2024-cü ilin yanvar-aprel aylarında Rusiyadan 22 minə yaxın xarici vətəndaş çıxarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Verstka” nəşri Rusiya Daxili İşlər Nazirliyinin analitik hesabatına istinadən yayıb.
Dörd ayda xüsusi müəssisələrdə Rusiyadan deportasiyasını gözləyən 6,8 mindən çox əcnəbi saxlanılıb ki, bu da ötən illə müqayisədə iki dəfə çoxdur.
Rusiyaya daxil olmasına imtina cavabı verilənlərin sayı da artıb: 2023-cü ilin ilk üç ayında 55 min əcnəbi Rusiyaya buraxılmayıbsa, bu ilin birinci rübündə artıq belələrinin sayı 79 min nəfər olub. Verilmiş müvəqqəti yaşamaq üçün icazələrin sayı 40,9 faiz, yaşamaq üçün icazələrin sayı isə 20,1 faiz azalıb.
Rusiya təhlükəsizlik qüvvələri tərəfindən “qeyri-qanuni miqrasiyanın” təşkili ilə bağlı müəyyən edilmiş cinayətlərin sayı (Cinayət Məcəlləsinin 322.1-ci maddəsi) 2,5 dəfə artıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə vətəndaşlığa qəbul edilənlərin sayı 49 faiz azalıb. Rusiya Daxili İşlər Nazirliyi bəyan edib ki, bu, bu sahəyə nəzarətin gücləndirilməsi və Ukraynanın işğal olunmuş ərazilərinin sakinlərinin Rusiya vətəndaşı kimi tanınması ilə bağlıdır. Hesabat dövründə 669 nəfər Rusiya vətəndaşlığından məhrum edilib.
Musavat.com