Dost ölkə diplomatından Azərbaycana qarşı təxribat, Aİ-nin Ermənistandakı missiyasına qoşuldu və...

Azərbaycan Rumıniyanın enerji ehtiyaclarını ödəyən ölkələrdən biridir; Rumıniya Avropa İttifaqının rəhbərliyi qarşısında yaxşı mövqedə olmağa çalışır

Rumıniyanın İrəvandakı səfiri Kornel İonesku Vayots Dzor rayonunda (Dərələyəz) Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyasının patruluna qoşulub. Bu barədə Aİ missiyasının X sosial media hesabında bildirilib.

“Rumıniyanın Ermənistandakı səfiri Kornel İoneskunu qəbul etmək şərəf idi. Ona missiyanın cari fəaliyyəti, yerlərdəki vəziyyət barədə məlumat verilib. Səfir Xaçik kəndində patrula qoşulub”, - paylaşımda deyilir.

Həmçinin qeyd edilib ki, Rumıniya Aİ-nin monitorinq missiyasına cəlb olunan müşahidəçilərin sayına görə ikinci ölkədir.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Ermənistandakı missiyasının (EUMA) mandatını daha 2 il müddətinə uzadıb. Aİ Şurasının yanvarın 30-da yaydığı məlumata görə, EUMA-nın fəaliyyətinin 2027-ci il fevralın 19-dək uzadılması barədə razılıq əldə olunub. Müşahidə missiyasına bu dövr üçün 44 milyon avrodan çox büdcə ayrılıb. Müqavilə layihəsində müşahidəçilərin tərkibinin və sayının dəyişməz qalacağı (165 xarici və 44 erməni üzv) nəzərdə tutulur.

“EUMA Avropa İttifaqının regionda sülh və sabitliyin dəstəklənməsi səylərinin mühüm tərkib hissəsidir. Missiyanın məqsədi yerdəki vəziyyəti müşahidə etmək və hesabat vermək, münaqişədən təsirlənmiş ərazilərdə insanların təhlükəsizliyinə töhfə vermək, mümkün olduqca Ermənistan və Azərbaycan arasında etimadın yaradılmasına dəstək verməkdir”, - deyə bildirilib.

Aİ Şurası həmçinin missiyanın vəzifələrinin dəyişməz olaraq qaldığını bildirib, EUMA-nın silahsız mülki missiya olduğunu və belə də qalacağını əlavə edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziyalara müsahibəsində Aİ-nin missiyasının müddətinin uzadılmasını şərh etmişdi: “Avropa İttifaqının qondarma müşahidə missiyasının müddətinin uzadılması etimadı möhkəmləndirmədi, əksinə, sarsıtdı. Axı bunun bizimlə razılaşdırılmasını tələb etdikdə, hansısa yüksək ambisiyalardan çıxış etmirdik, sadəcə, istəyirdik ki, bu missiyanın özünün yaradılması və onun sərhədimizə göndərilməsi bizimlə, 2022-ci ilin oktyabrında Praqada şəxsən mənimlə razılaşdırılsın. Əgər həmin vaxt biz bunun iki aylığına və 40 nəfərdən ibarət olacağı barədə razılığa gəldiksə, deməli, bu, belə də olmalı idi. Mən razılığa gəldikdə, hətta sözdə də olsa, həmişə bu razılaşmalara əməl edirəm. Amma belə bir vəziyyətdə Avropada hesab etdilər ki, onlar həmin razılaşmaları pozmaq hüququna malikdirlər. Sonra heç nə bildirmədən, bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər, onlar yarıhərbi geyim və çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər. Onların oradan necə sürətlə qaçacağını göstərmək istəmirəm, əgər kimsə təsadüfən Azərbaycan ərazisinə soxularsa, onda sadəcə görəcəklər ki, əllər necə qaşınır. Ona görə də biz onlara çatdırdıq ki, binokl şousuna son qoysunlar, artıq necə deyərlər, binoklsuz gəzişirlər. Hərçənd bu yaxınlarda Avropanın bir ölkəsinin prezidenti Azərbaycanı binoklla izləmək kimi ədəbsiz davranış sərgiləyib. Məgər o, bundan bir həftə əvvəl burada, Bakıda olarkən və mənimlə görüşməyi xahiş edərkən bunları görmürdü? Əgər baxmaq istəyirdisə, mən onu Qarabağa göndərərdim, dağları seyr edərdi. Başa düşürsünüzmü, bu, artıq nümayiş deməkdir. Bu, sadə məsələ deyil. Bu, münasibət deməkdir. Binoklla sanki düşmənə baxırsan. Əgər siz Azərbaycana belə münasibət bəsləyirsinizsə, onda biz necə münasibət göstərə bilərik? Mən hələ xarici işlər üzrə sabiq ali nümayəndənin destruktiv rolundan danışmıram. Başqa məsələlər də var. Çoxlu məyusluq oldu”.

Ümumiyyətlə, Azərbaycan uzun müddətdir sərhəddə təxribatçı fəaliyyətləri ilə diqqət çəkən missiyanın bölgədə yerləşdirilməsinə etiraz edir. Aİ qrupu ötən dövrdə müşahidə missiyasından çox casusluq və regional təhlükəsizliyi pozan addımları ilə yadda qalıb. Sərhəddən üçüncü qüvvənin yığışdırılması həm də sülh müqaviləsinin razılaşdırılmamış qalan iki bəndindən biridir.

Rumın diplomatın Dərələyəzə gedişi, şübhəsiz, bölgədə sülhə xidmət etməyən addımdır. Amma avropalıların ayağı şərti sərhəddən çəkilmək də bilmir. Bundan əvvəl Polşa Prezidenti Duda belə Dərələyəzə gəlmişdi.

Aydın Mirzəzadə: "COP29 qarşısına qoyulan məqsədlərə çatdı"

Aydın Mirzəzadə 

Milli Məclisin deputatı Aydın Mirzəzadə rumın səfirin bu addımını yolverilməz adlandırıb. Deputat “Yeni Müsavat”a açıqlamasında bunu diplomatiya qaydalarına zidd hal kimi dəyərləndirib: “Bir ölkənin səfirinin digər ölkə ilə sərhəddə gedərək binoklla müşahidə aparması ölkənin adına yaraşmayan hərəkətdir. Eyni zamanda bu çox böyük təəccüb doğurur. Azərbaycanla Rumıniya arasında az qala müttəfiqlik səviyyəsində münasibətlər yüksəkdir. Azərbaycan Rumıniyanın enerji ehtiyaclarını ödəyən ölkələrdən biridir. Bunu ancaq onunla izah etmək olar ki, Rumıniya bu addımı Avropa İttifaqının Ermənistana isti münasibətini görərək atır və Avropa İttifaqının rəhbərliyi qarşısında Rumıniyanın yaxşı mövqedə olmasına çalışır. Amma hər bir ölkə istənilən situasiyada öz müstəqilliyini, beynəlxalq hüquq normalarını qorumağı bacarmalıdır. Məgər Rumıniya həqiqətənmi Avropa İttifaqının xüsusi münasibətinə ehtiyac duyur? Ölkə inkişaf edir, problemlərini həll edir, müstəqil daxili və xarici siyasətini qurur. Düşünürəm ki, Rumıniya Xarici İşlər Nazirliyi, eyni zamanda Rumıniyanın Azərbaycandakı səfirliyi Kornel İoneskunun bu hərəkətinə açıqlama verməlidir. Ümumiyyətlə, Avropa Birliyi tarixində ona heç də başucalığı gətirməyən layihə həyata keçirir. İki ölkə sərhədində müşahidə missiyası qurur, böyük pullar xərcləyir və digər ölkənin ərazisini izləməyə çalışır. Bu, qəbuledilməzdir. Həmin pulları Azərbaycanda ən azı 10 kəndin bərpa olunmasına yönəltmək olardı, işğal dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən minalar basdırılmış min kvadrat kilometrlərlə ərazini təmizləmək olardı. Azərbaycanın Avropa İttifaqına ünvanlandığı çoxsaylı suallar var ki, hələ bunlara cavab ala bilmirik”.

Ötən il noyabrın 27-də Polşa Prezidenti Andjey Dudanın Azərbaycan-Ermənistan şərti sərhədində yerləşən Avropa İttifaqı (Aİ) missiyasının müşahidə məntəqəsində olmasını şərh edən A.Mirzəzadə qeyd edib ki, Polşa kimi nüfuzlu dövlətin rəhbərinin bu addımı anlaşılmazdır: “Ayrı-ayrı Avropa dövlətləri Avropa İttifaqı ilə münasibətlərini korlamamaq üçün xoşagəlməz addımlar atırlar. Səfirin vəzifəsi iki ölkə arasında münasibətləri möhkəmləndirmək, dostluq yaratmaqdır, üçüncü ölkəyə qarşı xoşagəlməz addım atmaq deyil. Hər bir halda rəsmi Bakı bundan xəbərdardır və çox güman ki, müəyyən diplomatik kanallar vasitəsilə məsələyə aydınlıq gətirilib. Qalan məsələlər Xarici İşlər Nazirliyinin səlahiyyətindədir”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

27.02.2025 10:47
1062