“Dostlarımın bir hissəsini ölüm, bir hissəsini də həyat aldı” - Anar

“12 ildir mənim filmlərim çəkilmir”

Martın 14-də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 86 yaşı tamam olacaq. Böyük yazıçımız yaşının bu çağında da həm rəhbərlik etdiyi qurumun başındadır, həm dəvət olunduğu tədbirlərdə iştirak edir, həm də yaradıcılıqdan usanmır. Paralel şəkildə 5 kitab üzərində işləyir. “Yeni Müsavat” olaraq Anar müəllimlə həmsöhbət olmaq üçün üz tutduq paytaxtımızın mərkəzindəki tarixi məkana. Beləliklə, xalq yazıçımızla onun başdan-başa tarix, həm də muzeyə daha çox bənzəri olan iş otağındakı söhbətimizin ikinci bölümünü təqdim edirik:

(Əvvəli burada)

- İllər ərzində çoxları niskillə köçdü bu dünyadan. Bu mənada özünüzü xoşbəxt hesab edirsiniz?

- Əlbəttə. Mənim xoşbəxtliyimdir ki, doğma torpaqlarımızın tam azad olunduğunu gördüm.

- Anar bəy, kabinetiniz həm də muzey təsiri bağışlayır. Azərbaycanın, Türk dünyasının, Cənubi Azərbaycanın əksər ədəbiyyat xadimlərinin, şair-yazıçılarının, həmçinin tarixi şəxsiyyətlərinin şəkilləri ilə bəzədilib.

- (Məmnunluqla gülümsəyir. Əli ilə göstərir) Nərimanov, Rəsulzadə, Pişəvəridir. Yuxarıda da Zərdabi, Səttarxan, Xiyabani, Əlimərdan bəy Topçubaşov, İsmayıl bəy Qaspralıdır.

- Başınızın üstündə Nizami Gəncəvinin əksi olan nəfis xalçanın da yəqin tarixçəsi var...

WhatsApp Image 2024-03-12 at 09.52.23 (1).jpeg (265 KB)

- Gəncədə dostum var, Şərif... O, heykəltəraş və xalçaçıdır. Mənə şəxsən bağışlamışdı, amma gətirdim, buradan asdım.

- Kabinetinizin divarlarınızda çatlar, qabarcıqlar da görürəm. Yazıçılar Birliyini kiməsə etibar etmədiyiniz kimi, sanki bu kabinetin təmirini də etibar edə biləcəyiniz usta yoxdur. Belə demək olarmı?

- Prezident vəsait ayırdı, buranı təmir elədilər. Amma gərək bir də təmir oluna. Bu barədə fikir var, amma adam dövləti yükləmək istəmir. Şabrandakı Yaradıcılıq Evini tikdilər. Deyir “üz verəndə astar istəməzlər”. (Gülür) Dövlətin Qarabağda nə qədər xərcləri var. Yaşayırıq da... Bunu da məndən sonra gələcək sədr təmir eləyər, Allah qoysa...

- Prezidentin sizə münasibəti həmişə yaxşı olub.

- Bəli, həmişə yaxşı olub.

- Əsərlərinizi bilgisayarda yazırsınız?

- Kompüter olmasa, çox çətin olar. Çünki əllə yazanda kiril, latın hamısı qarışır bir-birinə. Amma kompüterdə kirillə yazıram, latın qrafikası ilə çıxır. Kirilə alışmışıq da, nə gizlədim.

- Hazırda hansı əsər üzərində işləyirsiniz?

- Özündən demək olmasın, hazırda 5 kitab hazırlayıram. Hamısı böyük kitablardır. Bəziləri köhnə yazılarımdır, onları işləmişəm. Bəziləri təzə yazılarımdır. Dörd cildliyim çıxıb, “Söz dünyası”. Dədə Qorquddan tutmuş, ta müasir yazıçılara qədər. Onun 5-ci cildini hazırlayıram. Ondan sonra "60-cılar və 60-cı illərin ədəbi həyatı" adlı kitab hazırlayıram. “Ədəbiyyat zamanın güzgüsüdür” kitabında mənim məqalələrim toplanacaq. Bir də ki, mən vaxtilə yazılan 3 povestimə təzə hekayələr əlavə etmişəm. İndi həmin köhnə povestlərlə bir yerdə həmin hekayələri çap etmək istəyirəm.

WhatsApp Image 2024-03-12 at 09.52.22.jpeg (228 KB)

- Eyni vaxtda işləmək çətinlik yaratmır?

- Çətinlik belədir ki... Bir qovluqda olan materialları itirmişəm. Evi də ələk-vələk eləmişəm, tapa bilmirəm.

- Anar bəy, Zəfər ədəbiyyatımızın, qələbələrimizə aid əsərlərimizin yaranması məsələsində çox gecikmirik ki?

- Yox. Biz bir kitab buraxdıq, “Qarabağ dastanı 30 ilin həsrəti, 44 günün zəfəri”. Orada elə zəfər münasibətilə yazılmış məqalələr, şeirlər, hekayələr var. Mənim də bir neçə məqaləm var orada. “Yolumuz Şuşayadır” kitabını da biz buraxdıq. Beləliklə, Qarabağ zəfəri ilə bağlı hələlik iki iri kitab nəşr etmişik. İlk mərhələdə publisist yazılar, şeirlər qabağa düşür. Böyük roman üçün bir az vaxt lazımdır da. Özü də yazanda zəfər eyforiyası ilə yazmaq lazım deyil. Mənə elə gəlir ki, əsərin içində Xocalı soyqırımı da olmalıdır... Bu müsibətdən sonra başıaşağı yaşayırdıq, hər yerdə bizə baxırdılar, deyirdilər öz torpaqlarını veriblər, o acı-ağrı da olmalıdır yazılmış əsərdə, amma axırı zəfər qüruru ilə qurtarmalıdır. Əgər ancaq zəfər eyforiyası ilə yazsaq, yarımçıq əsər olacaq.

- Razıyam. Məsələn, sovet dövründə çəkilmiş, sizin də ssenari müəllifi olduğunuz filmlər uzun illərdir yaşayır. Bu mənada zəfərimizə aid və uzunömürlü, həmçinin dünya səviyyəsində qəbul olunacaq filmlərin də çəkilməsinə ehtiyac var. Sizin bu haqda nə kimi təklifiniz var?

- Məsələn, məmnuniyyətlə elə bir ssenari yazardım. Bədii də yox, sənədli bir film üçün. Ta 19-cu əsrdən bu günə qədər, ermənilər bizim başımıza nə oyun gətiriblər. Qribayedov yazır ki, ermənilər burada yerləşən kimi başladılar müsəlmanları sıxışdırmağa. 1905-ci ildə ermənilər nələr etdilər, 1918-ci ildə Şaumyan hökuməti nələr etmədi. Elə bir mart qırğını böyük müsibət idi. Mixail Rommın “Obıknavennıy faşizm” sənədli filmi var. Özü də kadr arxasından danışır. Faşizmin bütün fəsadlarını göstərir. Hitlerin iş başına gəlməyi, paradlar, kitabların yandırılması, müharibə, konslagerlər... Bütün faşizmin anatomiyasını göstərir. Bax, erməni faşizminin bütün anatomiyasını göstərən sənədli film çəkmək olar və onu müxtəlif dillərdə bütün dünyaya çıxara bilərik. Mən bunu eləmək istərdim.

- Yuxarılara təklifiniz olubmu?

- Yox, üç ssenarim yazılıb, qalıb, çəkilmir. Təzəsini hansı ümidlə yazım ki, çəkiləcək?

- Son illərdə Mədəniyyət Nazirliyində dəyişikliklər oldu...

- Üç nazir dəyişdi, amma hələ ki bir şey yoxdur. 12 ildir mənim filmlərim çəkilmir. Mənim iki ali təhsilim var, həm rejissor, həm ssenarist kimi bitirmişəm. Hər halda, filmlərim də pis deyil ki, hər həftə heç olmasa bir kanalda göstərirlər. Amma 12 ildir kinostudiyanın qapıları mənim üzümə bağlıdır.

- Özünüz də Kinematoqrafçılar İttifaqının üzvüsünüz, elə deyilmi?

- Üzvüyəm. Hətta o vaxt Rüstəm (İbrahimbəyov-E.P.) xahiş elədi, katib də oldum.

- Rasim Balayev sədr seçildi...

- Bu dəfə də məni İdarə Heyətinə salıblar.

- Yeni heyət kinomuzu irəli apara biləcəkmi?

- Yox. Onların imkanları yoxdur. Kinostudiya Mədəniyyət Nazirliyinə baxır. Ya da ayrı-ayrı prodüsserlər var. Kinoittifaqın ancaq mənəvi təsiri ola bilər.

- Öz filmlərinizə baxırsınızmı?

- Bəzən baxıram. Heyif ki, bəzi filmlərimi çox göstərirlər, bəzilərini az. Məsələn, “Dantenin yubileyi”ni çox az göstərirlər. “Dantenin yubileyi”ni teatrda qoydular, məni qəzəbləndirən bir tamaşa oldu. Getdim, baxdım, gördüm psixoloji əsəri “anekdot”a döndəriblər. Dedim mənim adımı oradan çıxardın, nə premyeraya, nə də başqa heç bir tamaşaya gəlməyəcəyəm! Dedim ki, heç olmasa “Dantenin yubileyi”ni TV kanallarında göstərsinlər, camaat görsün, əsərin məzmunu budur. (Çox maraqlıdır, müsahibədən iki gün sonra “AzTV "Dantenin yubileyi"ni yayımladı. Anar müəllimə zəng edib, gözaydınlığı verməyi də unutmadıq - E.P.) Gedib baxsanız, görərsiniz ki, tamaşa versiyasında o əsərdən əsər-əlamət qalmayıb.

- İcazəniz olmadan necə bu addımı atıblar? Müəllif hüquqlarının pozulması deyilmi?

- Rejissor cavan oğlandır. Rus Dram Teatrında da mənim “Telefon” hekayəmi qoymuşdu. Gedib baxdım, yaxşı idi, özünü də təbrik elədim. Sonra gəldi ki, mən “Dantenin yubileyi”ni tamaşaya qoymaq istəyirəm. Dedim axı bu, povestdir, pyes deyil. Bildirdi ki, yox, mən istəyirəm bunu özüm səhnələşdirəm. Dedim onda göstər mənə. Tamaşaya getdim, baxdım, gördüm bilirsən necə eləyib. Özü də deyir qroteskdir. Deyirəm qrotesk ayrı janrdır axı, psixoloji əsəri sən “kapustik” eləmisən. Afişa da beləydi: Anar, “Dantenin yubileyi”. Dedim mənim adımı çıxarın, adım olmasın! Sonra yazdılar: “Dantenin yubileyi”, Anarın povesti əsasında. Deyirlər rejissor çox istedadlı oğlandır. Dedim çox sağ olsun, bəlkə də lap dahiyanə tamaşadır, amma mənim əsərim deyil.

- Anar bəy, qızınız Günel xanım yazıçıdır, diplomatiya sahəsində çalışan oğlunuz Tural bəy də həmçinin. Bilirik ki, nəvəniz də sizin yolunuzu davam etdirir. Bəs nəticəniz necə?

- Nəticəm Murad hələ 7 yaşındadır. (Gülür) Mən bağda işləyəndə gəlib soruşur ki, neynirsən? Deyirəm işləyirəm. Soruşur: nə yazırsan? Deyirəm səndən yazıram. Hər gün gəlir ki, “yazdın, qurtardın?” Deyirəm yox. Bir gün gəldi ki, “daha o qədər uzatdın ki, heç lazım deyil”. (Gülürük). Nəvəm adaşımdır, onun 3 kitabı İngiltərədə nəşr olunub. Birini tərcümə edib, burada nəşr elədik. O birilərini oxuya bilmirəm, çünki ingiliscə bilmirəm.

- Zamanında həm də musiqi təhsili almısınız. Hansı alətdə ifa edirsiniz?

- Musiqi məktəbini qurtarmışam. Əvvəl fortepianoda 5 sinif oxudum, sonra skripka kimi bir alət var e... alt. Bir az onda çaldım. Gördüm yox, məndən musiqiçi çıxmadı. Musiqi məktəbi insanda musiqiyə nifrət yaradır. Qəribədir, illər keçəndən sonra xəstəlik kimi, musiqi sevgisi üzə çıxır. Mən indi musiqisiz işləyə bilmirəm. Həmişə işləyəndə musiqi qururam, klassik, ya müasir. Əvvəl fortepionada bir az çalırdım, indi görürəm barmaqlarım getmir.

- "Ay Laçın"ı oxumuşdunuz...

- (Gülür). Hə, onu da söz elədilər, yazdılar, mənim əleyhimə istifadə etmək istədilər. Şuşada oturub şəkil çəkdirmişəm,yazıblar ki, niyə oturub burada. Bəs neyləməliydim, daima ayaq üstə durmalıydım? Ağıllı bir söz deyəydilər. Adam deyərdi ki, ağıllı iraddır.

- Sosial şəbəkələrdə yoxsunuz, eləmi?

- Yox, mən heç bir şəbəkədə yoxam. Onsuz da hər səhər Çingiz (Abdullayev-E.P.) gəlir, qanqaraldıcı bir şey danışır. Filan şeyi belə yazdılar... Deyirəm Çingiz, mən vəsiyyətimi yazmışam. Soruşur: nə yazmısız? Deyirəm yazmışam ki, ölümümə baiskar Çingiz Abdullayevdir. (Gülür). Soruşur ki, niyə elə yazmısız? Deyirəm gündə gəlib qanımı qaraldırsan ki, filan sayt belə yazıb. Mən girmirəm o saytlara ki, bilməyim nə yazırlar, niyə gəlib deyirsən? (Gülür). Deyirəm niyə baş qoşursan bu məsələlərə? Deyiblər ki, filankəs ən böyük yazıçıdır. Deyib, deyib də, niyə buna hirslənirsən, kiminsə deməyi ilə deyil ki.

- Hazırda Yazıçılar Birliyinin üzvlərinin sayı 2 minin üzərindədir, eləmi?

- 3 minə yaxındır, 300 də ərizə var. Bəziləri ancaq təqaüd üçün gəlir. Təqaüdü də ancaq qəbul olandan 5 il sonra almaq olar. Mümkün deyil axı bu qədər adamı razı salasan...

- Qarşıdan İlaxır Çərşənbə, Novruz bayramı gəlir. Bu bayramlarla bağlı hansı xatirələriniz var?

- Novruz bizim evdə həmişə qeyd olunub. Həmişə evimizdə səməni olub, nənələrim, anam həmişə yumurta boyayıb, aş bişiriblər, süfrədə şamlar olub. Həmişə bu bayramı qeyd eləmişik. (Sonra da radioda işlədiyi vaxtlarla bağlı bir xatirəsini danışır, Novruz bayramı ifadəsinin qadağan olunduğu, Bahar bayramı deməyə məcbur olduğu 60-cı illərin əvvəllərinə aid. Bildirir ki, hətta Novruz günündə milli musiqinin radioda səslənməsi qadağan edilibmiş - E.P.)

- Sizdən dostlarınızı soruşanda demisiniz ki, dostlarımın çoxu Fəxri Xiyabandadır. Deyəsən, daha çox tənhalığa üstünlük verirsiniz, eləmi?

- Mənim nəslimdən demək olar ki, bir Elçin qalıb, vəssalam, qalanlar hamısı cavandır. Cavanlarla da oturub-dururam. Amma cavanlarla ancaq bu gündən danışmaq olur da. Mənim yaşıdlarımla danışanda isə keçmişə də qayıdırsan, xatirələri bölüşürsən...

- Bu mənzərə sizi darıxdırmır ki?

- Darıxdırır. Amma daha neyləyəsən? Əlacı yoxdur. Dostlarımın bir hissəsini ölüm aldı, bir hissəsini də həyat.

- Anar müəllim, söhbətimizin sonunda bir daha sizi doğum gününüz və milli bayramlarımız münasibətilə təbrik edirik. Sizin də əlavə demək istədiyiniz varsa, buyurun.

- Sağ olun. Mən də sizi çərşənbələr, Novruz bayramı münasibətilə təbrik edirəm.

WhatsApp Image 2024-03-12 at 09.52.24.jpeg (360 KB)

Daha bir söhbətimizi beləcə yekunlaşdırırıq, növbəti doğum günləri, əlamətdar zamanlarda görüşmək ümidilə. Hə, bir də böyük yazıçımızla bərabər Yazıçılar Birliyinin eyvanına çıxırıq, mənim xahişimdən sonra, ətrafı seyr edib, bərabər şəkil çəkdiririk. Kimlər çıxıb bu eyvana... Anar müəllimin əyləşdiyi, ədəbiyyat tarixi muzeyini xatırladan iş otağındakı fotoların bir çoxundan boylananlar...

Bu yerdə zəruri qeydimizi edək: axı Yazçıçılar Birliyinin yubileyidir bu il. 1934-cü ilin 13 iyununda Dərbənd doğumlu Məmmədkazım Ələkbərlinin (iki illik sədrlik dönəmindən bir il sonra, 1937-ci ildə güllələndi - E.P.) sədrliyi ilə yaradılan ittifaq 90 yaşını qeyd edəcək. 15-ci sədri Anardan 4 yaş böyük Yazıçılar Birliyi. Hər ikisinə uzun, ədəbiyyatımıza daha böyük töhfələr verəcək ömür arzulayırıq! 

Elşad PAŞASOY,
“Yeni Müsavat”

13.03.2024 11:16
2516