“Prezident İlham Əliyevin fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və həmin vaxtdan 6 DOST Mərkəzi, habelə Zəngilanın Ağalı kəndində ölkə üzrə ilk “Smart DOST” məntəqəsi açılıb”.
Musavat.com xəbər verir ki, bunu DOST Agentliyində “2018-2023: sosial islahatlar və əldə olunan nailiyyətlər” mövzusunda mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
O deyib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan, 154 növdə sosial xidmətin “bir pəncərə”dən, çevik, tam şəffaf şəkildə təqdim edildiyi DOST mərkəzlərində ötən dövrdə 1 milyon 561 min vətəndaşa xidmət göstərilib, bu xidmətlərdən vətəndaş məmnunluğu 98,5 faiz təşkil edib: “DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək dəyərləndirilərək 9 beynəlxalq mükafat və sertifikatla təltif olunub. DOST təcrübəsini öyrənməyə maraq göstərən ölkələrin sayı daim artır. Hazırda DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işləri diqqətə çatdırılıb”.
Afaq Mirayiq,
Musavat.com