Dörd Şərq ölkəsinin nazirləri bir layihə üçün İstanbula toplaşır

Türkiyə, İraq, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin nəqliyyat nazirləri sabah İstanbulda bir araya gələcək. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirlər Asiyadan İraq üzərindən Avropaya malların daşınmasını asanlaşdırmaq üçün nəzərdə tutulmuş çoxmilyardlıq regional nəqliyyat layihəsini müzakirə edəcəklər.

Təklif edilən 20 milyard dollarlıq magistral yol layihəsi İraqın cənubundakı Bəsrədəki Qrand Fau limanı vasitəsilə Körfəz ölkələrindən Avropaya yüklərin daşınmasını asanlaşdırmaq məqsədi daşıyır. Liman geniş dəmir yolu və avtomobil yolları şəbəkəsi vasitəsilə Türkiyəyə, oradan da Avropaya birləşdiriləcək.

Bildirilir ki, keçən il ortaya atılan təşəbbüs İraqı böyük nəqliyyat mərkəzinə çevirəcək, ölkənin iqtisadi dirçəlişini təşviq edəcək və qonşuları ilə əməkdaşlığı genişləndirəcək.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “HaberTürk”ə açıqlamasında “hansı mərhələdə olduğumuzu və buradan necə daha sürətli hərəkət edə biləcəyimizi danışacağıq” deyib: “Gündəlikdə layihənin maliyyələşdirilməsindən tutmuş tikinti və idarəetmə modelinə qədər bir çox məsələlər var”.

Görüş İraq və Türkiyənin İraqın şimalında kürd yaraqlılarının olması və İraq torpaqlarında yaraqlılara qarşı Türkiyənin hərbi əməliyyatları da daxil olmaqla, bir sıra məsələlərlə gərginləşən münasibətləri yaxşılaşdırmaq səyləri fonunda keçirilir.

Aprel ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1980-ci illərdən Türkiyəyə qarşı mübarizə Kaparan ürdüstan Fəhlə Partiyasına qarşı İraqla əməkdaşlıq etmək məqsədi ilə Bağdada on ildən artıq müddətdə ilk rəsmi səfərini edib. Ərdoğanın səfəri enerji, ticarət və su ehtiyatlarının bölüşdürülməsi sahələrində çoxsaylı müqavilələrin imzalanması ilə nəticələnib.

Musavat.com

29.08.2024 21:35
554