbaycan ordusuna, dövlətimizə borcluyuq. Bundan sonra diplomatiyada, döyüş meydanında bizə ancaq qələbə yaraşar”.
Nigar HƏSƏNLİ,
Musavat.com