Dövlət büdcəsinə əlavə gəlirlər haradan təmin ediləcək? – RƏSMİ

Xəbər verdiyimiz kimi, Azərbaycanın 2024-cü il dövlət büdcəsinə yenidən baxılaraq ona əlavələr edilir.

Maliyyə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, dövlət büdcəsinin 3 milyard 796,1 milyon manat məbləğində əlavə maliyyə tələbatının onun yenilənmiş proqnozlarına əsasən gəlirlərinin artırılması, təsdiq olunmuş bəzi xərclərinin optimallaşdırılması və yenidən bölgüsü nəticəsində formalaşan sərbəst vəsaitin, habelə dövlət büdcəsi kəsirinin böyüdülməsi hesabına qarşılanması nəzərdə tutulur.

Büdcənin əlavə maliyyə tələbatının 1 milyard 300 milyon manatı əlavə qeyri-neft gəlirləri, 605,0 milyon manatı əlavə neft gəlirləri, 250,0 milyon manatı Azərbaycan Respublikası Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığından ayırmalar, 25 milyon manatı “Nəqliyyat vasitələrinin utilizasiyası Fondu”nun (məqsədli büdcə fondu) gəlirləri, 851,8 milyon manatı dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması və yenidən bölgüsü, 764,3 milyon manatı isə dövlət büdcəsinin kəsirinin böyüdülməsi hesabına təmin ediləcək.

Beləliklə, yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36353,0 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 180,0 milyon manat və ya 6,4 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin 48,9 faizi və ya 17 milyard 769,0 milyon manatı neft sektorunun, 51,1 faizi və ya 18 milyard 584,0 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2024-cü ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 605,0 milyon manat və ya 3,5 faiz artırılır ki, bu, 2023-cü ilin icra göstəricisinə nisbətən 387,4 milyon manat (2,1 faiz) azdır, qeyri-neft sektoru üzrə isə təsdiq olunmuş göstəriciləri ilə müqayisədə 1 milyard 575,0 milyon manat və ya 9,3 faiz artırılır ki, bu, 2023-cü ilin icra göstəricisinə nisbətən 1 milyard 504,0 milyon manat (8,8 faiz) çoxdur.

Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstərici ilə müqayisədə 1,3 faiz bəndi çox (51,1 faiz) təşkil edəcək.

Yenilənmiş dövlət büdcəsi gəlirlərinin 15 milyard 270,0 milyon manatı və ya 42,0 faizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 6 milyard 400,0 milyon manatı və ya 17,6 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 12 milyard 781,0 milyon manatı və ya 35,1 faizi Dövlət Neft Fondundan transfertin, 831,0 milyon manatı və ya 2,3 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 821,0 milyon manatı və ya 2,3 faizi sair gəlirlərin, 250 milyon manatı və ya 0,7 faizi isə Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından ayırmaların payına düşür.

Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların məbləği cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1 milyard 405,0 milyon manat və ya 10,1 faiz çoxdur. Bu daxilolmaların 4 milyard 580,0 milyon manatı və ya 30,0 faizi neft sektorunun, 10 milyard 690,0 milyon manatı və ya 70,0 faizi isə qeyri-neft sektorunun payına düşəcək.

Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft sektoru üzrə daxilolmalar 10 milyard 690,0 milyon manata çatdırılır ki, bu da cari il üçün təsdiq olunmuş göstəricilərlə müqayisədə 800,0 milyon manat və ya 8,1 faiz, 2023-cü ilin icra göstəricisi ilə müqayisədə isə 982,1 milyon manat və ya 10,1 faiz çoxdur.

Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 500,0 milyon manat və ya 8,5 faiz çoxdur.

 

Musavat.com

25.05.2024 00:09
1493