Bakı Apellyasiya Məhkəməsində müğənni Elçin Kişiyevə qarşı (Elçin Zəka) quldurluqda suçlu bilinib məhkum edilmiş Hökumə Əşrəfzadə, onun bacısı Rəhimə Əşrəfzadə, Heydər Əkbərov və Zeynal Yusifov barələrindəki hökmdən apellyasiya şikayətinə baxılıb.
Musavat.com xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
İttihama görə, 2023-cü il iyunun 6-da Hökumə Əşrəfzadə, bacısı Rəhimə Əşrəfzadə, tanışları Heydər Əkbərov, Zeynal Yusifov qabaqcadan əlbir olaraq Elçin Kişiyevə qarşı quldurluq etmək barədə razılaşıblar. Belə ki, Rəhimə Əşrəfzadə Elçin Kişiyevlə əlaqə saxlayıb gecə saat 23-dən sonra onun evində görüşmək üçün razılaşıblar. O, Zeynal Yusifovun idarə etdiyi avtomobil ilə həmin ünvana gəlib, aşkar olunmamaq üçün girişdən aralıda dayanıblar. Rəhimə Əşrəfzadə avtomobildən düşüb onu evdə gözləyən Elçin Kişiyevin yanına gedərək, orada bir müddət olub, ayaqyoluna getmək bəhanəsi ilə həyətə çıxaraq küçədə gözləyən qrupun digər üzvlərinə məlumat verib və evə qayıdandan bir neçə dəqiqə sonra Heydər Əkbərov, Zeynal Yusifov, onların ardınca Hökumə Əşrəfzadə evə daxil olublar. Zeynal Yusifov silah qismində istifadə etdiyi bıçağı tətbiq etməklə həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq ediləcəyi ilə hədələyərək Elçin Kişiyevə hücum edib, bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurub. Sonra Heydər Əkbərov və Zaur Zeynalov yıxıldığı yerdə yumruq və təpiklə Elçin Kişiyevi vurmaqda davam edərək Hökumə Əşrəfzadəni zorlamaqda ittiham edib və buna görə cəzalandırılacağını bildirib, onu kapron qaytanla qollarını arxasında bağlayaraq divana oturtmuş, bədəninin müxtəlif nahiyələrinə vurduqları zərbələrin təsiri və bıçaqla zor tətbiq ediləcəyi hədəsi altında sonuncunu Hökumə Əşrəfzadə ilə cinsi əlaqədə olduğunu etiraf edərək danışmağa məcbur edib. Heydər Əkbərovun və Hökumə Əşrəfzadənin telefonları ilə danışıqların videoçəkilişini aparıb. Daha sonra Elçin Kişiyevdən evdə olan pulların və qiymətli əşyaların yerlərini soruşaraq, birgə hərəkətləri ilə ümumilikdə E. Kişiyevə 4 min 835 manat məbləğində ziyan vurmaqla quldurluq ediblər.
Heydər Əkbərov və Zaur Yusifov özlərini qismən, Rəhimə və Hökumə bacıları isə ittiham üzrə ümumiyyətlə, özlərini təqsirli bilmirlər. İlkin instansiyada təqsirləndirilən şəxs qismində ifadə verən Hökumə Əşrəfzadə zərərçəkmiş şəxs Elçin Kişiyevlə restoranda tanış olduğunu deyib:
“O, mənim atamın dayısı oğlu ilə dost olub. Mən ofisiant işləyirdim. Mənə dedi ki, sən bu işə layiq deyilsən və məni həmin restorandan çıxarıb başqa bir yerə işə düzəltdi. Mən onu əmi kimi bilmişəm. Günlərin bir günü özümü onun yatağında, çılpaq vəziyyətdə gördüm. Məni kriminal avtoritet Nadir Səlifovla (Lotu Quli) qorxudurdu. Mən başıma gələnləri bacım Rəhiməyə danışmışdım. Günlərin birində Elçin Zəka mənim bacımı gecə yarısı evinə çağırdı. Evdə heç nə yox idi. Təqsirləndirilən şəxs Heydərdən evə yeyəcək bir şeylər alıb bizə gəlməsini xahiş etdim. Başıma gələnləri ona da danışdım və dedim ki, bacımı da çağırıb. Artıq Heydər də Elçin Zəkanın evinə getdi. Daha sonra mən o evə getdim və gördüm ki, Elçin Zəkanı Heydər döyüb. Mən orada bıçaq görmədim”.
Dəstə üzvlərinə Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.3-cü (Quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) və 326.2-ci (vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələri ilə ittiham irəli sürülmüşdü.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hökumə Əşrəfzadə ilə Rəhimə Əşrəfzadənin hər biri 8 il 3 ay, Heydər Əkbərov 10 il, Zeynal Yusifov isə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Müttəhimlər barələrindəki hökmün dəyişdirilməsini istəyirdilər. Lakin Bakı Apellyasiya Məhkəməsi hökmün ədalətli olması qərarına gəlib və dəyişdirilmədən saxlayıb.
Elçin Zəka daha çox “Dolya vorovskaya” mahnısının ifaçısı kimi tanınır.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com