Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edib. Dövlət başçısı mərasimdəki çıxışında Azərbaycanın Serbiya və Bolqarıstanla münasibətlərinin strateji əməkdaşlıq və dostluq prinsipləri əsasında inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın həm Serbiya, həm Bolqarıstanla əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Təsadüfi deyil ki, həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə dəstək veriblər.
İ.Əliyev Azərbaycanın öz öhdəliklərinə həmişə sadiq olduğunu qeyd edib: “Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Bizim Bolqarıstana qaz təchizatımız iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır.
Bizim çox genişmiqyaslı başqa planlarımız var. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər".
Qeyd edək ki, Serbiya ilə Bolqarıstanın qaz şəbəkəsini birləşdirən interkonnektorun illik ötürücülük gücü 1,8 milyard kubmetrdir. Bu, Serbiyanın illik qaz tələbatının 60 faizi deməkdir. Serbiya ilə Azərbaycan arasında imzalanmış sazişə əsasən 2024-cü ildən etibarən Azərbaycan Serbiyaya ildə 400 milyon kubmetr qaz çatdıracaq. İnterkonnektor Bolqarıstan vasitəsilə Serbiyanın Yunanıstan ərazisindəki maye qaz terminallarına çıxışını da təmin edir ki, bu da ölkənin Rusiyadan olan qaz asılılığını ciddi şəkildə azaltmasına imkan verəcək.
Şərqi Avropanın qaz şəbəkəsinin Bolqarıstan üzərindən Yunanıstan və Türkiyə qaz şəbəkələri ilə əlaqələndirilməsi ideyası Azərbaycan qazını Bolqarıstana çatdıran İGB adlı interkonnektorun tikintisi zamanı yaranıb. İGB 2022-ci il oktyabrın 1-də Bolqarıstanda Prezident İlham Əliyev və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin də daxil olduğu yüksək səviyyəli şəxslərin iştirak etdiyi tarixi mərasimdə fəaliyyətə başlayıb. İnterkonnektor ildə 3 milyard kub metr daşımaq qabiliyyətinə malikdir. Bu miqdarın yarısının 25 ilə qədər uzunmüddətli müqavilələr əsasında daşınması planlaşdırılır. Yunanıstanın Komotini və Bolqarıstanın Stara-Zaqora şəhərlərini birləşdirən 93 mil uzunluğundakı boru kəməri Komotinidə 2024-cü ilə qədər tamamlanacaq kompressor stansiyasının tikintisindən və Aleksandropolis yaxınlığında yeni mayeləşdirilmiş təbii qaz terminalının (TQT) istifadəyə verilməsindən sonra həcmi ildə 5 milyard kubmetrə qədər artırmaq potensialına malikdir. Hazırda Azərbaycan qazı Bolqarıstanın ümumi tələbatının 27 faizini ödəyir. IGB-nin isə illik ötürücülük gücü artıq 2025-ci ildə indiki 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər artırıla bilər. Belə ki, Bolqarıstan mətbuatının yazdığına görə, qaz kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsinə bu ilin yayından başlanılıb. Prosesin yekunlaşdırılması istiqamətində növbəti addımlar ICGB tərəfindən qonşu ötürücü sistem operatorları ilə razılaşdırılaraq həyata keçirilir.
Xatırladaq ki, Bolqarıstanın “Bulgargaz” şirkəti “Şahdəniz-2" layihəsi çərçivəsində ”Şahdəniz" konsorsiumu ilə ildə 1 milyard kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb.
2020-ci ilin 31 dekabrından Azərbaycan qazı Avropadakı istehlakçılara çatdırılır. Öncə Yunanıstan, İtaliya, sonra isə Bolqarıstan, Rumıniya Azərbaycandan qaz aldı. Bu ilin sonunadək Macarıstan, 2024-cü ildən isə Serbiya da Azərbaycan qazının alıcısı olacaq. İyun ayında SOCAR-la Macarıstanın ən böyük təbii qaz topdansatış şirkəti olan “MVM CEEnergy Zrt.” arasında 100 milyon kubmetr həcmində təbii qazın satışına dair müqavilə imzalanıb.
Azərbaycan Avropa İttifaqı ilə imzaladığı sazişə əməl etmək üçün qaz hasilatını ildən-ilə artırır. Hesablama Palatasının Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə rəyindən aydın olur ki, gələn il “Şahdəniz” qaz-kondensat yatağından 26,1 milyard kubmetr qaz hasil olunacağı gözlənilir, bu da cari ilin proqnoz göstəricisi ilə müqayisədə 3,16 faiz çoxdur. Sənədə əsasən, bu il “Şahdəniz”də 25,3 milyard kubmetr qaz hasil olunacaq. Ötən il bu göstərici 24 milyard kubmetr təşkil edib.
2023-cü ilin yayından hasilatın başlandığı “Abşeron” qaz-kondesat yatağından qaz hasilatının 2024-cü ildə 1,5 milyard kubmetrə yaxın olacağı gözlənilir.
2024-cü il üçün Fondun büdcəsinin baza göstəricisi olan 1 barel neftin orta illik ixrac qiyməti növbəti il üçün 60,0 ABŞ dolları, qazın Avropa Hub qiyməti 1000 kub metr üçün 511,0 ABŞ dolları (BP tərəfindən təqdim edilən məlumata əsasən) həcmində götürülüb.
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 40,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 10,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 21,8 milyard kubmetri “Şahdəniz”dən, 0,5 milyard kubmetri “Abşeron”dan, 7,1 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 4,2 faiz, yəni 1,6 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 19,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çoxdur. Cari ilin yanvar-oktyabr aylarında Avropaya 9,8 milyard kubmetr, Türkiyəyə 8,1 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 4,7 milyard kubmetr qaz nəql olunub.
Qeyd edək ki, son aylarda bir sıra xarici nəşrlərdə Azərbaycanla bağlı qeyri-real iddialar yer alır. Bəzi mənbələr Azərbaycanın qaz ehtiyatlarının, hasilat potensialının Avropaya vəd olunan qaz həcmlərini çatdırmaq üçün yetərli olmadığını, buna görə Rusiyadan qazı alaraq Avropaya satmağa çalışdığını iddia edirlər.
İlham Şaban
Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, indiyədək Azərbaycanın neft-qaz sahəsində öhdəsindən gələ bilməyəcəyi vədləri üzərinə götürməsi halı olmayıb: “Bu il Azərbaycan iki ölkədən qaz alır: Rusiya və Türkmənistandan. Türkmənistandan qazı İran üzərindən və öz daxili ehtiyaclarımız üçün alırıq, ildə təxminən 1 milyard kubmetr həcm alınır. Rusiyadan isə svopla 1,5 milyard kubmetr alırıq, bunun 500 milyon kubmetrini geri - Dağıstana qaytarırıq. Nəzərə alsaq ki, bu il bizim qaz ixracımız 24 milyard kubmetri keçəcək, onda 2 milyard kubmetrin kiçik bir rəqəm olduğunu deyə bilərik. Azərbaycanda resursların işlənməsi, hasilat sürətləndikcə, bu həcmlərə də ehtiyac qalmayacaq. Eyni vəziyyət elektrik enerjisi ilə bağlı da var: biz hazırda 3 milyard kVt saat enerji ixrac edirik, haradasa 200 milyon kVt/saat alırıq. Bu o demək deyil ki, bizim enerji istehsalımız tələbatımızı ödəməyə çatmır?”
Ekspert bildirir ki, Avropadakı alıcıları qazla təmin etmək üçün əsas baza “Abşeron” yatağının ikinci mərhələsidir: “Bu mərhələdə yataqdan hasilat təxminən 6 milyard kubmetr və daha çox olacaq. Bundan əlavə, bizim digər resursumuz "Azəri-Çıraq-Günəşli" yatağının dərin qatlarıdır ki, oradan ildə 2 milyard kubmetr civarında hasilat gözlənilir. “Ümid” yatağından hasilat isə 3 milyard kubmetrə qədər artacaq. Ötən il bu yataqda 1,7 milyard kubmetr qaz əldə edilib, bu il isə 2 milyard kubmetrdən yuxarı hasilat olub. Energetika Nazirliyinin proqnozlarına əsaslansaq, illik qaz hasilatı 2022-ci ildəki 36 milyard kubmetrdən 2030-cu ildə 45 milyard kubmetrə qədər artacaq. Bu həcmə nail olmaq çox realdır, çünki yataqlar işlənir, zəruri sərmayələr qoyulur. Bu fonda xarici nəşrlərin Azərbaycan qazının yetərli olmaması barədə iddiaları sırf siyasi məqsəd daşıyır və reallığı əks etdirmir. Bizim yeganə problemimiz ondadır ki, mövcud istehsal potensialımızı dünyaya təqdim etmək, uğurlu təbliğat qurmağı bacarmırıq".
Dünya SAKİT,
“Yeni Müsavat”